Türkiyə Qarabağ probleminin həllində iştirak etməlidir
Ötən ayın sonlarından başlayan erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatı uğurlu nəticələri ilə davam edir.
13 Oktyabr 2020 12:55 Siyasətİlham Əliyev: "Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir"
Ötən ayın sonlarından başlayan erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatı uğurlu nəticələri ilə davam edir. Hərbi əməliyyatların başladığı 15 gün ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əkshücum əməliyyatı ilə uzun illər işğal altında olan bir sıra ərazilərimizin düşmən azad edilməsi Ermənistan cəbhəsində ciddi xaos, anarxiya yaradıb. Artıq erməni əsgərləri Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları qarşısında duruş gətirə bilməyərək silah-sursat, hərbi texnikaları döyüş meydanında qoyub qaçmağa üstünlük verirlər. İndiyə qədər gözləmədiyi halda acı məğlubiyyətlə üzləşən Ermənistan isə məğlub duruma düşməsinin səbəbini üçüncü tərəflərdə axtarır. Gah Türkuyə, gah İsrail faktorunu qabardır, gah da Azərbaycana Suriyadan muzdlu döyüşçülərin gələrək Ermənistana qarşı vuruşduğunu iddia edir. Demək olar ki, hər gün qardaş Türkiyə ilə bağlı dövriyyəyə bir absurd informasiya, xəbər ötürən işğalçı ölkə hazırda əsas çalışdığı məqam ondan ibarətdir ki, Ankaranın Bakıya yönəlik siyasi dəstəyini önləsin, Türkiyənin regiondakı rolunu əngəlləsin.
Ancaq mövcud reallıq ondan ibarətdir ki, Türkiyə Azərbaycana döyüş meydanı deyil, diplomatiya cəbhəsində əvəzsiz dəstək verir, Azərbaycanın haqq işi uğrunda apardığı savaşı dəstəkləyir. Necə ki, eyni dəstəyi biz Pakistan, Ukrayna, eləcə də digər dövlətlərdən də görürük ki, bu da təbiidir. Çünki Azərbaycan yalnız öz ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində savaşır, döyüşür. Bu haqq işində Azərbaycanın yanında yer alan, ona siyasi dəstək verən ölkələrin isə mövqeyini Azərbaycan təqdir edir, onları dəstəkləyir. Təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də Azərbaycanın rəsmiləri tərəfindən Türkiyənin ölkəmizə siyasi dəstəyi yüksək qiymətləndirilir, buna görə qardaş ölkəyə təşəkkürlər ifadə edilir. Hətta Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən bu məqam xüsusi vurğulanıb. Dövlət başçısı hərbi əməliyyatlar başlayandan bu günə qədər xarici televiziya kanallarına verdiyi müsahibədə də qardaş ölkənin Bakıya siyasi dəstəyini dəfələrlə açıq şəkildə ifadə edib və bu dəstəyi yüksək qiymətləndirib. Elə ötən gün Azərbaycan Prezidenti Türkiyənin nüfuzlu "Haber Global" televiziya kanalına müsahibəsində də bu məsələyə xüsusi diqqət çəkərək bildirib ki, qardaş Türkiyənin rolu əvəzolunmazdır. Ona görə də münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır.
Əslində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev fikirlərində kifayət qədər məntiqli və haqlıdır. Birincisi, ona görə ki, Ankara doğurdan da istər regional, istərsə də beynəlxalq apsektdə mühüm mövqeyə malik olan, bu və ya digər proseslərdə yaxından iştirak edən əsas aktorlardan biridir. Digər tərəfdən Türkiyənin həmin proseslərdə iştirakı münaqişə bölgələrinə bir qayda olaraq sabitlik, sülh gətirir. Çünki Türkiyə özü də Azərbaycan kimi sülhpərvər, barış tərəfdarıdır. Ankaranın həm sülh və sabitlik tərəfdarı olması, həm də beynəlxalq aləmdəki yeri və rolu zəruri edir ki, Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin əldə olunması, Dağlıq Qarabağ probleminin həll edilməsində aktiv iştirak etsin. Bu mənada Azərbaycan Prezidenti sözügedən müsahibəsində haqlı olaraq qeyd edir: "Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir".
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yuxarıda qeyd etdiyi fikirlər Azərbaycan dövləti ilə yanaşı, eyni zamanda Azərbaycan cəmiyyətinin, xalqının mövqeyidir və bu mövqeni də dövlət başçısı açıq şəkildə dünyaya bəyan edir. Və bunda da rəsmi Bakı kifayət qədər haqlıdır. Çünki ötən 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar və qurumlar, eyni zamanda dövlətlər münaqişənin həlli istiqamətində zərrə qədər irəliləyişə nail olmayıblar. Əksinə bu münaqişənin uzanması və zaman-zaman Qarabağ cəbhəsində hərbi əməliyyatların alovlanmasına rəvac veriblər. Bütün bunlarla yanaşı münaqişənin həlli ilə məşğul olan ölkələr tərəfsizlik, ədalət əvəzinə bunun əksini nümayiş etdirib, açıqdan və ya dolayı yolla işğalçı Ermənistana havadarlıq ediblər. Ona görə də artıq münaqişənin həlli ilə məşğul olanların yenidən şəkillənməsi, bu prosesin həllində doğurdan da marağı olan və regiona sabitliyin gəlməsini istəyən dövlətlər nizamlanma prosesinə cəlb olunmalıdır. Bu sırada isə ilk növbədə təbii Türkiyə yer almalıdır.
Füzuli
Olaylar.az