Türkiyə Azərbaycanla qardaş və strateji müttəfiq ölkədir
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Rusiyanın “Rossiya l” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Dövlət başçısı konkret faktlar və məntiqi izahatlarla Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında bilgiləndirdi, eləcə də bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi
1 Oktyabr 2020 13:19 Siyasətİlham Əliyev: "Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır"
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Rusiyanın "Rossiya l" telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Dövlət başçısı konkret faktlar və məntiqi izahatlarla Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında bilgiləndirdi, eləcə də bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi. Xüsusən, ermənilərin münaqişədə Türkiyənin rolu barədə yaydıqları şayələri ifşa etdi, həqiqəti olduğu kimi ictimaiyətə çatdırdı. Konkret olaraq bəyan etdi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ dəstəkləyir, Azərbaycana mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Qeyd etdi ki, guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır: "Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyalar dövründə nəyisə gizlətmək çox çətindir. Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur. Erməni tərəfi yalan xəbərlər yaratmaqla öz ərazi bütövlüyünün bərpası vəzifəsini şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin münaqişənin genişləndiyi, ona üçüncü ölkələrin qoşulduğu rəyini formalaşdırmaq və öz təxribatına haqq qazandırmaq məqsədi güdür". Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, Türkiyə Azərbaycanla qardaş, strateji müttəfiq ölkə olmaqla yanaşı, regionda müxtəlif iqtisadi layihələrin bilavasitə iştirakçısıdır. Türkiyə və Azərbaycan regionda əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan ölkələrdir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir: "Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq Azərbaycanın neft strategiyasının həyata keçirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir". Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərib: "Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir. Bu baxımdan, təbii ki, Türkiyənin regionda fəallığı beynəlxalq münasibətlər baxımından başadüşülən olmalıdır. Ermənistan yaxud digər dövlətlərin bu məsələdə tərəddüd etmlərinə lüzum yoxdur. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında verdiyi müsahibədə bildirmişdir: "Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Türkiyə bizə mənəvi dəstək göstərir. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur."
Alim
Olaylar.az