Ermənistanın təxribatçı əməllərinin hədəfi mülki Azərbaycan əhalisidir
İşğalçı dövlətə qarşı ciddi sanksiyalar tətbiq edilməlidir
1 Oktyabr 2020 13:08 Siyasətİşğalçı dövlətə qarşı ciddi sanksiyalar tətbiq edilməlidir
Ermənistan silahlı qüvvələri müharibə qanunlarını pozaraq vandalizm aktı törətməkdə davam edir. Bütün beynəlxalq konvesiyaları ayaq altına atan erməni quldurları dinc əhalini, eləcə də yaşayış məntəqələrini hədəfə almaqdan belə çəkinmir. Hələ Aprel döyüşlərində ciddi məğlubiyyətə məruz qalan işğalçı ordu azğınlaşaraq qisas yanğısı ilə yaşayır. İnsana, insanlığa nifrət hissini gizlədə bilməyən ermənilər qocaları, uşaqları gülləboran edirlər. Münaqişə tərəfləri arasında atəşkəs elan edilməsinə baxmayaraq erməni silahlı birləşmələri Azərbaycanın cəbhəyanı rayonlarının dinc sakinlərini atəşə tuturlar. Bu atəşlər nəticəsində Ağdam və Tərtər rayonlarının mülki əhalisi arasında xeyli sayda ölən və yaralananlar var. Bunun əksinə olaraq Azərbaycan Ordusu bütün müharibə qanunları və beynəlxalq konvesiyalara əməml edərək dinc erməni əhalisinə atəş açmır. Prezident İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı qeyd edib ki, biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq: "Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. Onlar yeni təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşə tutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhali arasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim 10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilən məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülk şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı "Vətən sağ olsun" deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun".
Hüquqşünas Alim Hüseynli qeyd edib ki, 30 ilə yaxındır ki, Ermənistan heç bir beynəlxalq sənədə məhəl qoymadan mülki vətəndaşları atəşə məruz qoyur. Hətta atəşkəs dövründə belə ermənilər bu əməllərindən əl çəkməyiblər: "Ermənistan hümanitar hüququ pozaraq son günlər dinc sakinlərə qarşı cinayət əməlləri törədib. Buna görə də Ermənistan Respublikasl və onun rəhbərliyi buna görə bilavasitə məsuliyyət daşıyır. Məsələ ilə bağlım rəsmi Yerevanın bəyanatları ziddiyyətli, məntiqsiz və biri digərini inkar edən xarakterdədir. Ermənistan danışıqlardan imtina etdiyini, xarici işlər naziri isə guya ölkəsinin münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirir. Bu iki fikir bir-birinə tamamilə ziddir. Bunların arasında məntiq tapmaq da çox çətindir. Belə bir təəssürat yaranır ki, Ermənistanın hakim dairələrində ziddiyyətli mövqelər var. Bu bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və hər bir vəchlə işğal və təcavüzü davam etdirməkdir. Qoşunların təmas xəttində Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər də əslində Ermənistanın əsl simasını göstərir. Bu təxribatçı əməllərin hədəfi məhz mülki Azərbaycan əhalisidir. Göründüyü kimi Azərbaycanın dinc əhalisi Ermənistanın təcavüzündən əziyyət çəkir. Erməni tərəfi mütəmadi olaraq ictimai iaşə obyektlərini və məktəbləri də atəşə tutur. Bu isə o deməkdir ki, Ermənistan beynəlxalq konvesiyaları ayaq altına atır".
Hüquqşünas qeyd edib ki, bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlər, o cümlədən Cenevrə konvensiyaları (1949) kobud şəkildə pozulub və bu tendensiya hazırda da davam edir. Beynəlxalq sənədlər silahlı münaqişələrdə vətəndaşların hüquqlarının qorunmasında vacib mexanizmdir. Beynəlxalq humanitar hüquq əsasən üç sənəddə ifadə edilir: 1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında Haaqa konvensiyası, 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol və insan hüquqlarına hörmət prinsipinin əks olunduğu beynəlxalq hüquq sənədləri. İnsan hüquqlarına hörmət prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində ümumi formada təsbit olunmuş, sonralar bir sıra mühüm beynəlxalq sənədlərdə, o cümlədən 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqları Haqqında Ümumi Bəyannamədə dəqiqləşdirilmişdir. Yuxarıda adı çəkilən beynəlxalq sənədlərlə yanaşı, insan hüquqlarına hörmətlə birbaşa bağlı olan bir çox konvensiyalar - 1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında IV Haaqa konvensiyası, 1949-cu il 12 avqust tarixli Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair dördüncü Cenevrə konvensiyası və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol, 1954-cü il Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası, 1999-cu il ona əlavə protokol, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il 10 dekabr tarixli konvensiya, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında 1980-ci il konvensiyası, 1974-cü il Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə, 1989-cu il Uşaq hüquqları haqqında konvensiya, 2000-ci il Silahlı münaqişələr dövründə uşaqların müdafiəsindən bəhs edən uşaq hüquqları haqqında konvensiyaya əlavə protokol və digər beynəlxalq hüquq sənədləri vardır. Ermənistan adları çəkilən bu konvensiyaların əksəriyyətinin iştirakçısı olsa da, daim onların şərtlərini pozmuş və pozmaqdadır. Beynəlxalq hüquqa görə, soyqırımı cinayəti insanlıq əleyhinə yönələn ən ağır cinayət hesab edilir. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edərkən dəfələrlə azərbaycanlılara qarşı soyqırımlar törətmişlər. 1948-ci il 9 dekabr tarixli Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında konvensiyada soyqırımı cinayəti təsbit edilir. Ermənistan həmin konvensiyada təsbit edilən soyqırımı cinayətini təşkil edən bütün əməlləri azərbaycanlılara qarşı tətbiq ediblər.
Onun sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir.
Zəka
Olaylar.az