Azərbaycan cəmiyyəti siyasi dünyagörüşü və tutduğu mövqedən asılı olmayaraq dövlətlə bir sıradadır
Məhz bu birlik və bərabərlik, həmrəylik Azərbaycanı düşmənlə mübarizədə qalib edir
1 Oktyabr 2020 12:59 SiyasətMəhz bu birlik və bərabərlik, həmrəylik Azərbaycanı düşmənlə mübarizədə qalib edir
Artıq bir həftəyə yaxındır ki, Azərbaycan dövləti, cəmiyyəti, bütövlükdə Azərbaycan xalqı ayaqdadır. Vətən uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə.
Sentyabrın 27-dən cəbhədə başlayan növbəti erməni təxribatına qarşı verilən adekvat cavab və həyata keçirilən əks hücum qısa müddətdə işğal altında olan bir sıra yaşayış məntəqələrimizin azad edilməsi ilə nəticələnib. Hazırda da Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları davam edir və düşmən Silahlı Qüvvələrimiz tərəfindən sarsıdıcı zərbələr alır. Hərbi əməliyyatların ilk günündən bu mübarizə haqlı olaraq Vətən uğrunda müharibə kimi qiymətləndirildi. Çünki igid Azərbaycan əsgəri Ali Baş Komandanının rəhbərliyi altında işğal altında olan torpağını, Vətənini müdafiə etməyə, onu işöaldan təmizləməyə başlamışdı.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatı, torpaqlarımızı işğaldan azad etmək uğrunda başladığı mübarizə birmənalı olaraq cəmiyyət, onun ayrı-ayrı fərdləri, qrupları tərəfindən təqdir edildi, dəstəkləndi. Bu sırada ölkədə fəaliyyət göstərən siyasi partiyaların davranışı, ortaya qoyduğu mövqe xüsusi qeyd edilməlidir. Xəbərlərdən də aydın olduğu kimi hərbi əməliyyatların ilk günündən ölkədə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiya Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara dəstək nümayiş etdirdi, ordumuzun, Ali Baş Komandanın yanında olduğunu ifadə etdi. Əslində başqa cür mövqe də gözləmək yersiz idi. Çünki yaxın tariximizdə baş verən bu kimi oxşar hadisələr zamanı da ölkədə fəaliyyət göstərən siyasi partiyalar birmənalı olaraq ümummilli maraqlardan, mövqedən çıxış edərək dövlətin, xalqın yanında olduğunu bəyan edib. Düzdür, zaman-zaman bəzi siyasi dairələr, müzalif partiyalar hətta Qarabağ məsələsi kimi ümummilli məsələdə özlərini birlik və həmrəylikdən kənar tutaraq bununla düşmən dəyirmanına su tökmüş olublar. Ancaq müsbət tərəfi ondan ibarətdir ki, bu kimi siyasi dairələr və onların elektoratı kifayət qədər azdır və məhdud çərçivədədir. Ancaq bütün halda ümummilli məsələdə hansısa siyasi qüvvənin özünü dövlətdən, xalqdan, Ordudan kənarda tutması qəbuledilən, bağışlanan deyil.
Qeyd etdiyimiz kimi Azərbaycan cəmiyyətində siyasi mövqeyindən, proseslərə yanaşmasından asılı olmayaraq hər kəs Azərbaycan Ordusunun Vətən uğrunda başladığı mübarizəyə dəstək verir, onu alqışlayır. Bu müqəddəs mübarizədə dövlətlə, xalqla, Ali Baş Komandan və onun müzəffər Ordusu ilə bir sırada olduğunu bəyanlayır. Bunu şərtləndirən əsas amillərdən biri hər bir cəmiyyət üzvündə, siyasi partiya liderində dövlətə, dövlətçiliyə, milli maraqlara bağlılıqdırsa, digəri son bir neçə ildə Azərbaycanda hər iki tərəfin, həm iqtidarın, həm də müxalifətin, ümumilikdə isə xalqın maraqlarına xidmət edən siyasi açılımların həyata keçirilməsidir. Uzun illər düşmənçilik zəminində qurulan davam edən iqtidar-müxaliət dialoqunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, dövlət qeydiyyatında bürokratik əngəllər yaradılan partiyaların qeydiyyata alınması, dövlətimiz, xalqımız üçün əlamətdar olan günlərdə dövlət başçısı, Cənab İlham Əliyev tərəfindən siyasi partiya liderlərinə təbrik mesajlarının ünvanlanması məhz siyasi dairələrlə dövlətin, hakimiyyətin yaxınlaşmasına xidmət edən digər mühüm amillərdəndir ki, məhz bu da hazırkı situasiyada özünü göstərir və ölkənin siyasi dairələri daha qətiyyətlə, daha əzmlə dövlətin, dövlət başçısının və xalqın yanında yer alırlar. Əslində 50-yə yaxın siyasi partiyanın birgə imzaladığı sənəd həm də dünyaya, beynəlxalq aləmə, müəyyən siyasi dairələrin əli ilə Azərbaycanda öz maraqlarını təmin etməyə çalışan xaricdəki antiAzərbaycan qüvvələrə bir mesajdır ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti siyasi dünyagörüşü və tutduğu mövqedən asılı olmayaraq ümummilli məsələlərdə dövlətlə, dövlət başçısı ilə bir sıradadır. Məhz bu birlik və bərabərlik, həmrəylikdir ki, Azərbaycanı düşmənlə mübarizədə qalib edir, ona uğur qazandırır.
Məhəmməd
Olaylar.az