Dünya birliyi Azərbaycanın haqq səsinə səs verir
Məlum olduğu kimi Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saatlarından başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb.
1 Oktyabr 2020 12:49 SiyasətƏrazilərimizin qısa müddətdə azad olunmasını arzulayırlar
Məlum olduğu kimi Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saatlarından başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur olub. Hazırda Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində döyüşləri davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etməyə hüquqi və mənəvi haqqı var. Elə dünya ictimaiyyəti də, o cümlədən beynəlxalq təşkilatlar, hərbi-siyasi ekepertlər, diplomatlar və ayrı-ayrı dövlətlər Azərbaycanın bu haqq mübarizəsəinə dəstək nümayiş etdirirlər. Belə ki, Amerikalı jurnalist və analitik İrina Tsukerman qeyd edib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi: "Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilmişdir". Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini nümayiş etdirib: "1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan Yerevan rejiminin oğurladığını geri qaytarır." BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab: "Şübhəsiz Qarabağ Azərbaycandır....Pakistanlı Gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycana birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər." Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb: "Soyqırım, işğal və təcavüz."
Bir sıra xarici ölkələrin dövlət xadimləri də münaqişə ilə bağlı mövqelərini sərgiləyiblər. Azərbaycanın haqq səsinə səs verən Albaniyanın ilk Prezidenti də ölkəmizi dəstəkləyib. Belə ki, Albaniyanın ilk Prezidenti Sali Berişa Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzərində nəzarət yaratmaq səylərini dəstəklədiyini bildirib. Berişanın Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini dəstəkləyən ilk alban siyasətçi olduğu bildirilib. "Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, Ermənistanın bir neçə ildir işğal altında saxladığı zonalarda ərazi bütövlüyünün və suverenliyinin bərpasını tələb edir". İsrailli yazıçı və jurnalist Pyotr Lyukimson da Azərbaycana dəstək nümayiş etdirib. O, Ermənistan-Azərbaycan münaqişəsində yeni gərginliyi diqqətlə izlədiyini deyib: "Döyüş əməliyyatları sırf Ermənistanın işğal etdiyi əzəli Azərbaycan ərazilərində aparılır. Azərbaycanla Ermənistan arasında həm qədim, həm də yeni münaqişənin tarixçəsini bilməyən, heç vaxt regionda olmamış və xalqların heç birini tanımayan, baş verənlər haqqında yalnız KİV-lərin əksərən yalan və təhrif olunmuş xəbərləri əsasında məlumatlanan insanlar birmənalı olaraq Ermənistanın tərəfində dayanır. Onları döyüş əməliyyatlarının Ermənistanın işğal etdiyi əzəli Azərbaycan torpaqlarında, köklü əhalinin qovulduğu torpaqlarda aparılması qətiyyən narahat etmir".
Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi Şimali Kipr vətəndaşlarının Azərbaycana kömək etməyə hazır olduqlarını bəyan edib: "Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi olaraq Ermənistanın qardaş Azərbaycana qarşı etdiyi təcavüzü pisləyirik. Şimali Kipr Türk Respublikasının vətəndaşları istər nümayəndəliyimizə zəng edərək, istərsə də e-mail vasitəsilə məktub göndərərək azərbaycanlı qardaşlarımızın yanlarında və istənilən yardımı etməyə hazır olduqlarını ifadə edirlər. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin ən qısa müddətdə azad olunmasını arzulayırıq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik".
Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba da bəyan edib ki, ölkəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Nazir ərazi bütövlüyü prinsipinin Ukraynanın xarici siyasətində təməl prinsiplərdən biri olduğunu diqqətə çatdırıb: "Azərbaycan daha əvvəl bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik". Ukraynalı nazirin fikrincə, Dağlıq Qarabağdakı döyüşlərdən də əyani göründüyü kimi, dondurulmuş münaqişələr əslində yoxdur, belə görünən münaqişələr hər an "qızışa" bilər: "Bu cür münaqişələrin Avropada sabitsizlik mənbəyidir. Beynəlxalq ictimaiyyət də məsələnin həllinə müvafiq şəkildə münasibət bildirməlidir. Belə münaqişələri unutmaq əvəzinə, həlli üçün ardıcıl və əlaqəli şəkildə səylər göstərilməlidir".
Malayziya Xarici İşlər Nazirliyi (XİN) 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təxribatla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirilib. Bildirilib ki, Malayziya 27 sentyabr tarixində yenidən başlayan gərgin hərbi qarşıdurma nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda pisləşən təhlükəsizlik vəziyyətindən dərindən narahatlıq keçirir.Qeyd olunub ki, Malayziya münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri daxil olmaqla beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin tapılmasına yönəlmiş bütün səyləri dəstəkləyir.
Beynəlxalq həmkarlar ittifaqları təşkilatları da Azərbaycanın haqq işinin dəstəkləyib. Qardaş Türkiyənin həmkarlar ittifaqlarının rəhbərləri, o çümlədən "Hak-İş" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Arslan, "Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, "Memur-Sen" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ali Yalçın, "Türk-Metal" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Pevrul Kavlak, eləcə də Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Gezim Kalaya AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin ünvanına göndərdikləri məktublarda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasını, dinc əhalimizin məskunlaşdığı əraziləri atəşə tutmasını qınadıqlarını, Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlarını qətiyyətlə dəstəklədiklərini, xalqımızın haqq işi uğrunda mübarizəsinə həmrəy olduqlarını ifadə edirlər. Həmkarlar İttifaqları rəhbərləri əmin olduqlarını bildirirlər ki, Azərbaycan Ordusu işğal edilmiş ərazilərini tezliklə azad edəcək, xalqımız ədalətli müharibədə zəfər çalacaqdır.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı olduğunu ifadə edib. Qurum Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təxribatları qətiyyətlə pisləyib və bütün üzv dövlətlərin Ermənistanın növbəti təcavüz aktı barədə məlumatlanması üçün şərait yaradıb. Bununla yanaşı, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarovaya cavab məktubu göndərərək qurumun dəstəyini ifadə edib. Vurğulayıb ki, İƏTPİ müxtəlif konfranslarda qəbul etdiyi bütün qətnamələrində münaqişənin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə istinadən ədalətli həllini həmişə dəstəkləyib. Məktubda bildirilir ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüz və işğal siyasətini qətiyyətlə qınayır, işğalçılara qarşı Azərbaycan Respublikası ilə tam həmrəyliyini bəyan edir. Sadalanan faktlar, eləcə də dünya birliyinin Azərbaycanın haqq səsinnə səs verməsi bir daha deməyə əsas verir ki, Silahlı Qüvvələrimizin dövlətimizin suverenliyi və ərazi bütövlüyünü təmin etməyə mənəvi və hüququ haqqı var və bu mübarizənin qələbə ilə nəticələnəcəyi heç kimdə şübhə doğurmur.
Nurlan
Olaylar.az