İşğal altında olan bütün torpaqlarımız azad ediləcək- MÖVQE

Cəbhədə başlayan erməni təxribatından artıq 5 gün keçir. Sentyabrın 27-də, səhər saatlarında növbəti təxribata əl atan düşmən əks hücum nəticəsində xeyli itki verməkdədir. Artıq Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəklikləri də düşmən işğalından azad edib.

Cəbhədə başlayan erməni təxribatından artıq 5 gün keçir. Sentyabrın 27-də, səhər saatlarında növbəti təxribata əl atan düşmən əks hücum nəticəsində xeyli itki verməkdədir. Artıq Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəklikləri də düşmən işğalından azad edib.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatı və əldə edilən uğurlar xalq arasında böyük ruh yüksəkliyinə səbəb olub. Cəmiyyətin hər bir üzvü Ali Baş Komandanın əmri əsasında döyüşə, torpaqlarını müdafiə etməyə hazır olduğunu ifadə edir. Və xalqın mütləq əksəriyyəti qələbənin uzaqda olmadığı qənaətindədir.

Milli Məclisin deputatı Cavid Osmanov deyir ki, Azərbaycanın tarixi  torpaqlarında yaradılmış Ermənistan yüz ildən artıqdır hər vəchlə öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirmək üçün cəhdlər edir. Onun sözlərinə görə, tarixi Azərbaycan əraziləri olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı da bu çirkin və beynəlxalq hüquqa zidd niyyətlərdən irəli gəlir. Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir: "Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq. Ermənistanın mənfur işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilib. Otuz ilə yaxındır davam edən bu vəziyyətdə Ermənistan nə beynəlxalq hüququ, nə də BMT-nin qətnamələrinin tələblərini saya salır, öz əhalisinin belə acınacaqlı durumda yaşamasını nəzərə almır. ölgədə sabitliyə ciddi təhlükə olan bu ölkə Azərbaycanın illərdir davam edən xəbərdarlıqlarından nəticə çıxarmadığı, məsələnin danışıqlarla həllinə hər vəchlə mane olduğu, eləcə də hərbi təxribatlarını davam etdirdiyi üçün ordumuz işğalçıya cavab vermək hüququndan istifadə edir. Dünyanın bir sıra  ölkələri və beynəlxalq qurumlar da dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, ilk növbədə işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Hazırda ölkəmiz müharibə şəraitindədir. Ermənistan Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti dəfə qeyri-humanist mahiyyətini, insanlığa qarşı olduğunu sübut edir. Mülki obyektlərin və əhalinin vurulması Ermənistanın Azərbaycana qarşı dünya tarixində görünməmiş üsullardan istifadə etdiyini bir daha ortaya qoyur".

Deputat qeyd edib ki,  bu ilin iyul ayında Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində də qanlı toqquşmalar baş vermişdi: "Ermənistanın məkrli və çirkin təxribatının qarşısı ordumuzun qüdrəti və şücaəti, qəhrəman oğullarımızın qanı bahasına qətiyyətlə alınıb və bundan sonra da alınacaq. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə baxmayaraq ordumuz hər zaman öz qüdrətinə arxalanır və əks-hücum əməliyyatı ilə düşmən təxribatına layiqli cavab verir. Düşmən isə Azərbaycan Ordusunun gücü qarşısında acizdir. Azərbaycan Ordusu xalqımızın qürur, dövlətimizin güvənc mənbəyidir. Hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan Ordusu tezliklə döyüş meydanında qəti və son sözünü deyəcək. Ümidvaram, irəliyə doğru gedən zəfər yürüşümüzün qarşısında erməni faşistləri bu dəfə də duruş gətirə bilməyəcək. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Azərbaycan Ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə malikdir və torpaqlarımızı işğaldan azad etməyə hər cəhətdən hazırdır. 2016-cı ilin Aprel döyüşləri və bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir". Cavid Osmanov qeyd edib ki, dünya birliyi Ermənistanın illərdir davam edən işğalçılıq siyasətinə, Azərbaycana qarşı qəbulolunmaz hücum cəhdlərinə qarşı çıxmalıdır: "İşğalçı Ermənistana imkan verilməməlidir ki, beynəlxalq hüquq normaları ayaqlar altına atsın. Əks halda, məkrli erməni siyasəti Ermənistan üçün acı nəticələrə səbəb olacaq, regionun inkişafını və beynəlxalq əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Bundan sonra baş verə biləcək hadisələrə görə işğalçı Ermənistan rəhbərliyi məsuliyyət daşıdığını anlamalı, öz ölkəsini və xalqını daha böyük fəlakətlərdən xilas üçün çalışmalıdır. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Əminəm ki, erməni işğalçıları üzərində tezliklə qəti qələbə çalacağıq. Ölkə Prezidentinin xalq müraciətində dediyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. İnanıram ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız azad ediləcək, xalqımız tezliklə qələbəni qeyd edəcək, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq"

Deputat Eldar İbrahimov isə qeyd edib ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu işğal nəticəsində 1 milyondan çox həmvətənimiz öz doğma yurdlarından didərgin düşüblər: "30 ildir ki, bu işğal davam edir. Beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən münaqişənin həlli ilə bağlı sənədlər qəbul olunsa da, Ermənistan buna məhəl qoymur. Bunun bir səbəbi də ondan ibarətdir ki, sənədlərin qəbul olunmasına baxmayaraq, onların icrası istiqamətində Ermənistana heç bir təzyiq göstərilmir. Ona görə də, Ermənistan beynəxalq hüquq normalarına məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir, həmin ərazilərdə Azərbaycana məxsus hər şeyi məhv edir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə işğalçı dövlət təxribatlarını daha da artırdı, faktiki olaraq danışıqlar prosesini pozdu. Sentyabrın 27-də isə səhər saatlarında işğalçı Ermənistanın hərbi birləşmələri yenidən təxribat törədərək döyüş mövqelərimizi, yaşayış məntəqələrini və dinc insanları hədəfə alaraq ağır artilleriyadan atəşə tutublar. Bu hadisəı bir daha Ermənistanın təıcavüzkar niyyətindən əl çəkmədiyini, Azərbaycana qarşı işğal siyasətini davam etmək məqsədində olduğunu bir daha təsdiqləyir. Ermənistan hakimiyyətinin, baş nazir Paşinyanın, müdafiə nazirinin və digərlərinin bəyanatları bu faktı sübut edir. Ancaq Azərbaycan dövləti, Silahlı Qüvvələrimiz işğalçılara layiqli cavab tədbirlərinə başladı. Erməni hərbi birləşmələrinin  mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb, Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Hazırda ordumuzun uğurlu əks-həmlələri davam edir. bunun nəticəsində düşmən pərən-pərənə düşüb".

Deputat vurğulayıb ki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsində belə hadisələr baş verir: "Bir tərəfdən Ermənistanda daxili vəziyyətin böhranlı həddə çatması, digər tərəfdən Azərbaycanın son zamanlar əldə etdiyi beynəlxalq uğurlar mənfur qonşumuzu çox narahat edir. Ermənistan hərbi bölmələrinin növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Vəziyyətin bu həddə çatmasında bir başa Ermənistan günahkardır".

Deputat deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın yeni təxribat planları haqqında dünya ictimaiyyətini məlumatlandırdı: "Dövlətimizin başçısı,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında işğalçı Ermənistana layiqli cavab veriləcəyini bəyan etdi. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycanın işi haqq işidir. Təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Dövlətimizin başçısı İlham Əliyev sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında təmas xəttində baş verən son hadisələrlə bağlı sualları əsaslandırılmış şəkildə cavablandırdı və Ermənistanın işğalçılıq siyasətini, təxribatçı hərəkətlərini bir daha ifşa etdi. Hesab edirəm ki, hazırkı vəziyyətlə bağlı beynəlxalq birlik obyektiv münasibət bildirməli, ermənistanın təcavüzkar siyasətini pisləməlidir. Beynəlxalq təşkilatlar və dövlətlər təkçə atəşkəs çağırışı yox, Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmasını tələb etməlidirlər".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31