Partiya sədri beynəlxalq təşkilatları ədalətli mövqe nümayiş etdirməyə çağırıb
Azərbaycan Ordusu artıq neçə gündür ki, növbəti hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinə qarşı əks hücuma keçmişdir. Düşmənə sarsıdıcı zərbələr vurulur, torpaqlarımız azad olunur, bir-birinin ardınca yaşayış məntəqələrimizi, kəndlərimizi,obalarımızı geri qaytarırıq.
1 Oktyabr 2020 11:08 Siyasət"Azərbaycan Ordusu artıq neçə gündür ki, növbəti hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinə qarşı əks hücuma keçmişdir. Düşmənə sarsıdıcı zərbələr vurulur, torpaqlarımız azad olunur, bir-birinin ardınca yaşayış məntəqələrimizi, kəndlərimizi,obalarımızı geri qaytarırıq. Qarabağ münaqişəsinin ədalətli, hüquqa uyğun həll edilməsinə məsul olan beynəlxalq qurumlar otuz il ərzində bu istiqamətdə heç bir iş görmədikləri halda, indi qarşımıza keçməyə, bizi dayandırmağa çalışır, danışıqlara çağırırlar. Əslində, bu yenə də hər şeyi əvvəlki vəziyyətə qaytarmağa, işğaldakı ərazilərimizin ermənilər tərəfindən ilhaq olunmasına xidmət edir". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, sentyabrın 29-da Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən Prezident, Ali Baş Komandan İlham Əliyev birmənalı olaraq qeyd etdi ki, Azərbaycan bununla heç vaxt razılaşmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək: "Lakin, əfsuslar olsun ki, indiki ağır vəziyyətdə yenə də beynəlxalq təşkilatlar, dünya birliyi ədalətli mövqe nümayiş etdirmirlər.Yaxşı deyiblər ki, dost da, düşmən də dar gündə bilinir. Bu gün qanlı və qəddar düşmənlə üz-üzə qaldığımız bir dövrdə, hətta yaxın bildiyimiz bir çox dövlətlər susur, haqq işimizə açıq dəstək verməkdən sanki çəkinirlər. Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi türk dövlətlərinin birmənalı yanımızda olmaması, özünü İslam dövləti adlandıran İranın terrorçu Ermənistana hər cür yüklərin keçirilməsinə şərait yaratması xalqımızda acı hisslər yaradır. Lakin biz tək deyilik. Dünya siyasətində çox önəmli yeri və rolu olan Türkiyə, Pakistan bizimlədirlər. Dövlətimizin başçısı İlham Əliyev səfirlə görüşündə bu məsələyə xüsusi diqqət yetirdi: " Mən bir daha Pakistandakı qardaşlarımıza minnətdarlığımı bildirmək istərdim. Biz əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edirik. Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir- qardaş Türkiyə və qardaş Pakistan." Pakistan səfiri ölkəsinin mövqeyini Prezidentimizə çatdırarkən açıq şəkildə bəyan etdi: "Sizin mövqeyiniz ədalətli və qanunidir. Biz Qarabağ Azərbaycandır! deməkdən çox xoşbəxtik."