Prezident növbəti dəfə erməni yalanlarını ifşa etdi

Artıq dördüncü gündür ki, cəbhədə gərgin və ağır döyüşlər gedir. İşğalçı Ermənistanın növbəti dəfə həyata keçirdiyi təxribat və mülki obyektləri, yaşayış məntəqələrini atəşə tutmasına qarşılıq olaraq Azərbaycan Ordusunun verdiyi adekvat cavab və hücum əməliyyatı düşmən cəbhəsində xeyli sayda itkilərə səbəb olub. Hələlik açıqlanan ilkin məlumatlara görə, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsi və strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşmən işğalından azad edib.

Artıq dördüncü gündür ki, cəbhədə gərgin və ağır döyüşlər gedir. İşğalçı Ermənistanın növbəti dəfə həyata keçirdiyi təxribat və mülki obyektləri, yaşayış məntəqələrini atəşə tutmasına qarşılıq olaraq Azərbaycan Ordusunun verdiyi adekvat cavab və hücum əməliyyatı düşmən cəbhəsində xeyli sayda itkilərə səbəb olub. Hələlik açıqlanan ilkin məlumatlara görə, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsi və strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşmən işğalından azad edib.

Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlar dünya birliyi, beynəlxalq təşkilatların diqqətini avtomatik olaraq regiona yönəldib. Sentyabrın 27-dək rəsmi Bakıdan, xüsusilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən dünya birliyinə, beynəlxalq təşkilatlara Ermənistanın cəbhə xəttində ciddi şəkildə silahlanması və bunun qarşısının alınması məqsədilə beynəlxalq aləmin qəti tədbirlər görməsi barədə çağırışlara, müraciətlərə, eyni zamanda xəbərdarlıqlara məhəl qoymayan həmin dairələr indi dərhal hərəkətə keçərək hərbi əməliyyatların dayandırılması, tərəflərin sülh masası ətrafında oturması çağırışını edirlər.  Halbuki cəbhədə erməni təxribatı və buna cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlar başlamadan bir neçə saat əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının tribunasından İrəvanın yeni təxribata və hücuma hazırlaşdığını bildirmişdi.

Qeyd etdiyimiz kimi, artıq bir neçə gündür ki, davam edən hərbi əməliyyatlar dünyanın diqqətini yenidən ciddi şəkildə regiona yönəldib. Aparıcı xarici kütləvi informasiya vasitələri də öz növbəsində Qarabağ cəbhəsində davam edən hərbi əməliyyatlarla bağlı silsilə reportajlar yayınlayırlar. Artıq dünyanın aparıcı KİV-lərinin də diqqəti demək olar ki, regiona, Qarabağ cəbhəsinə yönəlib. Ötən gün  "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramı da məhz Azərbaycanla Ermənistan arasında baş verən hərbi qarşıdurmaya həsr olunub. Verilişin qonaqları isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan olub.

Veriliş böyunca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi fikirlər, səsləndirdiyi faktlar ilk növbədə bir neçə gündür davam edən hərbi əməliyyatların mahiyyəti, səbəbini bir daha dünyaya duyurmaq, beynəlxalq aləmi məlumatlandırmaq baxımından əhəmiyyətli idi.  Dövlət başçısı bir daha beynəlxalq ictimaiyyəti bəyan etmiş oldu ki, Qarabağ cəbhəsində hərbi əməliyyatların başlamasının məsuliyyətini məhz işğalçı Ermənistan daşıyır. Çünki İrəvan uzun müddət idi ki, buna hazırlaşırdı. Azərbaycan Prezidenti sözügedən verilişdə açıq və net olaraq bildirdi ki, bununla bağlı xəbərdarlıq mesajını BMT tribunasından da dilə gətirib: "Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır".

Azərbaycan dövlət başçısının dünyanın bir nömrəli siyasi təsisatından etdiyi xəbərdarlığın və prosesin belə davam edəcəyi təqdirdə işğalçının cəzalandırılacağı mesajının ciddiyə alınmamasıdır ki, bu gün Qarabağ cəbhəsində gərgin döyüşlər gedir. Artıq beynəlxalq aləm, dünya birliyi dərk edir ki, Azərbaycan başladığı mübarizədə qətiyyətlidir və proseslər belə davam etsə Ermənistan üçün çox ağır nəticələrə yol açacaq.

Hazırda işğalçı ölkə ciddi cəhdlə burada Türkiyə amilini qabartsa da, lakin reallıq ondan ibrətdir ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarda heç bir halda qardaş Türkiyənin hərbi dəstəyi rol oynamır. Sadəcə qardaş Türkiyə Azərbaycanla strateji müttəfiq olduğu üçün Bakıya mənəvi dəstək verir və bu da strateji müttəfiqlik münasibətlərində normal bir haldır. Təkcə Türkiyə deyil, eyni zamanda Azərbaycanda dostluq münasibətlərində olan digər ölkələr də Bakıya mənəvi dəstəyini ifadə edir və bu münasibətlər hər zaman ortaya qoyulub, sərgilənib. Digər tərəfdən Ermənistanın iddiasının əksi olaraq onu deyə bilərik ki, Azərbaycanb Ordusu bu gün kifayət qədər gücə, hərbi potensiala malik olduğu üçün işğal altında olan torpaqlarını da öz gücünə azad etmək iqtidarındadır və bunu Azərbaycan Prezidenti də məlum veriliş zamanı açıq ifadə etdi. Dövlət başçısının Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər həm də qardaş ölkənin mövqelərini müdafiə etmək, ona qarşı yönələn əsassız iddiaları puça çıxarmaq baxımından əhəmiyyətli idi. Bu mənada dövlət başçısı bildirdi ki,  Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır: "Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır".

Prezident İlham Əliyev sözügedən verilişdə həm də erməni yalanlarını növbəti dəfə ifşa etmiş oldu ki, bu da guya qardaş ölkənin F-16 qırıcı təyyarəsinin düşmən tərəfindən vurulması iddiası idi.  Azərbaycan Prezidentinin təkzib fikirləri düşmən ölkə rəhbərinin cəfəng fikirləri ilə eynilik təşkil etmir, əksinə real faktlara, araşdırmalara söykənirdi: "Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur".

Əslində veriliş boyunca aparıcının verdiyi suallarda bir növ erməni maraqlarına xidmət etmək tendensiyası da müşahidə edilirdi. Belə ki, aparıcının bir neçə dəfə Türkiyənin hərbi əməliyyatlarda iştirakı, yaxud qardaş ölkəyə məxsus F-16 qırıcı təyyarəsinin guya erməni tərəfindən vurulması ilə bağlı sualları mahiyyət etibarilə Ermənistanın maraqlarına xidmət etmək kimi görünürdü. Yaxud Azərbaycan dövlət başçısına verilən  Suriya muzdlularının Azərbaycan tərəfindən vuruşması iddiası ilə bağlı sualı da bu qəbildən hesab etmək olar. Əgər aparıcı doğurdan da neytrallığını qorusaydı, o zaman işğalçı ölkənin baş nazirinə də anoloji sual ünvanlayardı. Artıq foto və videolarla təsdiqini tapan PKK terrorçularının işğal altında olan Azərbaycan ərazilərində təlim keçməsi, onların Azərbaycana qarşı vuruşması faktına Nikol Paşinyanın aydınlıq gətirməsini istəyərdi. Və ya İrandan, elə Rusiyanın özündən Ermənistana silah-sursat daşınmasının səbəbini işğalçı ölkənin baş nazirindən soruşardı. Təbii ki, bunların heç biri olmadı. Bütün bunlara rəğmən Azərbaycan Prezidenti bir daha həm dörd gündür davam edən hərbi əməliyyatların baş vermə səbəbi, həm də onu doğuran amillər barədə dünya birliyini, beynəlxalq ictimaiyyəti bir daha məlumatlandırmış oldu. Sözügedən müsahibə ilə həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyaya bir daha bəyan etmiş oldu ki, Bakı torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Bunu həm işğalçı Ermənistan, həm də onun havadarları yaxşı bilsin.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31