“Minsk qrupu bu addımlara qarşı öz qətiyyətli mövqeyini bildirməlidir”
“Minsk qrupu bu addımlara qarşı öz qətiyyətli mövqeyini bildirməlidir”
10 Sentyabr 2019 15:44 Siyasət"Şübhəsiz ki, Dağlıq Qarabağda keçirilən qondarma seçkilərin hər hansı bir hüquqi əsası yoxdur. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu ərazilər Ermənistan tərəfindən işğal olunub. İşğal altında olan ərazilərdə hər hansı bir formada "seçkilər"in keçirilməsi beynəlxalq hüququn prinsiplərinə ziddir".
Bu fikirləri Azadinform-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
E. Mirzəbəyli vurğulayıb ki, Ermənistan artıq dəfələrlə beynəlxalq hüququn prinsiplərini pozub: "Hazırkı şəraitdə ATƏT-in Minsk qrupu ilk növbədə danışıqlar prosesinin gedişatına təsir göstərəcək və sülh prosesini bütövlükdə şübhə altına alacaq bu addımlara qarşı özünün qətiyyətli mövqeyini bildirməlidir. Məlum olduğu kimi, artıq dünya ölkələri bununla bağlı öz mövqelərini ifadə ediblər. O cümlədən Gürcüstan Xarici İşlər Nazirliyinin bu barədə bəyanatı var. Bütün hallarda separatizm meyllərinə qarşı reaksiyanın verilməməsi nəticədə bu stendin daha yeni formada yayılmasına səbəb ola bilər. Necə ki biz artıq Kataloniya və İraqda baş verən hadisələr kontekstində separatizmin stimullaşdırılmasının nə qədər ciddi fəsadlara yol açdığının şahidi oluruq. Bu baxımdan daha sərt reaksiyanın verilməsinə ehtiyac var".
Qeyd edək ki, 8 sentyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli özünüidarəetmə seçkiləri" keçirilib.