Əli Kərimlinin yaxın tariximizi təhrif edilmiş şəkildə yenidən yazmaq cəhdi - SİYASƏT

Əli Kərimlinin yaxın tariximizi təhrif edilmiş şəkildə yenidən yazmaq cəhdi

Elman Nəsirov: "Bir illik hakimiyyətləri dövründə yol verdikləri səhvləri araşdırmaq, bundan dərs almaq, nəticə çıxarmaq əvəzinə, həqiqətlə daban-dabana zidd olan yalan, iftira dolu məlumatlar yaymağa başlayıb"

Partiya sədri statusundan sosial şəbəkə istifadəçisi statusuna düşən Əli Kərimli ənənəsinə sadiq qalanraq yalan, böhtan, şər kampaniyasını davam etdirir. Əli hər şeydən üzülən Əli Kərimli indi də yaxın tariximizi saxtalaşdırmaqla məşğuldur. Onun bu günlərdə 90-cı illərin əvvələrinə nəzər salması və Azərbaycan ərazilərinin işğal edilməsini ümummilli lider Heydər Əliyevin hakimiyyəti ilə əlaqələndirməsi deyilənləri bir daha təsdiqləyir. Əli Kərimli tarixi təhrif edərək iddia edir ki, Dağlıq Qarabağ ərazisi Heydər Əliyevin prezidentliyi dövründə işğal edilib. Halbuki bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, bu gün torpaqlarımızın işğal altında olmasının əsas səbəbkarı məhz Əli Kərimlinin də təmsil olunduğu AXC-Müsavat hakimiyyətinin yarıtmaz siyasəti olub.

Əli Kərimlinin şər-böhtan kampaniyası elə bir səviyyəyə çatıb ki, artıq  bir vaxtlar onunla bir düşərgədə təmsil olunan siyasilər də AXCP sədrinin bu hərəkətlərini açıq şəkildə tənqid edir, bu cür siyasəti doğru hesab etmirlər. Elə bu günlərdə ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli də keçmiş müttəfiqlərini buna görə sərt təndiq edib. Natiq Cəfərlinin sözlərinə görə, bir qrup insan (sayları 100-ü keçmir, sadəcə, hər birinin də "Facebook"da 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar: "Bu kampaniya birbaşa Milli Şura rəhbərliyənə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Fərqli düşünən görəndə, sanki, havalanırlar, ağılları-bilikləri yoxdur deyə ancaq satqın söhbəti salırlar. Müsavat Partiyası 2013-cü ildə Milli Şuradan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar. Bu insanlar anlamırlar ki, indiki hakimiyyətə qarşı nə qədər çoxsəsli və müxtəlif müqavimət mərkəzləri olsa, bir o qədər onların özlərinə xeyirdir. Çünki hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis vəziyyətə düşəcək, məhv olacaqlar, hakimiyyət bütün gücünü tək onlara yönəldəcək. Bu o qədər aydın məntiqdir ki, anlamırlarsa, deməli, beyinləri yoxdur. 25 ildi xalqı dolayanların, aldadanların ritorikası ilə danışım? "Gəlirik, "Az qaldı", "Hakimiyyət çökür", "Hamısı qaçmağa hazırlaşır" beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm, siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə. Biz həmişə çamur atanlara və qara yaxanlara cavab olaraq belə yazılar yazırıq".

Əli Kərimlinin şər-böhtan kampaniyası, tarixi təhrif etmə cəhdləri hakimiyyət tərəfindən də sərt tənqid edilib və AXCP sədrinə tutarlı cavab verilib. Millət vəkili Elman Nəsirov "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, Əli Kərimlinin son davranışları və onun həqiqətləri təkzib edən ənənəvi mövqeyi getdikcə daha da kəskinləşməkdədir. Millət vəkilinin sözlərinə görə, bu da Əli Kərimlinin keçirdiyi psixoloji gərginliyin təsiri altında baş verir: "Çünki hakimiyyət iddiası və onu həyata keçirmək imkanları arasındakı məsafə həddən artıq böyükdür. Bu məsafənin getdikcə daha da genişlənməsi  Əli Kərimlini məyus edir, psixoloji sarsıntı keçirir. Psixoloji sarsıntı altında da bu cür utopik mövqelər ortaya qoyur. Eyni zamanda tarixi həqiqətləri saxtalaşdırmaq uğrunda növbəti adddımlar atır". Elman Nəsirov qeyd edib ki, bunu Azərbaycan torpaqlarının işğal edilməısi faktına Əli Kərimlinin münasxibətində də aydın görürük: "Əli Kərimli bir illik hakimiyyətləri dövründə yol verdikləri səhvləri araşdırmaq, bundan dərs almaq, nəticə çıxarmaq əvəzinə, yenə də lupa altında hadisələri bir daha saf-çürük etmək, həqiqətlə daban-dabana zidd olan yalan, iftira dolu məlumatlar yaymağa başlayıb. Xüsusilə, onun ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı fikirlərinin heç bir əsası yoxdur. Hər kəsə bəllidir ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər hazırda işğal altında olan ərazilərimizin böyük bir qismi ermənilər tərəfindən işğala məruz qalmışdı. Düzdür, Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya siyasi hakimiyyətə qayıtdı. Lakin prezident seçkiləri həmin ilin oktyabr ayında olmalı idi. Həmin seçkilərə qədər də ölkədə hakimiyyət uğrunda mübarizə gedirdi və Xalq Cəbhəsi-Müsavat cütlüyü xalqın onlara olan etimadsızlığını görsə də, lakin hakimiyyəti təhfil vermnək istəmirdi. Digər tərəfdən isə Sürət Hüseynovun rəhbərlik etdiyi qeyri-qanuni hərbi birləşmələr cəbhə bölgəsini tərk edərək Bakı istiqamətinə gəlmişdi. Yəni, ölkədə tamamilə xaos, anarxiya vəziyyəti hökm sürürdü".

Elman Nəsirov bildirib ki, belə bir vəziyyətdə ölkədə fərarilik halları hökm sürürdü və Heydər Əliyev bu mənfi tendensiyanı ən yüksək səviyyədə gündəmə gətirdi, fərari əsgərlərin valideynləri ilə görüşərək onları bağışlayacağını bildirdi: "Həmin dövrdə başıpozuq hakimiyyətin əlində olan hərbi hissələr, ayrı-ayrı insanlara tabe olan silahlı dəstələr heç bir vahid komandanlığa tabe deyildi. Eyni zamanda onlar hakimiyyətdən getdikdən sonra da pozuculuqla məşğul olur. ölkə daxilində gərginlik yaradır və ciddi cəhdlə revanşist mövqedə dayanmaq istəyirdilər.  Onların ən böyük istəyi ondan ibarət idi ki, cəbhədə məğlubiyyətlər olsun. Əli Kərimlinin də təmsil olunduğu AXC-Müsavat cütlüyünün ən ali niyyəti, hissi o idi ki, cəbhədə məğlubiyyətlər seriyası başlasın, torpaqlarımızın intensiv şəkildə işğalı reallaşsın. Bütün bunları da Heydər Əliyevin adına yazaraq ümummilli liderin hakimiyyətə gəlişinin qarşısını almağa çalışırdılar. Həmçinin  oktyabr ayında baş tutacaq prezident seçkilərində Heydər Əliyevin dövlət başçısı seçilməsinə mane olmaq istəyirdilər. Bütün bunlar yaxın tarixdir və gözümüzün önündə baş verib. Əli Kərimlinin tariximizi yenidən yazmaq niyyəti mənasız bir şeydir. Xalq hər şeyi görür, hər çeyi bilir. Xalqın gözü tərəzidir. Ona görə də hesab edirəm ki, Əli Kərimli yaxın tariximizi təhrif olunmuş şəkildə yenidən yazmağa cəhd göstərməkdənsə, həmin tarixdə yol verdikləri səhvləri araşdırıb nəticə çıxarsın".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31