Sosial rifah dövlət siyasətinin strateji xəttidir - RƏYLƏR

Sosial rifah dövlət siyasətinin strateji xəttidir

Ölkədə tətbiq edilən sosial tədbirlər paketi əhalinin bütün kateqoriyalarını əhatə edir

Azərbaycanda həyata keçirilən uğurlu sosial siayasət öz bəhrəsini verməkdədir. Xüsusən, cari ilin əvvəlindən başlayaraq tətbiq edilən sosial paket ölkə vətəndaşların rifah halının yüksəlməsində əhəmiyyətli rol oynayıb. Xatırladaq ki, sözügedən sosial paket Azərbaycanın bütün kateqoriyadan olan vətəndaşlarının güzəranına müsbət təsir edib. Bu isə onu deməyə əsas verir ki, ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsi Azərbayacan dövləti üçün prioritet hesab olunur. Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, 2019-cu ilin fevral ayında ölkə Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət etdi. Uğurlu sosial islahatlar proqramı əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verdi. Problemli kreditlərin həlli istiqamətində məlum sənəd imzalandı, maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırıldı. Bundan sonra ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanıldı. Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları isə bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verdi. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin artması, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafı, ticarət dövriyyəsinin artması yaxşı göstəricilərdən oldu: "Ölkə Başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha təsdiq etdi ki, dövlət Başçısı tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır. Artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Dövlət qayğısının yüksək nümunəsi kimi sosial təminatda daha bir addım - Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara uyğun olaraq, 1 sentyabr 2019-cu il tarixdən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılması, dövlət sektorunda çalışanların əməkhaqlarının 20-50 faiz artımı da öz növbəsində əhalinin rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərəcək. Sevindirici haldır ki, hər bir Azərbaycan vətəndaşı dövlət Başçısının daim xalqının yanında olmasını, iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir. Bu son deyil. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək. Bu gün tam əminliklə demək olar ki, sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir və dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə sentyabr ayının birindən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı. Bununla da Azərbaycanda minimum əməkhaqqının bir ildə iki dəfə artırılması nəticəsində ölkəmiz bu göstərici üzrə MDB-də 1-ci yerdə qərarlaşdı. Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir: "Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldir. İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket çərçivəsində sentyabrın 1-dən əməkhaqlarının artması 1 milyon 350 min insanı əhatə edir. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31