AntiAzərbaycan qüvvələrin dəyirmanına su tökənlər - Siyasət
AntiAzərbaycan qüvvələrin dəyirmanına su tökənlər
4 Sentyabr 2019 12:58 SiyasətƏli Kərimlinin anormal açıqlamaları gündəmdə qalmaqdan başqa bir şey deyil
Sosial bazasını tamamilə itirərək tarixin arxivinə çevrilmək üzrə olan müxalifət "saman çöpündən yapışaraq" ömrünü uzatmağa çalışır. Siyasi mübarizə metodlarından deyil, xarici havadarlarının çızdığı ssenari üzrə "fəaliyyət göstərən" müxalifət nəinki sosial dayağını itirib, hətta mövcudluğunu məhv etmək təhlükəsi ilə üzləşib. AntiAzərbaycan qüvvələrin dirijor çubuğu ilə inildəyən müxalifət hazırda "sosial şəbəkə qəhrəmanına" çevrilib. Çox təssüf ki, yenə də ənənəsinə sadiq qalaraq bütün fəaliyyətini dövlətə, dövlət başçısına və hətta tarixi şəxsiyyətlərə çamur atmaqla Azərbaycan dövlətini nüfuzdan salmağa yönəldib. Sirr deyil ki, bu şər və böhtan kampaniyasına AXCP sədri Əli Kərimli və onun ətrafındakı partiyadaşları rəhbərlik edirlər. Utanc verən haldır ki, son illər saxta profillərlə içtimaiyyəti çaşdıran Əli Kərimlinin ətrafı tərəfindən tarixi şəxsiyyətlərimiz, mütəfəkkirlərimiz, böyük ədiblərimiz, şəhidlərimiz belə təhqir hədəfi seçilir. Beş kəlməni ard-arda normal şəkildə düzüb-qoşa bilməyənlər ölkəmizdəki söz, düşüncə azadlığından sui-istifadə edərək bu xalqın, bu dövlətin tarixində, taleyində mühüm yer tutmuş insanlarımızı - aqillərimizi, ziyalılarımızı, şair və yazıçılarımızı təhqir edir, aşağılayır, onların ruhuna toxunmaqdan çəkinmirlər. Bununla özlərini diqqət mərkəzinə çəkmək, məşhurlaşmaq, populyarlaşmaq istəyirlər. Amma belələri bilməli və anlamalıdırlar söyüşlə, təhqirlə diqqət mərkəzinə, gündəmə gəlmək olmaz və bu, yolverilməz, bağışlanılmazdır. Əslində onların haqqı yoxdur ki, təhqir, böhtan, aşağılama, şantaj tonunda danışsınlar. Çünki, kimsəyə belə bir haqq-hüquq verilməyib. Kimliyindən asılı olmayaraq, heç kimsənin başqasını təhqir etməyə, aşağılamaya haqqı çatmır. Şəxsiyyətlərə dil uzatmaq, onları təhqir etmək, ruhlarına toxunmaq olmaz və bu, bağışlanılmaz, əfv edilməyəcək bir günahdır. Bəyənmirsənsə, qəbul etmirsənsə, bu, ayrı məsələdir, normal şəkildə fikir, münasibət bildir, tənqid et, arqument ortaya qoy və sairə. Yoxsa, ağlına və ağzına gələni söyləmək, təhqir, böhtan, aşağılama yolunu tutmaq acizlik, zəiflik əlamətidir.
Məlumat üçün qeyd edək ki, AXCP sədri Əli Kərimli son vaxtlar yenidən yaxın tariximizi təhrif edərək ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olduğunu iddia etməyə başlayıb. Xatırladaq ki, hazırda özünü müxalifət adlandıran qüvvələr tərəfindən ümumilli lider Heydər Əliyevə qarşı şər və böhtan kampanyası yeni hal deyil. Hələ Azərbaycanın milli-mücadilə tarixində mühüm bir dövrü əhatə edən 1991-1993-cü illərin siyasi xəritəsini cızarkən alababat müxalifətçilikdən iqtidara sürüşmüş AXC-Müsavat hakimiyyətinin ulu öndər Heydər Əliyevə qarşı sürəkli olaraq çirkin kampaniya aparması sirr deyil. Belə ki, Heydər Əliyevin siyasi nüfuz dairəsi genişləndikcə ona qarşı yeni müxalifət yaranırdı və bu müxalifətin cəbbəxanası ən iyrənc mübarizə metodları ilə zənginləşirdi. AXC-nin Heydər Əliyevə qarşı təzyiq kampaniyası Ali Sovetin 1992-ci il aprel sessiyasından sonra yeni bir vüsət almışdı. Səbəbi Ermənistana gedən qatarların açılması və digər qanun pozuntularının AXC-nin iştirakı ilə həyata keçirilməsinin Heydər Əliyev tərəfindən ifşa olunması idi. Çox təəssüf ki, bu gün də özünü "ana müxalifət" adlandlran Əli Kərimlinin dəstəsi yenə də eyni fəaliyyəti davam etdirməkdədir. Əli Kərimli və onun ətrafı dərk etmək istəmir ki, əslində Heydər Əliyev AXC-Müsavat tandeminin səriştəsiz idarəçiliyi, xəyanət səviyyəli səhlənkarlığı üzündən ölkəni məhv olma təhlükəsindən, silahlı vətəndaş qarşıdurması girdabından xilas etdi, Azərbaycan dövlətinin əbədi müstəqilliyini təmin etdi, torpaqların işğalının qarşısını aldı.
Məsələyə münasibət bildiriən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xatırladıb ki, hələ o illərin canlı şahidləri Azərbaycan əhlisinin demoqrafik balansında xüsusi çəkiyə malikdir və yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu: "Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar".
"Yurddaş" partiyasının sədri Mais Səfərli deyib ki, hər zaman xaricdə olan bəzi qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşaraq uğurlarımıza kölgə salmaq istəyirlər. Amma onların nə etməsindən və nə deməsindən asılı olmayaraq heç vaxtı bizim inkişafımıza zərbə vura bilməyiblər və bilməyəcəklər. Çünki artıq Azərbaycan öz sözünü demiş və dünya dövlətləri arasında hörmətini qazanmış bir dövlətdir. Partiya sədrinin sözlərinə görə, bu gün ölkə Prezidentinin fəaliyyəti Azərbaycanda stabilliyi qoruyub saxlamaq və inkişafımızı davam etdirmək, bunun nəticəsi olaraq da Azərbaycan əhalisinin yaşam tərzini yüksəltməkdən ibarətdir: "Bu reallığı görən xarici və daxili qüvvələr gücləri ilə çalışırlar ki, bizim inkişafımıza zərbə vursunlar. Azərbaycanın stabilliyi, sərhədlərimizi qorumaq üçün ordusu var, silahlı qüvvələri var və ordumuz bu gün dünyada birinci 50-iliklədir, yəni ən güclü ordular sırasındadır. Yəni dünyanın 200 çox dövləti var, onların heç də hamsının Azərbaycan kimi güclü ordusu yoxdur. Bu mənada AXCP sədri Əli Kərimlinin anormal açıqlamaları gündəmdə qalmaqdan başqa bir şey deyil. Yəni onların bu cür hərəkətləri xaricdə Azərbaycanı istəməyən bəzi qüvvələrin, xüsusilə də ermənipərəst qüvvələrin dəyirmanına su tökməkdir. Konkret isə, boş bəyanatlardan başqa bir şey deyil. Əli Kərimli və onun ətrafında olanların təxribat xarakterli açıqlamalarını sadəcə olaraq, Azərbaycanda qarışıqlıq yaratmağa, qarşıdurma yaratmağa, siyasi və iqtisadi sabitliyi pozmağa yönəlik addımlar kimi qiymətləndirirəm".
Zəka