Deputat həyəcan təbili çaldı - ŞƏRH

Deputat həyəcan təbili çaldı

Nəsib Məhəməliyev: "Müxtəlif mənbələrdən aldığım məlumata görə, şəhərdə bir çox gənclər özlərilə bıçaq gəzdirirlər"

"Ermənistan kimi mənfur, hiyləgər düşmənlə müharibə, dövlətimizin inkişafını gözü götürməyən qüvvələrlə mübarizə şəraitində mənasız yerə özümüz özümüzə niyə düşmən kəsilməliyik?"

Hər nə qədər cəmiyyətdə baş verən neqativ hallara, cinayətkarlıq əməllərinə qarşı mübarizə aparılsa da, lakin insanlarda olan çılğınlıq, dözümsüzlük, yalnış anlaşılmazlıq bir çox hallarda insan həyatında dərin iz buraxan və acı təəssüf doğuran əməllərə gətirib çıxarır. Xüsusilə, gənclər arasında müşahidə edilən bu mənfi tendensiyaya bir çox səbəblər göstərilir. Bəziləri bu kimi hallarda cəmiyyəti, ətraf mühitdə olan insanları, bəziləri valideynləri, bir qism isə günümüzün ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələri günahlandırır. Elə gənclər arasında baş verən bir sıra cinayət hadisələrinə də diqqət etdikdə, aydın olur ki, həmin cinayət sosial şəbəkədə baş verən mübahisənin nəticəsində meydana gəlib. Elə ona görə də sosial şəbəkələrin gənclərə mənfi təsirləri, gəncləri sosial şəbəkədən daha səmərəli istifadə etmələri barədə dəfələrlə çağırışlar edilib. Hətta parlamentarilər də bu məsələdə öz mövqelərini ortaya qoyublar. Elə bu günlərdə paytaxtda baş verən daha bir cinayət hadisəsi də gənclərin sosial şəbəkədən səmərəli istifadə etmədiyi, buradan daha çox cinayət aləminə xas hal və xüsusiyyətlər götürdüyünü deməyə əsas verir. Düzdür, Bakının Şərifzadə küçəsində baş vermiş cinayətin hələlik baş vermə səbəbi tam aydın olmasa da,  ehtimal etmək olar ki, 1991- ci ıl təvəllüdlü Fərid Məmmədzadənin bıçaqla, ürək nahiyyəsindən vurularaq öldürülməsində də sosial şəbəkə təsirləri olub. Konkret olaraq günümüzdə əksər gənclər sosial şəbəkələrin yalnız ziyanlı tərəflərindən faydalanırlar desək yanılmarıq.

Baş vermiş hadisə ilə bağlı millət vəkili Nəsib Məhəməliyev də öz münasibətini sərgiləyib. Deputatın fikirlərindən aydın olur ki, mərhumla eyni məktəbdə oxuyan övladı və onun dostları üç gündür stress vəziyyətindədirlər. Millət vəkilinin sözlərinə görə, övladı Fəridi məktəb illərindən tanıdığını, necə təmiz qəlbli, saf uşaq olduğunu təəssüf hissi ilə xatırlayır, bu itki ilə barışa bilmir: "Münaqişədən əvvəl tanış olmayan gənclərin belə ağır cinayət törətmələrinin motivi nədir? Hesab edirəm istintaq orqanları hadisəni obyektiv şəkildə araşdıracaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar. Bir neçə il öncə Milli Aviasiya akademiyasının professoru Zimirxan müəllimin yeganə oğlu da təsadüfən qonşu qıza sataşan bir yaramaz tərəfindən bıçaqlanaraq öldürülmüşdü.Düşmənlə üz-üzə müharibədə yox, məhz belə hallarda övladının qətlə yetirilməsi hər bir valideyn üçün nə qədər dözülməz olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Və bu hadisədən az müddət sonra, hələ gənc ikən Zimirxan müəllim də dərdə dözməyərək dünyasını dəyişdi. Heç bir ciddi səbəb olmadan cəmiyyətdəki aqressiya, müxtəlif insanlar arasındakı dözümsüzlük, əsasız hegemonluq cəhdləri, paxıllıq, qısqanclıq, birinin digərini qəbul etməməsi, ictimai yerlərdə utanc hissini itirərək əxlaq normalarını pozma və s. hallar cəmiyyətimizi narahat edən, düşündürən məsələlərdir. Necə ola bilər ki, İKT- nın verdiyi imkanlardan sui-istifadə edərək, heç vaxt görmədiyin, tanımadığın insanları subyektiv fikirlərinə, statusuna görə tənqid yox, küçə söyüşləri ilə ağır formada təhqir edəsən. Şəxsi uğursuzluqlarının səbəblərini özündən başqa hər kəsdə axtarasan, dörd tərəfə nifrət dolu şər, böhtan yağdırasan". Millət vəkili daha sonra bunları qeyd edib ki,  müxtəlif mənbələrdən aldığım məlumata görə, şəhərdə bir çox gənclər, hətta bəzi məktəbli yeniyetmələr belə özlərilə bıçaq gəzdirirlər: "Sual olunur nə üçün? Kimə lazımdır bu? Ermənistan kimi mənfur, hiyləgər düşmənlə müharibə, dövlətimizin inkişafını gözü götürməyən qüvvələrlə mübarizə şəraitində mənasız yerə özümüz özümüzə niyə düşmən kəsilməliyik. Allah qarşısında çox böyük cinayət törədərək , günahsız bir gəncin həyatına son qoyaraq, ailəsinə, yaxınlarına sağalmaz yara vurmalıyıq. Hər gün səhərlər xəbər saytlarını izlədikdə, bu tipli ağır cinayətlərin Bakı şəhərində və bölgələrdə baş verdiyinin şahidi oluruq. Hesab edirəm ki, bu faciələrdən nəticə çıxarılmalı,ilk növbədə ailədə, məktəbdə uşaqların, gənclərin tərbiyəsilə çox sıx şəkildə məşğul olmalıyıq. Formal olaraq yox, ciddi şəkildə hər bir məktəbdə, kollektivdə, tək uşaqlarla deyil, həm də valideynlərlə işləməyi bacaran psixoloqlara ehtiyac var. Mən buradan hörmətli KİV nümayəndələrindən xahiş edirəm.Artıq dəb halını almış kriminal avtoritetlər, el arasında "vor zakon" kimi tanınan insanları qəhrəman obrazında təqdim edərək, onların həyatı, məişəti, kriminal çəkişmələri barədə məlumatların verilməsi düşünürəm ki, məqsədəuyğun deyil. Belə bir təqdimatdan, " təbliğatdan" sonra bir çox zəif iradəli gənclər də özlərini onlara oxşatmağa çalışır, nümunə kimi qəbul edirlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi hallarda ictimai siyasi həyatda üzdə olan bəzi insanlar da belə hərəkətləri təşviq edirlər. Bu gələcəyimiz üçün çox ziyanlı, təhlükəlidir. Son vaxtlar şəhərin mərkəzi hissəsində Daxili İşlər Nazirliyi  tərəfindən milli mənəvi dəyərlərimizə, əxlaqımıza zidd, xalqımızın imicinə xələl gətirən neqativ hallarla apardığı mübarizə ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir, razılıqla qarşılanır. Hər bir normal vətəndaş cəmiyyətin kriminallaşmasının qarşısının alınmasında,gənclərin doğru, dürüst, vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz töhvəsini əsirgəməməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31