BİR “STATUS”LUQ… - Əkbər Qoşalı yazır

BİR “STATUS”LUQ…

Milli Məclisin üzvü Elşən Musayevin bir "feys statusu" diqqətimi cəlb etdi. "İndicə "Azadlıq" qəzetinin "facebook" səhifəsinə baxıram. Öncədən deyim ki, bu qəzetdə dərc olunan bütün yazılara, o yazılara qoyulan başlıqlara, hətta dizayna, korrektəyə, redaktəyə, əlqərəz hər şeyə Əli Kərimlinin birbaşa özü nəzarət edir. Və... həmin haqqında danışdığım yazı başlıqlarından sadəcə birini paylaşmaq istəyirəm. Ki, radikal müxalifət cəbhəsinin yuxarı eşalonunda artıq gözlə görünən hallusinasiya, potoloji-özünəvurğunluq vəziyyətindən sizlər də hali olasınız. Diqqət edin və şok olmayın. Başlıq belədir: "AXCP sədri yenə amansız davrandı". Pay atonnan. Yox, əşşi! Amansız?.." abzastı ilə başlayan ( -mən bu sətirləri yazandan 15 saat öncə paylaşılmış) statusunu deyirəm.

Elşən Musayevi illərdir tanıyıram. Rəhmətlik atası Məmmədhənifə müəllim ustad maarifçi idi; həmmüəllifi olduğu, avtoqrafla bağışladığı "Türk dünyası" kitabını bugün də sayğı ilə saxlayır, yazarına şükranlıq duyğuları ilə zaman-zaman müraciət edir, faydalanıram. Məmmədhənifə müəllim Elşənin yalnılz fiziki atası deyil, eynigüclə həm də mənəvi atasıydı, ustadıydı. O, rəhmətliyin qurduğu Demokratik Maarifçilik Partiyasını MM-ə daşıdı, atası haqqında həmişə sayğı ilə danışdı, sayğı ilə yazdı və ictimai-siyasi yolunu davam etdirdi.

Elşən Musayev 1979-cu il doğumludur; haqqında yazdığı Əli Kərimli isə 1965-ci il - aralarında 14 il fərq var - bir igid ömrü qədər fərq. Ə.Kərimli də haqq dünyasında olan mənəvi, siyasi ustadının partiyasına başçılıq edir; ancaq rəhmətlik Elçibəy hara o hara?! Rəhmətliyin amansız xəstəliyə tutulduğu günlərdə, şəfqət, qayğı, diqqət, nəzakət göstərmək yerinə... o illərin KİV-lərində nələrin yazıldığını xatırlayırsızmı? Üstəlik, partiyasını parlamentə daşıyan Elşəndən fərqli olaraq, o, partiyasını parlamentdən düşürdü. Elşən ustadının yolunu ən azından, bacardığı qədər maarifçi çıxışları, yazıları ilə  davam etdirir; o biri neynir? - AXCP-ni söyüş, troll, təhqir, qaraguruh yuvalanmasına çevir ha çevirdədir... - İstəyərək, istəməyərək? - bunu deyə bilmərəm, ancaq onu bilirəm ki, "ayinəsi işdir kişinin, lafa baxılmaz"...

Əlbəttə, bir vətəndaş, bir yazar olaraq, mən hər iki partiyanın, ümumən bütün partiyalarımızın  üstün, konstruktiv mövqeyə malik, dövlətçilik şüuruna yiyələnmiş və siyasi ehtirası hər şeydən önplana çıxarmayan bir davranışda olmasını arzu və təmənna edərdim. Ancaq ya zəlzələdən ya vəlvələdən, bugün bir partiya başçısı daxili mübarizədə özü-özünə amansız sifəti yaxud təyini yaraşdırırsa, bunu necə yaraşıq(lı) saymaq olar axı? Amansız olacağımız bir cəbhə, bir ünvan var: Qarabağ! İşğalçı düşmənlə öncəbhə! Qalan (daxili) mübarizə müstəviləri amansız davranış yeri ola bilməz! O da, hələ-hələ "amansız"lıq etməyə baqajın varsa. Özkeçmişin buna izn verirsə! 

E.Musayevin statusunda daha sonra oxuyuruq: "...Bu nə sərlövhədi? Bu nə özünütərifdi? Bu nə haldı? Və ya bura qədər gəldinsə ta fikirlərini qəzet üzərindən niyə deyirsən? Amerikada bir-iki manat qrant üçün külünğ döyən xanımın verilişinə növbəti dəfə çıxdığında açıq mətnlə söylə ki, məndən daha yaxşı oğlan yoxdu, mən Ruzveltəm, mən Tolstoyam, mən Riçard Qirəm, Mən Raç Kapuram, ya da nə bilim mən Mayk Taysonam.

Keçmişdə aramızdan çıxdaş edilən eksləri də salmısan yaman günə. Oxşayıblar sənə. Yəni, oxşamışlarına. O gün baxıram keçmiş səfir, adının mənası ilə tam əks qütbdə duran Arif..." - bax, bu yerdə, bu anti-arif "diplomat"ın adı gələndə, öz sözlərimlə davam etmək istərdim, dostum qüsura baxmasın. - Bir diplomat ki saunadan ötrü sinov getdiyini sosial media hesabında paylaşır, ləziz yeməklər reklam edir, nə bilim, daha nə hoqqalardan çıxır... ona arxalanan siyasətçidən ağlınız nə kəsir? - Yoxsa, bu biarifin "Kərimli kabineti"ndə XİN başçısı olmaq keçir kön­lündən?! - Anadolulu qardaşlarımız demiş, güləyim bari...

Adam gərək özünü "qoltuğu çörəkli" eləməyə - kim kimi məcbur edir ki, addımbaşı izah verə, and içə, yalan-palan danışmadığına inandıra, kəlməbaşı aydınlığa ehtiyac duya və s. və i...

Nə amansız, a evitikilmiş? 14 yaş daha cavan partiya başqanının (artı dəfələrlə paylaşılmış) bir statusu ilə neçə çıxış, "amansızlığ"ınız böyrüüstə qalırsa, belə "azad amansız"lıqdan əl çəkmək daha yeydir, məncə... Baxın də, özünüz bilərsiz... Olmasın, bir status, olsun iki status...

Əkbər Qoşalı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31