Azərbaycan dövlətinin başlıca siyasətində sosial siyasət prioritet təşkil edir - Şərh
Azərbaycan dövlətinin başlıca siyasətində sosial siyasət prioritet təşkil edir
2 Sentyabr 2019 15:56 SiyasətMusa Quliyev: "Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründən bu siyasi xətt götürülüb və günümüzdə də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir"
Azərbaycanın malik olduğu iqtisadi imkanlar, mövcud olduğu potensial onun daha da inkişaf etməsinə, dünya birliyində, beynəlxalq aləmdə öz layiqli yerini tutmasına yol açır, zəmin yaradır. İldən-ilə artan iqtisadi qüdrətimiz Azərbaycanın təkcə iqtisadi cəhətdən inkişafını şərtləndirmir, eyni zamanda onun sosial dövlət olaraq da tərəqqisinə yol açır. Onu sosial bir dövlətə çevirir. Hər bir əldə edilən uğur, iqtisadi sahədə qazanılan nailiyyətlər isə öz növbəsində ölkədə sosial rifah halının daha da yüksəldilməsinə, insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Müntəzəm olaraq ölkədə maaş və pensiyaların artırılması, tələbə təqaüdlərində qeydə alınan artımlar, əhalinin xüsusi qayğıya ehtiyacı olan hissəsi, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qaçqın və məcburi köçkünlərin sosial rihaf halının daha yaxşılaşdırılması məqsədilə qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamların timsalında bunu aydın şəkildə görə bilirik. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu kimi tədbirlər, imzalanan fərman və sərəncamlar eyni zamanda ölkədə yoxsulluğun tamamilə aradan qaldırılmasına, məşğulluğun artırılmasına, bu da öz növbəsində insanların daha yaxşı yaşamasına xidmət edir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də əsas istəyi, amalı budur. Ötən ilin ortalarından bir-birinin ardınca həyata keçirilən sosial açılımlar da bir daha onu deməyə əsas verir ki, dövlət başçısı üçün bir nömrəli insan amili, onun yaxşı yaşamasıdır. Ona görə də Cənab Prezident hər zaman sosial sahəni əsas prioritet hesab edir. Bir müddət əvvəl dövlət başçısının sədrliyi ilə sosial-iqtisadi sahəyə həsr olunmuş müşavirənin keçirilməsi də bunun əyani sübutu idi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir sıra dövlət qurumlarının əməkdaşlarının maaşlarının artırılması ilə bağlı fərmanı da dövlət başçısının sosial sahəyə. insanların həyat şəraitinin yaxşılaşdırılmasına nə dərəcədə diqqətlə yanaşdığını təsdiqləyirdi. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən iyunun 18-də imzaladığı sərəncam əsasında bir sıra dövlət qurumlarının əməkdaşlarının maaşları sentyabrın 1-dən artırılıb və minimum əmək haqqı 250 manat təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən sosial sahədə atılan addımlar, imzalan fərman və sərəncamların əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini qeyd edən ekspertlər, onu da bildirirlər ki, ölkənin iqtisadi potensialı artdıqca və əlavə gəlirlər əldə edildikcə sosial sahədə daha diqqətçəkici addımlar atılacaq.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev "0LAYLAR"-a deyib ki, Azərbaycan dövlətinin başlıca siyasətində sosial siyasət prioritet təşkil edir. Millət vəkilinin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründən bu siyasi xətt götürülüb və günümüzdə də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir: "Son 15 il ərzində Azərbaycanda orta aylıq əmək haqqı 7 dəfə, pensiyalar isə 9 dəfə qalxıb. Bundan başqa məşğulluq sahəsində böyük uğurlar əldə edilib və həyata keçirilən tədbirlər nəticəsində işsizlik səviyyəsi 50 faizdən 6 faizə enib. Eyni zamanda ölkədə yoxsulluq səviyyəsi 49 faizdən 5.5 faiz həcminə düşüb. Bu il isə Cənab Prezident İlham Əliyevin elan etdiyi kimi Azərbaycan dövlətçiliyi tarixində sosial siyasət, sosial müdafiə sahəsində xüsusi il kimi qalacaq".
Millət vəkili Musa Quliyev onu da qeyd edib ki, cari il ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sosial rifah, sosial müdafiə ilə bağlı iki paket şəkilində fərman və sərəncamları olub: "Birinci paket şəkilində fərman və sərəncamlar cari ilin əvvəlində, ikincisi isə iyun ayında baş verib. Təxminən bu müddət ərzində 40-a yaxın fərman və sərəncam imzalanıb". Musa Quliyevin sözlərinə görə, dövlət başçısı tərəfindən imzalanmış həmin fərman və sərəncamlar nəticəsində 4 milyondan artıq vətəndaşın sosial rifah halı yüksəlib: "Bundan başqa pensiyalar, müavinətlər, tələbə taqaüdləri artırıldı. Paralel olaraq əmək haqqları yüksəldi. Təkcə büdcədən maliyyələşən təşkilatlar deyil, həmçinin qeyri=büdcə təşkilatlarında da əmək haqqları artdı. Həmin fərmanlardan ən mühümü isə yaşayış minimumunun, minimum əmək haqqının artırılması idi". Millət vəkili deyib ki, cari il ərzində minimum əmək haqqı iki dəfə artıb: "Əgər ilin əvvəlində minimum əmək haqqı 130 manat təşkil edirdisə, Cənab prezidentin fərmanı ilə bu məbləğ əvvəl 180 manata, digər bir fərmanla isə sentyabr ayının 1-dən minimum əmək haqqı 250 manata qaldırıldı. Bununla da Azərbaycan minimum əmək haqqının alıcılıq qabiliyyətinə görə, MDB məkanında Rusiyadan sonra ikinci yeri bölüşdürdü. Bu təkcə minimum əmək haqqı, maaş alanların deyil, bütövlükdə büdcədən maliyyələşən və qeyri-büdcə sektorunda çalışanların əmək haqqına təsir edəcək. Azərbaycanda əmək haqqının ödənilməsinin vahid tarif cədvəli mövcuddur və həmin cədvəldəki kateqoriyalara uyğun olaraq hər kəsin maaşı artacaq. Bu da təbii ki, insanların sosial rifah halını daha da yaxşılaşdıracaq. Cənab Prezidentin dediyi kimi bizim məqsədimiz Azərbaycanda sosial rifah dövləti qurmaq və inkişaf etmiş dövlətlər sırasına çıxmaqdır. Hesab edirəm ki, bu sahədə 2019-cu il çox mühüm bir il kimi tariximizdə qalacaq".
S.İsmayılbəyli