"Mehriban xanım həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır"
"Mehriban xanım həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir"
26 Avqust 2019 15:46 Siyasət"Müasir dövrdə ölkəmizin birinci xanımı, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınlarına nümunədir. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir". Bunu Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev bildirib ki, Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində millətə layiqli xidmət dayanır: "Mehriban xanım həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi ulu öndər Heydər Əliyevin Vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir.
Eyni zamanda, Mehriban xanım, İSESCO və UNESCO-nun xoşməramlı səfiri kimi müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bəraqərar olması üçün bütün səylərini göstərir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər addımının əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır.
Ümumiyyətlə, Mehriban xanımın çoxşaxəli və Azərbaycan sərhədləri ilə məhdudlaşmayan fəaliyyəti dünyada da yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin messenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə "Qızıl ürək" beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə "Heydər Əliyev Mükafatı"na, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin "Şərəf Legionu" ordeninə və YUNESKO-nun "Qızıl Motsart" medalına, eyni zamanda, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna, Rusiyanın "Dostluq" medalına layiq görülüb".
"Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban xaım Əliyevanın doğum günüdür" - deyən Bəhruz Quliyev Mehriban xanımı doğum günü münasibətilə təbrik edib, Ona Azərbaycanın inkişaf etdirilməsi işində uğurlar, cansağlığı, ailə səadəti arzulayıb.