Qayğıkeş, humanist, vətənpərvər

Bütün bunlar Mehriban xanım Əliyevanın xarakterində özünü cəmləşdirib

Dövlət o zaman güclü və qüdrətli olur ki, onun bütün strukturları, icra və mərkəzi hakimiyyət orqanları zərbəni, çəkici bir yerə vurur, birgə işləyir, birgə çalışır. Necə ki, Azərbaycanda olduğu kimi. Daha dəqiq desək qısa müddət əvvəl yaradılmış birinci vitse-prezidentlik postu kimi. Cəmi bir neçə illik fəaliyyət dövrü, daha dəqiq desək fəaliyyətə başladığı müddət olsa da, lakin geridəki qısa zaman ərzində vitse-prezidentlik postu çox böyük uğurlara, nailiyyətlərə imza atıb. Əslində təəccüblənməyə dəyməz. Nədən ki, bu posta təyinat zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər zaman olduğu kimi doğru qərar verib, doğru addım atmışdı. Və ölkənin birinci vitse-prezidenti postuna Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı təyin etmişdi.

Mehriban xanım Əliyevanın bu posta təyinatını isə şərtləndirən səbəblər kifayət qədər idi. Ən başlıcası xanım Əliyevanın zəngin ictimai və siyasi fəaliyyəti, qayğıkeş və nəcibliyi ona mühüm dövlət postunu həvalə etmək üçün əsas verirdi.

Birincisi, Mehriban xanım Əliyeva ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun prezidenti kimi zəngin ictimai fəaliyyəti ilə bütün ölkə ictimaiyyətinin rəğbətini qazanmış, uşaqdan böyüyə qədər kəs kəs tərəfindən sevilmişdi. Xanım Əliyevanın Fonda rəhbərlik etdiyi gündən indiyə qədər həyata keçirdiyi sosial-humanitar və s. kimi layihələr milyonlarla insana, ailəyə sevinc bəxş etmiş, onlarda həyata inam, yaşam hissi formalaşdırmışdı. Bu sırada xüsusilə DAUN sindromu, talassemiya xəstəliyindən əziyyət çəkənlər üçün səhiyyə xidmətlərinin yaxşılaşdırılması, fiziki qüsurlu, eləcə də kimsəsiz uşaqlar üçün yeni müəssisələrin və səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsini göstərə bilərik. Bununla həm də Mehriban xanım Əliyeva qayğıkeş ana obrazını yaratmış, cəmiyyətə bir nümunə göstərmişdi.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi sosialyönümlü layihələrlə həm də dünya mədəniyyəti və sivilizasiyalarına, dinə nə qədər dəyər verdiyini, bu kimi məsələlərə nə dərəcədə həssas yanaşdığını ortaya qoymuşdu. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda fəaliyyət göstərən dini ibadət məkanları, həmçinin  Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, eləcə də Fondun Strasburqdakı  Notr-Dam kilsəsinin təmiri ilə bağlı irəli sürdüyü təşəbbüs bilavasitə Mehriban xanım Əliyevanın dini və mənəvi dəyərlərə bağlılığını nümayiş etdirməklə yanaşı, həm də dünya mədəniyyətinə, dinlərə verdiyi bir töhfədir.

Mehriban xanım Əliyevanın ölkənin birinci-vitse prezidenti postuna təyinatını şərtləndirən ikinci bir amil Onun zəngin siyasi fəaliyyətidir. İctimai fəaliyyətlə yanaşı  siyasi fəaliyyətlə də məşğul olan Mehriban xanım Əliyeva uzun illər Milli Məclisin deputatı kimi parlamentdə mühüm qanunların qəbul edilməsində yaxından iştirak edib, təşəbbüskarı olub. Mehriban xanım Əliyevan öz təbiətinə, yaşam tərzinə uyğun olaraq parlamentdəki siyasi fəaliyyəti dövründə də ictimai fəaliyyəti paralel olaraq davam etdirib, cəmiyyətə, dövlətə, xalqa əvəzedilməz sevinc bəxş edib, insanların qəlbində yer alıb. Xanım Əliyevanın istər deputat seçildiyi dairədə həyata keçirdiyi sosial layihələr və insanların sosial problemlərinin həlli istiqamətində gördüyü əvəzolunmaz işlər, istər  "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət etməsi deyilənlərin əyani sübutudur.

Mehriban xanım bütün bu xüsusiyyətləri özündə cəmləşdirməklə yanaşı, həm də vətənpərvər bir xanımdır. Xanım Əliyevanın Cənab Prezident İlham Əliyevlə müntəzəm olaraq cəbhə bölgələrinə səfər etməsi, ön cəbhədə qulluq edən əsgər və zabitlərimizlə görüşməsi fonunda bunu aydın görə bilirik. Bir neçə ay əvvəl şəhid ailələri ilə keçirilən görüşlər, bu günlərdə növbəti anoloji görüşün olması, şəhid ailələri və müharibə veteranlarının problemləri, qayğıları ilə maraqlanması Mehriban xanım Əliyevanın necə bir vətənpərvər, Vətən sevdalısı olduğunun açıq şəkildə ortaya qoyur.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31