Ermənistanın ritorikası sərtləşir - PROBLEM
Ermənistanın ritorikası sərtləşir--PROBLEM
23 Avqust 2019 13:30 SiyasətDağlıq Qarabağ probleminin həlli istiqamətində qeyri-müəyyənlik davam edir. Artıq bir neçə aydır ki, problemin həlli istiqamətində heç bir yüksək səviyyəli danışıqlar keçirilmir. Buna səbəb isə Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedir. Ancaq müəyyən ümidlər hələ də qalmaqdadır. Ekspertlər də hesab edirlər ki, tərəflər arasında danışıqlar prosesi bərpa oluna bilər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqə işlək vəziyyətdədir: "Yəni erməni nazir demək istəyir ki, gərəkliyi hallarda müharibə vəziyyətində olan tərəflər bir-biri ilə əlaqə saxlayıb hansısa məsələni yoluna qoymağa çalışırlar". Politoloq deyib ki, iki tərəf arasında rabitənin qurulması haqqında razılıq ötən ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı qısa görüşdə əldə olunmuşdu: "Liderlər MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. İlham Əliyev Nikol Paşinyanla əsas olaraq təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər. Bu İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər. Nikol Paşinyanın sözlərinə görə, o İlham Əliyevlə görüşdən sonra əldə olunan razılaşma haqqında separatçıların lideri Bako Saakyanı məlumatlandırmış, Ermənistan silahlı qüvvələrinin rəhbərliyinə isə müvafiq sərəncamlar vermişdi. Bir il keçib. Göründüyü kimi Düşənbədəki razılaşmalar işləmir. Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Paşinyan da bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi və hətta "Qarabağ Ermənistandır" deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi. Belə olan halda Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyası necə işləyə bilər?. Azərbaycan ordusu və sərhəd qoşunları tez-tez yerdəyişmələr edirlər, taktiki döyüşlər qeydə alınır, atəşkəs də tez-tez pozulur. Və ya Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur. Bu vəziyyətdə erməni nazirin dediyi kimi hansısa rabitə vasitəsi varsa belə bu heç nəyə yaramır. Mümkündür ki, Zöhrab Mnatsakanyan erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirib. Bütün hallarda Azərbaycan Müdafiə Nazirliyinin və ya XİN-nin erməni nazirin "kommunkasiya" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasına ehtiyac var".
Elxan Şahinoğlu Ermənistanın hərbi xərclərini artırmasına da toxunub. Bildirib ki, Ermənistan hökuməti Müdafiə Nazirliyinə əlavə 4 milyon 550 min dollar ayırıb: "Artımı belə izah ediblər ki, ayrılan maliyyə hərbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edəcək. Ermənistanın 2019-cu ildəki hərbi büdcəsi 530 milyon dollardır, bu 2018-ci ilin eyni göstəricisindən 13 faiz çoxdur. Baş nazir Nikol Paşinyan ordudakı vəziyyətdən narazıdır, hakimiyyətdə olduğu bir ildə istədiyinə nail ola bilməyib. Paşinyanın orduya son maliyyə yardımının ayrılmasına Azərbaycan tərəfə keçən fərari olayı təsir edib. Avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində erməni hərbi qulluqçu Aqo Kazaryan işgəncələrə dözməyərək bölmələrimizə təslim oldu. Üstündən düz 1 həftə keçdikdən sonra, yəni avqustun 19-da Paşinyan hərbi xidmətin keyfiyyətinin artırılması məqsədilə orduya maliyyəni artıracağını bildirdi. Bu ikisi arasında birbaşa əlaqə var. Mümkündür ki, Paşinyan gizli şəkildə son olayın araşdırılmasına da təlimat verib ki, bu biabırçı olay bir daha təkrarlanmasın. Çünki oxşar olay yenə təkrarlanarsa bu Paşinyanın erməni cəmiyyətində nüfuzuna növbəti zərbə olacaq".
Politoloq deyib ki, Ermənistan hərbi xərclərdə Azərbaycanla ayaqlaşa bilmir: "Bu mümkün deyil. Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamına bərabərdir və Ermənistan ordusunun 4.5 milyon dollarla uzağa gedə bilməyəcəyini Paşinyan da anlayır. Buna baxmayaraq, Paşinyan imkan daxilində bir neçə hərbi kazarmanı təmir etdirir, orduda ərzaq təminatını dəyişməyə çalışır. Ancaq bütün bunları davamlı hala gətirmək üçün Paşinyana yüz milyonlara dollar lazımdır. Onun isə 4-5 milyon dollara gücü çatır. Ermənistanın hərbi yükü böyükdür. İran və Türkiyə sərhəddini Rusiyaya tapşırıblar, ancaq bununla iş bitmir. Ermənistan Dağlıq Qarabağdakı hərbi işğalına pul xərcləməyə davam etməklə yanaşı Naxşıvan və Qazaxdakı təpələrin əldən verilməsi fonunda Azərbaycanla sərhəddin bütün istiqamətinə diqqətini daha da artırmaq məcburiyyətində qalıb. Bu da əlavə maliyyə tələb edir. Ona görə də biz Ermənistanla bütün sərhədboyu düşmənin problemlərini artırmalı, onu bu işlərə daha çox maliyyə xərcləməyə məcbur etməliyik".
Füzuli