Ordunu gözdən salmağa çalışırlar

Ordunu gözdən salmağa çalışırlar

"Dünyanın hər bir ölkəsində bu cür bənzər hadisələr olur və heç kim bundan sığortalanmayıb". Bu fikirləri "OLAYLAR"-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli Müdafiə Nazirliyinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğramasına səbəb olan amillə bağlı yaymış olduğu rəsmi açıqlamaya münasibət bildirərkən səsləndirib. Emin Həsənlinin sözlərinə görə, Müdafiə Nazirliyinin rəsmi açıqlamasından da bir daha aydın olur ki, təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub: "Açıqlamada o da qeyd edilib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. "Qara qutu"dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb". Hərbi ekspert onu da qeyd edib ki, Müdafiə Nazirliyinin rəsmi açıqlamasını bir kənara qoyub özlərindən ehtimal irəli sürənlər, döyüş təyyarəsinin qəza səbəbinə müxtəlif don geyindirənlər yanılırlar: "Ümumiyyətlə, hər zaman erməni lobbisi və onun maliyyəsi ilə işləyənlər, eləcə də  daxildəki havadarları çalışırlar ki, Azərbaycan Ordusu barədə mənfi rəy formalaşdırsınlar. Ancaq mövcud reallıq ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri gün-gündən təkmilləşir, daha da güclənir. 2016-cı ilin aprel döyüşləri bir daha bunu təsdiq etdi. Təbii ki, bu məqam da erməniləri, onlara xidmət edən qüvvələri ciddi şəkildə narahat edir və bu səbəbdən Azərbaycan Ordusunu gözdən salmağa çalışırlar". Emin Həsənli qeyd edib ki, ordu nə iqtidarındır, nə də müxalifətin. Ordu dövlətindir. Hər bir vətəndaş da öz ordusu ilə qürur duymalıdır: "Dövlətin rəhbərliyi, Silahlı Qüvvələrin Ali Baş Komandanı da çalışır ki, onun Silahlı Qüvvələri yüksək səviyyədə olsun. Ancaq qeyd etdiyim kimi Azərbaycan dövlətini istəməyən ermənilər və onların havadarları çalışır ki, ordunu gözdən salsınlar". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31