İctimaiyyəti çaşdırmağa cəhd edən qüvvələr peyda olub
İctimaiyyəti çaşdırmağa cəhd edən qüvvələr peyda olub
22 Avqust 2019 16:04 SiyasətKomissiya hadisəni ən xırda detallarına qədər araşdıraraq yekun rəyi elan edir
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib. Müdafiə Nazirliyinin məlumatına görə, qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan "Aviasiya hadisəsinin araşdırılması komissiyası"nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. "Qara qutu"dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb. Lakin bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında ("qara qutu"sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.
Birinci Qarabağ müharibəsinin iştirakçısı Mehrəli Kazımov qeyd edib ki, döyüş, yaxud təlim əməliyyatlarında belə halların baş verməsi mümkün haldır. Belə hallar hətta hərbi baxımdan inkişaf etmiş ölkələrin ordularında da baş verir. Belə ki, tamamilə saz vəziyyətdə döyüş əməliyyatına hazır olan helikopterlərin hansısa maneyə çırpılaraq qəzaya uğraması faktlarına dəfələrlə rast gəlinib. Adətən bu zaman döyüş təyyarələrinin pilotları nə qədər təcrübəli olsalar belə idarəetməni itirmək reallığı qaçılmaz olur: "Nəzərə almaq lazımdır ki, sözügedən hadisə subyektiv amil deyil, texnixi amillə bağlıdır. Belə hadisələrlə bağlı rəsmi məlumatlar hərbi mütəxəssislərdən təşkil olunmuş komissiyanın rəyindən sonra verilir. Komissiya isə hadisəni ən xırda detallarına qədər araşdıraraq yekun rəyi elan edir. Konkret hadisədə isə "qara qutu"nun oxunması və müasir araşdırma metodlarına malik laboratoriyanın elmi nəticələri ortadadır. Belə halda, aviasiya mütəxəssislərindən təşkil olunmuş komissiyanın rəyinə qeyri-mütəxəssislər tərəfindən şərh verilməsi ictimaiyyətin çaşdırılmasına hesablanan addıdır"