Ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qarşı hamımız birləşməliyik -ŞƏRH

Ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qarşı hamımız birləşməliyik

Əlisahib Hüseynov: "Həm xaricdə, həm də daxildə yaxşı şəbəkələşmiş antimilli fərdlər və qruplar ölkədə inqilabi mühit formalaşdırmaq və hakimiyyət dəyişikliyinə nail olmaq gücünə malik deyillər"

Sanki fürsət axtarırlar ki, dünyaya sülh və əmin-amanlıq yayan, sabitlik və inkişaf tərəfdarı olub, bu yolla hərəkət edən Azərbaycan adlı gəmi ləngər vursun, qəza təhlükəsi ilə üzləşsin. Və nəticə etibarilə erməni lobbisi və onun maliyyəsi ilə hərəkət edən bəzi xarici və daxildəki antimilli qüvvələr dərhal bu gəmini batırmağa çalışsınlar.  Yaxın tariximizdə neçə dəfə belə hallarla rastlaşmışıq. Azərbaycana qarşı birgə hərəkətə keçən həmin qüvvələr Cənubi Qafqazın sabitlik məkanı kimi tanınan ölkəmizə də xaos, anarxiya, vətəndaş qarşıdurması gətirməyə çalışıblar. Ancaq sevindirici hal ondan ibarətdir ki, hər dəfə də həmin cəhdlər iflasa uğrayıb, ölkəmzə qarşı qurulan məkirli oyun, plan baş tutmayıb. Təbii ki, burada əsas rolu xalq birliyi və xalqın hakimiyyətə, şəxsən dövlət başçısına verdiyi dəstək oynayıb. Hazırda da oxşar proseslər gedir. Uzun müddətdir ki, hazırlaşırlar, Azərbaycanda sabitliyi pozmağa.   Oyunçular yenə də dəyişməzdir. Təkcə ssenari bir qədər fərqlidir. Oktyabr ayından Bakıda kütləvi aksiyaların keçirilməsinə start veriləcəyi barədə xəbərlər yayılır. Buna qədər isə nəzarətlərində olan və erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən internet TV-lərdə gedir Azərbaycana qarşı mübarizə. Ancaq istənilən halda Azərbaycana qarşı hazırlanan heç bir oyunun keçərli olmayacağı hər bir azərbaycanlıya, hətta antimilli qüvvələrə də bəllidir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanda xalq-iqtidar birliyi var və heç bir qüvvə bunu sarsılda bilməz. Bu birlik və bərabərliyi vətəndaşların, siyasi mövqeyindən asılı olmayaraq dövlətin, dövlətçiliyin inkişafını istəyən siyasi qüvvələrin mövqeyindən də açıq şəkildə gördük.  Xüsusilə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun mövcud vəziyyətdə hər kəsi birliyə yönəlik çağırışı əksəriyyət tərəfindən dəstək qazandı.

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədovun milli mövqedə dayanan sağlam əqidəli siyasi qüvvələri Azərbaycan əleyhinə aparılan xarici təbliğata qarşı, ilk növbədə isə çirkin siyasi oyunlara qarşı vahid cəbhədə birləşməyə çağırışını DADP olaraq birmənalı surətdə dəstəkləyirlər.  Onun sözlərinə görə, ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qarşı heç şübhəsiz ki, hamımız birləşməliyik. Xaricdəki mərkəzlər tərəfindən maliyyələşdirilən bəzi müxalifət nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verilməməlidir və verməyəcəyik: "Özlərinin məkrli siyasi maraqları naminə ölkənin firəvanlığını, millətin müstəqilliyini qurban verməyə, eynilə Suriya kimi, Ukrayna kimi Azərbaycanı da qlobal güclərin geopolitik savaş meydanına çevirməyə hazır olanlar qarşılarında bizləri - milli qüvvələri görəcəklər. Milləti satanlar millətin iradəsi ilə, vətənpərvər siyasi qüvvələrin sərt təpkisi ilə üz-üzə gəlməyə hazır olsunlar. Şəxsən mən özüm bu torpaq, bu Vətən uğrunda can qoymuşam, Qarabağda erməni işğalçılarına qarşı döyüşmüşəm, yaralanmışam. Yüzlərlə, minlərlə soydaşımız torpaqlarımız uğrunda öz canını fəda edib. Biz ondan ötrü döyüşməmişik ki, indi də hansısa satqınlar, xain siyasi qüvvələr gəlib bu gözəl ölkəmizi imperialist ölkələrin maraqlarına qurban versinlər, paytaxtımızı Hələb, Bağdad, Tripoli kimi xarabazarlığa çevrilmiş şəhərlərin məşum siyahısına qatsınlar".

DADP sədri qeyd edib ki,  xaricdə oturub özlərini "internet Robin Qudları" və ya Yutub qəhrəmanları kimi aparan bəzi mühacir "azərbaycanlı"lar da siyasi videobloggerlikdən kifayət qədər "kirli para" qazanmaqlarının sayəsində həm populyarlığın, həm də böyük pulların dadını hiss ediblər: "Həm xaricdə, həm də daxildə yaxşı şəbəkələşmiş bu antimilli fərdlər və qruplar əslində ölkədə inqilabi mühit formalaşdırmaq və hakimiyyət dəyişikliyinə nail olmaq gücünə malik deyillər. Onlar özləri də bunu çox yaxşı başa düşürlər. Ancaq hər şeyə rəğmən oyun oynamağa davam edirlər. Onlar "siyasi bazarlıq" etməklə məşğuldurlar. Onların əsas məqsədi hakimiyyəti tənqid etməklə bəzi xarici ölkələrin xüsusi xidmət orqanları və fondlarının himayəsinə sığınmaq və onların əliylə siyasi və maddi kapital qazanmaqdır. Məsələ və məzmun bu qədər sadə, bu qədər bəsitdir. Hazırda ölkəmizin daxili işlərinə qarışmağın, hakimiyyətə qarşı təbliğat aparmağın, ölkədəki siyasi prosesləri süni surətdə gərginləşdirməyin ən optimal formalarından biri kimi internet televiziyalarından geniş istifadə ediməsi də məhz yuxarıda qeyd etdiyim maraqlara xidmət edir. Onlar əllərindəki internet televiziyaları təkcə mövcud hakimiyyətə qarşı deyil, həm də bütövlükdə Azərbaycana qarşı siyasi silaha, təbliğat ruporuna çevirməyə çalışırlar". Partiya sədri əminliklə bildirib ki, antimilli ünsürlərin bu planları baş tutmayacaq.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31