“ Antiazərbaycan dairələrin satqın “virtual İŞİD”çilərinə qarşı birgə mövqeyin nümayiş etdirilməsinin zamanıdır” -ŞƏRH

“ Antiazərbaycan dairələrin satqın “virtual İŞİD”çilərinə qarşı birgə mövqeyin nümayiş etdirilməsinin zamanıdır”

"Bu gün Azərbaycan dövlətinə və xalqına qarşı xaricdən idarə olunan və radikal müxalifət partiyaları sədrlərinin iştirakı ilə qurulan geniş təbliğat şəbəkəsi fəaliyyət göstərməkdədir. Bu satqınlıq və təxribat prosesində isə əsasən xarici ölkələrdə sığınacaq almış, yaxud almaq istəyənlərdən istifadə edilir". Bunu Olaylar.az -a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir: "Müasir dövrdə milli dövlətlərin daxili işlərinə qarışmaq, yad ideyaları diktə etmək üçün birbaşa ictimai rəyə təsir göstərən metodlardan və texnologiyalardan istifadə edilməkdədir. Biz 2011-ci ildə Şimali Afrikada baş verən hadisələrin fonunda bir daha gördük ki, imperialist güclər məqsədlərinə nail olmaq üçün hətta sosial şəbəkələrdən də istifadə edirlər. Bu işdə isə onların köməyinə maliyyələşdirdikləri satqın bloqgerlər çatırlar. Çox təəssüüflər olsun ki, bu gün Azərbaycana qarşı da belə bir texnologiyadan istifadə edilir və ən geniş yayılmış forma kimi internet televiziyasına maliyyə dəstəyi verməklə anti-təbliğat cəbhəsi qurulur".

B.Quliyev vurğulayıb ki, müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi də heç kimə sirr deyil. İş o yerə çatıb ki, "siyasi mühacir" statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir: "Mühacir alveri məsələsində xüsusi fəallıq göstərən Müsavat Partiyasından və AXCP-dən daxil olan məlumatlara əsasən bu günə qədər 700-1000 arası insana vəsiqə və arayış satılıb. Məhz, bu vəsiqə və arayış əsasında da Avropada və başqa ərazilərdə siyasi sığınacaq almaq niyyətində olan müxalifətçilər xüsusi xidmət orqanları tərəfindən onların qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirmək öhdəliyini də üzərilərinə götürürlər".

"Hazırda Fransada, Almaniyada məskunlaşmış satqınlardan ibarət şəbəkənin də fəaliyyətini izlədikcə dediklərimiz öz təsdiqini tapır"- deyən Bəhruz Quliyev əlavə edib ki, hazırda antiazərbaycan dairələrindən maliyyələşən və dövlətimizə qarşı qara piar kampaniyası aparan bu "virtual İŞİD"çilər xalqımızın malik olduğu bütün milli-mənəvi dəyərləri məhv etməyə,dövlətçiliyimizə zərbələr vurmağa cəhd edirlər.

Bəhruz Quliyev söyləyib ki, antiazərbaycan dairələrin köstəbəklərinə və satqınlardan ibarət "virtual İŞİD"çilərə qarşı birgə mövqeyin nümayiş etdirilməsinin zamanıdır: "Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi cənab Əli Əhmədovun çağırışına səs verməklə Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələri dövlətimizə qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməlidir. Milli mənafeləri hər şeydən üstün tutan partiyalar, şəxslər siyasi baxışlarından asılı olmayaraq ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı çıxış edənlərə qəti və layiqli cavab verməlidir".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31