Səfir ali dövlət rəsmiləri ilə görüşlər keçirdi
Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov, ölkənin paytaxtı Port of Spain şəhərində bir sıra ali dövlət rəsmiləri ilə görüşlər keçirib.
21 Avqust 2019 11:23 SiyasətAzərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov, ölkənin paytaxtı Port of Spain şəhərində bir sıra ali dövlət rəsmiləri ilə görüşlər keçirib.
Səfirlikdən Olaylar.az-a verilən məlumata əsasən Trinidad və Tobaqo Respublikasının Prezidenti vəzifələrini müvəqqəti olaraq icra edən, Senatın sədri, xanım Kristina Kanqalu ilə Prezident Sarayında görüşü zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunun əslini təqdim etmiş və qarşı tərəf məktubu məmnuniyyətlə qəbul etmişdir.
Bundan başqa, görüş zamanı, ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, təhsil sahəsində də əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı layihəsi Kristina Kanqalu tərəfindən maraqla qarşılanmışdır.
Bundan əlavə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq, həmsöhbətini məlumatlandırdı.
Bundan əlavə səfir Elxan Poluxov Trinidad və Tobaqo Parlamentinin spikeri, xanım Bridgid Meri Anizet-Corc ilə, ölkə Parlamentində görüş keçirmişdir.
Görüş zamanı, parlamentlərarası dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi, Beynəlxalq tədbirlərdə qarşılqlı dəstək imkanları müzakirə edilmişdir. Bundan başqa, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermişdir. Cavab olaraq, xanım Bridgid Mary Annisette-George məsələni dərindən öyrənəcəklərini bildirmişdir.
Səfir Elxan Poluxov, eyni gündə, Trinidad və Tobaqo Respublikasının Xarici və Karikom İşləri naziri Denis Mozes ilə, görüş keçirmişdir.
Görüş zamanı, tərəflər siyasi və iqtisadi sahədə əlaqələrin genişləndirilməsinə dair maraqlarını ifadə etmişlər, eləcədə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilmişdir. Səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında, həmçinin Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı layihəsi haqqında həmsöhbətini ətraflı məlumatlandırmışdır.
Nazir Denis Mozes, Azərbaycan Respublikasının multikulturalizm təcrübəsini dəstəklədiklərini bildirərək, təhsil sahəsində qrantlara görə təşəkkürünü ifadə etmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında mülki əhalinin çəkdiyi əziyyətin təəsüf doğurduğunu bildirmişdir.
Tərəflər həmçinin parlamentlərarası diplomatiyanın inkişafına tam dəstək verdiklərini və ikitərəfli əlaqələri tənzimləyən hüquqi bazanın yaradılmasının vacibliyini vurğulamışlar.