ABŞ İranı gözləmədiyi vaxtda vuracaq -AÇIQLAMA

Elxan Şahinoğlu: “Əgər rəsmi Tehran bundan sonra da uran zənginləşdirsə, ABŞ İrana seçim şansı qoymayacaq”

"ABŞ heç vaxt İranın nüvə dövlətinə çevrilməsinə icazə verməyəcək. Rəsmi Vaşinqton nəinki İranın nüvə silahına sahib olmasına, hətta uranın zənginləşdirilməsi həcmini yüksəltməsinə imkan yaratmayacaq. İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həlli üçün hələlik diplomatik qapılar bağlanmayıb. Problemin müzakirələr yolu ilə nizamlanması üçün şərait var". ABŞ Prezidenti Barak Obama yerli mətbuata açıqlamasında belə deyib. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə ABŞ növbəti proseslərdə İrana güzəşt etməyəcək. "ABŞ İranı danışıqlara çağırdı, rəsmi Tehrana müəyyən mənada güzəştlər etməyə çalışdı. İran isə Barak Obamanın irəli sürdüyü təkliflərin heç birinə əməl etmədi. İran  "sülh məqsədləri üçün" adı altında nüvə proqramını genişləndirir. Əgər rəsmi Tehran bundan sonra da uran zənginləşdirsə, bu İranın nüvə silahı əldə etməsinə imkan yaradacaq. Həmin proses Amerika üçün qırmızı xəttdir və bu xətti keçdikdən sonra İrana güzəşt edilməyəcək. Obama növbəti 5 ili üçün İranla bağlı qəti addımlar atacaq. Yeni Dövlət katibi Con Kerri də müəyyən qətiyyət nümayiş etdirir. Obama növbəti dəfə Əhmədinejada mesaj göndərdi ki, əgər həmin qırmızı xətti keçsə ABŞ İran üçün seçim şansı qoymayacaq. Digər tərəfdən Barak Obamanın bu açıqlaması İranda keçiriləcək prezident seçkilərindən qabaq İran xalqına xəbərdarlıqdır ki, əgər onlar həmin seçkilərdə Əhmədinajad kimi radikal mühafizəkara səs versələr İranın vəziyyəti daha da ağırlaşacaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00