Dünya ölkələrinin silahlanma yarışı bəşəriyyəti təhlükəyə atır - MİLLƏT VƏKİLİ

Zahid Oruc: “Heç bir dövlət silahlanmadan danışmır”

Son illər dünyanın aparıcı güc mərkəzləri sayılan dövlətləri sürətli şəkildə silahlanmağa başlayıblar. Ayrı-ayrı beynəlxalq konfrans və toplantılarda dünyada silahlanmanın əleyhinə olduqlarını bəyan edən Birləşmiş Ştatlar, aparıcı Avropa dövlətləri, eləcə də Vaşinqton və Qərbin əbədi və əzəli rəqibi Rusiya əməldə isə bunun əksini icra edir, daha çox və daha sürətli  silahlanma prinsipinə üstünlük verir. Bu günlərdə Rusiyanın silah istehsalı və ixracı ilə bağlı açıqladığı rəqəm, həmçinin Biləşmiş Ştatlar, Böyük Britaniya və Fransanın Afrika regionunda daha çox hərbi baza yaratmaq yarışı, bütün bunların fonunda isə Çin, Şimali Koreya və İran İslam Respublikasının Qərbə qarşı əzələ nümayişi dünyada sürətli silahlanma prosesinin getdiyini təsdiqləyir. Bəs görəsən, dünya dövlətlərini daha çox silahlanmaya vadar edən nədir və ayrı-ayrı ölkələrin silahlanma yarışı bəşəriyyət üçün əlavə nə kimi problemlərə yol aça bilər?

Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyir ki, dünyada iqtisadi inteqrasiya və mədəni əlaqələr davam etsə də, sivilizasiyaların dialoquna çağırışlar artsa da, heç bir dövlət, güc mərkəzi rolunu oynayan ölkələr sürətlə silahlamadan danışmır, bu problemin həlli istiqamətində addım atmır: "Təhsil, səhiyyə xərclərinə qəddarlıqla əl atanlar tankları, topları, hərbi təyyarələri təhlükəsizliyin qarantı hesab etməkdən çəkinmirlar". Millət vəkilinin sözlərinə görə, vahid Avropanın təhlükəsizliyi o qədər kövrəkdir ki, tankların lüləsindən kənarda sülh görünmür. Zahid Orucun sözlərinə görə, "soyuq müharibə"nin uğurla başa çatması belə dünya dövlətlərini hərbi xərcləri azaltmağa sövq etdirmədi: "Əksinə SSRİ kimi nəhəng imperiyanın təhlükəsindən azad olan ölkələr bu gün sürətlə silahlanma yarışının önündə gedirlər. Vaxtilə dünyanı dörd dəfə darmadağın etməyə yetəcək qədər nüvə başlığı istehsal etməyə məhkum olunmuş və buna görə iqtisadi-siyasi iflasa uğramış sovet sisteminin aqibətindən nəticə çıxarmağa lüzum görən yoxdur". Millət vəkili deyir ki, qlobal iqtisadi böhran bütün xərclərin strukturunda dəyişikliklərə səbəb olduğu halda təkcə hərbi vəsaitlər artmaqda davam edir: "Dünyada mötəbər institut kimi xarakterizə olunan Stokholm Tədqiqatlar Mərkəzinin məlumatları da sübut edir ki, silahı yerə qoymağı düşünən yoxdur. 2008-ci ildən bu yana Böyük Britaniya, Fransa və Almaniyanın hərbi büdcəsi cəmi 5 faiz azalsa da, Ümumi Daxili Məhsulun artımı fonunda bu sahəyə yönəldilən vəsaitlər kifayət qədər böyükdür. Fransızları kredit reytinqi və digər iqtisadi mexanizmlərlə təzyiqə məruz qoysalar da onlar azaltma tədbirlərinə getmədilər. İndi Malidə sülhü təmin edən ordu kontingentinin hər günü milyonlara başa gəlir. Düzdür, Avropanın zəif həlqələri olan Yunanıstan, İspaniya və İrlandiya ixtisarlara əl atdılar. Lakin dövlətlərarası iri tutumlu müqavilələrdən heç kəs imtina etmədi. Məsələn, yunanlar Almaniyadan gəmi və təyyarələrin sifarişində korrektələrə getmədi. İtaliyada isə kəskin etirazlara və kütləvi aksiyalara baxmayaraq hərbi xərclər təqribən 2 milyard artırılaraq 21 milyard avroya çatdırıldı. Bununla da  hökumət göstərdi ki, müasir 5-ci nəsil qırıcı-bombardmançı F-35-lərdən imtina etmək fikrində deyil". Millət vəkili bildirir ki, Avropada hərbi qüvvələrə ödənən əmək haqları Birləşmiş Ştatlardan iki dəfə çoxdur. Bununla belə, dünyanın qlobal hərbi gücü olan Birləşmiş Ştatların 731 milyard dollarlıq xərclərinə heç kim çata bilmir: "Lakin NATO tərkibində olan hərbçilərin əsas kütləsini Avropa Birliyinin kontingenti təşkil edir. Amerikanın 1 milyon 427 min əsgərinə qarşı Avropa 1milyon 532 min saylıq heyətlə dünya arenasında hegemonluq edən NATO-nun srukturunu formalaşdırırlar. Rusiyanın silah satışından əldə etdiyi 31 milyard dollarlıq gəlir onun büdcəsində əhəmiyyətli yer tutur. Suriyada qətlə yetirilən 70 mindən artıq insanın ölümündə həmin silahların rolu isə götürülən faydanın halallığına qətiyyən xələl gətirmir. Çünki belə qlobal ticarətin meyarları ayrıdır. Üstəlik, xalqını qıran rejimin əlində hansı markalı silahın və aid olduğu ölkənin o qədər də önəmi yoxdur. O cümlədən yunanların xəstəxanalarının qan bankında ehtiyatlar tükəndiyi halda, silah bazarı qaynayır və milyardlar burada dövr edir. Həmçinin sadə İraq xalqının qanı hər gün həmin silahların tətikləri altında ucuz qiymətə torpağa və daşa çilənir.Əsrin vəhşəti bax budur".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00