İsrail səfirliyi rəsmi Bakıya açıqlama verməlidir - FİKİR

Zahid Oruc: “Azərbaycanda təhlükəsizlik İran, Əfqanıstan, İraq və Suriyadakı kimi deyil, dövlətin təhlükəsizliyi mükəmməl şəkildə təmin edilib”

İsrailin terrorçuluğa qarşı mübarizə qərargahı İsrail vətəndaşlarını Novruz Bayramı günlərində Azərbaycana səfər etməkdən çəkinməyə çağırıb. Siyahıda postsovet ölkələrindən yalnız Azərbaycanın adı var. Qərargah Azərbaycanda təhlükənin səviyyəsini "potensial" olaraq qiymətləndirib. İsrail "Hizbullah" liderlərindən İmad Muqniyyənin zərərsizləşdirilməsinin beşinci ildönümündə bu təşkilatın İsrail vətəndaşlarını oğurlaya biləcəyini ehtimal edir. "Azərbaycan-İsrail əlaqələri siyasi, hərbi, təhlükəsizlik, istqisadi istiqamətləri baxımından kifayət qədər inkişaf etməkdədir. Bir çox hallarda bu əlaqələr müəyyən problemlərin həll edilməsi istiqamətində dəyişdirici rola malikdir. Məsələn, Türkiyə-İsrail əlaqələrində Azərbaycan İsraillə olan normal münasibətlərinə görə tənzimləmə rolunda çıxış edə bilir. İran amilinə görə Azərbaycanda yaşayan işləyən, diplomatik fəaliyyət aparan yəhudilərin həyatı riskli amillərlə müşayiət olunur" deyən millət vəkili Zahid Orucun sözlərinə görə, Azərbaycan ötən dövr ərzində xarici vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün ən yaxşı tədbirləri həyata keçirib: "Bundan sonra da belə olacaq. Verilən bu bəyanat isə müəyyən istiqamətlərdə Azərbaycanın əleyhinə işlənə bilər. Ən azından Ermənistan bundan İsrail-Azərbaycan münasibətlərini pozmaq üçün bəhrələnməyə çalışacaq. Digər tərəfdən Türkiyədə Azərbaycan-İsrail əleyhinə olan qüvvələr bu bəyanatdan faydalanmağa səy göstərəcəklər. Ən pisi odur ki, bəyanat digər tərəfdən xarici investitorlara, xarici iqtisadi əlaqələrə təsir göstərə bilər. Əgər yəhudilər Azərbaycana gəlməkdən boyun qaçırsa, onlar da dünya çapında güclü millət kimi xarakterizə olunursa digər millətlərin nəzərində də yəhudilər kimi bir ölkə əleyhinə "burada risk amilləri, təhlükələr, müharibələr var" kimi təəssürat yaranacaq. İsrail səfirliyi məsələyə aydınlıq gətiməli, məsələyə daha konkret fikir bildirməlidir. Bəyanatı Azərbaycanda insanlar üçün təhlükələrin olmadığını bəyan etməlidir. Çünki, Azərbaycanda təhlükəsizlik İran, Əfqanıstan, İraq və Suriyadakı kimi deyil. Dövlətin təhlükəsizliyi mükəmməl şəkildə təmin edilib". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00