Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir - AÇIQLAMA
Mais Güləliyev: “Belə xəbərdarlıqlarla onlar ölkə rəhbərliyi və hökumət orqanlarına təzyiq göstərirlər”
7 Mart 2013 16:03 Siyasət"Əhalinin fiziki təhlükəsizliyi baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Lakin vaxtaşırı İsrail və ABŞ öz vətəndaşlarına Azərbaycanda onların fiziki sağlamlığına təhlükənin olacağı ilə bağlı xəbərdarlıq edirlər". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev İsrailin terrorçuluğa qarşı mübarizə qərargahının öz vətəndaşlarını Novruz Bayramı günlərində Azərbaycana səfər etməmək çağırışına münasibət bildirərkən səsləndirib. Partiya sədri bildirib ki, bu cür xəbərdarlıqlar üç səbəbdən irəli gəlir: "Birincisi, belə xəbərdarlıqla onlar ölkə rəhbərliyinə və hökumət ordanlarına təzyiq göstərirlər. Xüsusilə, birgə layihələrin həyata keçirilməsi müddətində belə etməklə əlavə dividentlər qazanırlar. Əlavə maddi təminatlar və ya sığortalama tələb edirlər. Hətta banklar belə xəbərdarlıqdan sui-istifadə edərək ölkəyə verilən kreditlərin risk dərəcəsini artırırlar və faizi yüksəldirlər. İkinci səbəb isə ondan ibarətdir ki, həm İsrail, həm də ABŞ dünyada o qədər günahsiz qanlar axıdıblar ki, hər yerdə. Hər kəsdən və hər şeydən qorxmağa başlayıblar. Bu ölkələrin ən yüksək rütbəli nümayəndələri ezoterika ilə ya birbaşa ya da dolayısı ilə məşğul olurlar. Onlar tamamilə əmindirlər ki, günahsız qanların intiqamını hətta təbiət özü alır. Odur ki, hər şeydən, hər kəsdə, hər yanda qorxu hissi bu cəmiyyətləri psixoloji gərginliyə düçar edib. Xüsusilə, daha çox günah işlədilmiş ərazilərdə belə qorxu onları rahat buraxmır". Mais Güləliyevin sözlərinə görə, üçüncü səbəb isə onunla bağlıdır ki, həm İsrail, həm də ABŞ belə təhlükələrin olmasını iddia edərək, hətta bir çox hallarda süni surətdə belə təhlükələri yaradaraq ölkə cəmiyyətlərinə psixoloji təsir göstərirlər: "Bununla da öz fəaliyyətlərindəki anti-humanist, qeyri-qanuni və işğalçılıq mahiyyəti gizlətməyə çalışırlar. Guya hər hansı ölkədə bunlara qarşı təhlükə var. Ona görə də hakimiyyətdən İsrail və ABŞ siyasətinə müxalif olan qüvvələrin sıxışdırılması, hətta məhv edilməsi tələb olunur"