Həmsədrlərdən növbəti ikili mövqe - REGİON

Vasitəçilərə olan inam daha da azalır

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri nəzərdə tutulur. Bu xəbəri bir neçə gün əvvəl Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir araya gələn vasitəçilər görüşdən sonra yaydıqları bəyanatda bildiriblər. Bəyanatda Dağlıq Qarabağ probleminin həllinə yönəlik hər hansı bir fikirlər yer almasa da, ümumilikdə həmsədrlərin regiona səfərləri müsbət addım kimi dəyəndirilir. Bildirilir ki, uzun müddət davam edən durğunluq dövründən sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin yenidən hərəkətə keçməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində bir canlanmaya səbəb ola bilər. Ancaq ümumilikdə, həmsədrlərin regiona nəzərdə tutulan bu dəfəki səfərindən də analitiklər heç bir müsbət nəticə gözləmirlər. Əksəriyyət ekspertlərin mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona nəzərdə tutulan bu dəfəki səfəri də əvvəlki səfərlərdən heç nə ilə fərqlənməyəcək və vasitəçilər münaqişənin həlli ilə əlaqədar tərəflərə hansısa yeni təklif və formul təqdim etməyəcəklər.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hesab edir ki, beynəlxalq təşkilat və qurumlar, həmsədr ölkələr gərək işğalçı ölkə ilə öz dilində danışsın və ona qarşı təzyiq vasitələrindın istifadə etsin. Dünya birliyinin işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadığı təqdirdə regiona səfərlərin, münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir nəticə verməyəcəyini deyən hakim partiyanın rəsmisi beynəlxalq aləmi ədalətli mövqe nümayiş etdirməyə çağırıb: "Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizin ərazisinin 20 faizini işğal etməsi beynəlxalq sənədlərdə də öz əksini tapıb. Ermənistanın işğalçı dövlət olması dünya ictimaiyyətinə bəllidir. Bu birmənalıdır ki,  Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur. Azərbaycan bu məsələdə birmənalı mövqeyini nümayiş etdirib və bizim siyasətimizin başlıca qayəsini işğal edilmiş torpaqların tam geri qaytarılması təşkil edir. Dövlətimiz bu məsələdə hansısa bir kompromisdən bəhs etmir". Millət vəkili deyib ki, Azərbaycanın ən böyük kompromisi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olmasıdır: "Çünki Azərbaycan beynəlxalq hüquq normalarına və konvensiyalara müvafiq olaraq öz ərazisini işğaldan azad etmək hüququnu özündə saxlayır. Üstəlik, bunu müttəfiq dövlətlərin iştirakı ilə də edə bilər. Dövlətimizin ikinci ən böyük kompromisi tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın bu gün bu məsələni qaldırmamasıdır. Digər bir nüans odur ki, 1948-1953, 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya olunmasıdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bütün bunlardan xəbərdardır". Millət vəkilinin sözlərinə görə, Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirir: "Lakin Ermənistan sülh danışıqlarını ləngitmək, prosesə zərbə vurmaq üçün fitnəkar xarakterli addımlar atmağa çalışır. Bunlardan biri də Xocalı ilə İrəvan hava limanları arasında sərnişin daşınmasını həyata keçirməyə yönəlik edilən cəhdlərdir. Bu, qeyri-qanuni bir cəhddir. Beynəlxalq Aviasiya Agentliyi də məsələyə bu cür yanaşır. Rəsmi Bakı da beynəlxalq hüquq normalarında və konvensiyalarda əks olunmuş prinsip və müddəalara istinad edərək buna öz etirazını bildirir. Bütün hallarda hüquq bizim tərəfimizdədir. Bunun qarşısını almaq üçün edilən diplomatik səylər davam etməkdədir".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ problemini həll etmək iqtidarında olmadığını söyləyib. Bildirib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etmək niyyətində olmadığı üçün Azərbaycan öz hərbi gücündən istifadə edərək həmin əraziləri işğaldan azad etməlidir: "Çünki buna Azəbaycanın hüququ çatır. Beynəlxalq hüquq bizə bu haqqı verir". Akif Nağı deyib ki, Qarabağ Azadlıq Təşkilatı hər zaman ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həllinə nail ola bilməyəcəyini deyib və bu təşkilatdan heç bir nəticə gözləməyib: "Həmsədrlər də yalnız regiona turist səfərləri etməklə işlərini bitmiş hesab edirlər".

Politoloq Nurəddin İsmayılov da hesab edir ki, dünya birliyi,  beynəlxalq təşkilatlar, eləcə də münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupu işğalçını öz adı ilə çağırmayana qədər Dağlıq Qarabağ problemi həllində heç bir müsbət nəticə əldə olunmayacaq: "Dünyada mövcud olan ikili standartlar da problemin həllinə öz mənfi təsirini göstərir: Ona görə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona nə vaxt və hansı situasiyada  səfər etmələrinin heç bir əhəmiyyəti yoxdur".

Politoloq Elxan Şahinoğlu isə deyir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin sonuncu bəyanatında da ikili münasibət özünü büruzə verib. Bu səbəbdən vasitəçilərin regiona səfəri münaqişənin həllinə hər hansı müsbət təsir göstərməyəcək: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bəyanatındakı Xocalı hava limanı ilə bağlı hissəsi bizim xeyrimizə deyil. Bəyanata qeyd olunur ki, Dağlıq Qarabağa mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən narahatıq. Bəyanatda göstərilmir ki, ümumiyyətlə hava limanının işə düşməsindən narahatıq. Deyirlər ki, "mülki təyyarələrin" uçuşlarım həyata keçirillməsi "ətrafında" yaranmış vəziyyətdən narahatıq. Yəni Azərbaycana işarə edirlər ki, guya hava limanına yalnız mülki təyyarələr enəcək və sən bunun "ətrafında" vəziyyəti gərginləşdirirsən. Bu da Paris görüşünün acı nəticəsi".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00