Azərbaycan Burundi qaçqınlarına yardım edib
Azərbaycan Burundi qaçqınlarına yardım edib
23 Aprel 2019 10:23 SiyasətBMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikası Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırmışdır. XİN-dən "Olaylar"a bildirilib ki, sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcəkdir.
Məlumat üçün bildirmək istərdik ki, BMTQAK "2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı"nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb olunduğunu açıqlamış, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət etmişdir.