Kremlin Qərbə qarşı dirənişi- TƏHLİL

Moskva Avropa dövlətlərini özünə tərəf çəkməyi bacarır

Moskva Avropa dövlətlərini özünə tərəf çəkməyi bacarır

Qərbin sanksiyaları və təzyiqlərinə baxmayaraq hələ ki, Rusiya iqtisadi cəhətdən ayaqda durmağı bacarır.  Əks qütbə qarşı ciddi şəkildə dirəniş göstərən Kreml rəhbəri Vladimir Putin alternativ yollar arayaraq Qərbə qarşı adekvat addımlar da atır. Moskvanın gedişlərini şərh edən müstəqil ekspert Kamran Sultanlı deyir ki, Kreml rəhbəri Avropadaki lobbi və hakim komandalara yaxınlıqdan istifadə edərək, Avropa şirkətlərini ölkəsinə cəlb etməyə çalışır. Onun sözlərinə görə, Almaniya, İtaliya, Avstriya və Çexiya Rusiya ilə iqtisadi əlaqələri genişləndirməyə maraqlı olan dövlətlərdir: "Almaniya Avropa Birliyinin iqtisadi lideri, İtaliya isə üçüncü ən böyük iqtisadiyyatıdır. Rusiya hazırda Almaniya ilə birlikdə, "Şimal Axını 2"-ni həyata keçirir. Bu layihədə podratçı və operator "Qazprom" şirkətidir. Bu isə Avropa Birliyinin inhisar qərarlarına ziddir. Almaniya hazırda, Avropa iqtisadiyyatının ən böyük gücüdür. Sual yaranır ki, Brüssel Berlinə qarşı gələ biləcəkmi? "Şimal Axını" 2 layihəsi, Rusiyanın Avropa enerji bazarında dominantlığını artıracaq. Həmçinin Moskva geosiyasi mərkəz olan Ukraynanı offside vəziyyətinə salacaq. Bu günlər Almaniya avtomobil nəhəngi "Daixmler" Rusiyada yeni zavodunu açıb. Almaniyanın avtomobil qüruru sayılan "Mersedes" Rusiya zavodlarında istehsal ediləcək. Açılışa Putin də dəvət olunub. Putin başqa çərçivədən, avropalı iş adamlarına sərfəli şərtlər irəli sürərək, onları ölkəyə dəvət edir. Bu şirkətlər də, Rusiya bazarında maraqlıdırlar". Ekspert deyir ki, Putin İtaliya və Avropa lobbisindən istifadə edir: "Hakim komanda Şimal Liqası və Beş ulduz Putinə yaxındır. Onlar hazırda Avropa Birliyinə qarşı siyasət yürüdürlər. İtaliyanın keçmiş baş naziri Silvia Berluskoni də Putinin dostudur. Həmçinin Kreml rəhbəri kansler Merkelin siyasi məllimi Şröderlə dostdur. Bundan əlavə Almaniyanın neonasist AFD partiyası da, Rusiya ilə əlaqələrə maraqlıdır. Çexiya prezidenti ifrat sağçı Miloş Zeman, Fransa milliyətci cəbhə lideri Marine La Pen Putinin dostudur. Bütün bu lobbilərdən istifadə edən Putin ölkəsinə münbit və sərfəli şərtlərlə iş adamlarını dəvət etməyə çalışır. Şübhəsiz sanksiyalar, Rusiya iqtisadiyyatını zəiflədib, Rusiya rublu dəyər itirib, rezervləri azalıb, iş dünyasına müəyyən təsirləri olub, yoxsulluq və işsizlik artıb, alıcılıq qabiliyyəti zəifləyib. Lakin bu sanksiyalar Rusiyanı çökdürmür. Rusiya hələ də, öz mövqeyini qoruyur". Kamran Sultanlı deyir ki, Almaniya öz maraqlarına görə Rusiya ilə yaxınlaşmağa maraqlıdır: "Təbii ki. Donald Tramp Merkeli tənqid etməklə, tamamilə haqqlıdır. Üstəlik Rusiya neftin qiymətindən artıq qalan bütün məbləğləri ,ehtiyat rezerv fonduna ötürür. Rusiyanın 460 milyard dollardan çox ehtiyat rezervi var. Həmçinin şimal qonşumuzun qızıl ehtiyatları da kifayət qədərdi. Bəzən Rusiya özü rublun dəyər itirməsinin qarşısını almır. Çünki Moskva bilir ki, rublun dəyər itirməsinin əsas səbəbi xarici amillərdir. Bu baxımdan, Rusiya rublun kəskin dəyər itirməsinə müdaxilə etmir, əgər hədd kritiki keçsə bu zaman ehtiyat rezervi bazara buraxır. Hələ ki, Mərkəzi Bank valyuta bazarını tənzimləyə bilir. Bu sanksiyalar Putinin ətraf şəxslərinə ciddi zərbələr endirmir. Bu da Kremlə yeni imkanlar açır. Üstəlik Avropa hələ də, Rusiyanın neft-qaz tədarükündən asılıdır. Birləşmiş Ştatlar indi, qaz bazarında özü də yer almağa çalışır. Bu baxımdan Cənub Qaz Dəhlizinə də dəstəyini artırır. Bu Azərbaycana sərf edir. Rusiya uzun illərdir, Türkmənistan qazının Avropaya daşınmasının qarşısını almaq üçün Xəzərdə Aşqabadı təhdid edir". Ekspert onu da əlavə edib ki, İranla Qərbin soyuqluğu Rusiyaya sərf edir: "Çünki İran Rusiyanın enerji tədarakünə ciddi alternativdir. Obama bu aspektdən bazarda, İran vasitəsilə Rusiyanı əvəz etmək istəyirdi. Tramp bu planı fiaskoya uğratdı. Bu baxımdan Demokratlar Rusiyaya sərfəli deyil. ABŞ Rusiyanın Avropaya neft ixracına ciddi blok qoya bilmir. Əgər bunu etsə, neftin qiyməti tavan vurar, həmçinin Avropanın enerji təhlükəsizliyi təhdid altına düşər. Bu aslılığı qısa zamanda aradan qaldırmaq mümkün deyil. Bu amildən də Putin istifadə edir".

Kamran Sultanlı deyib ki, Rusiya Qərb bazarına çox güclü inteqrasiya edib: "Qərb və Rusiya bir-birindən qarşılıqlı aslıdırlar. Rusiyaya qarşı ABŞ sanksiyalarından, ABŞ zərər görməsə də, Avropa görür. Buna görə Avropa dövlətlərinin bir çoxu, Rusiya ilə əlaqələrin qorunmasına maraqlıdırlar. "Şimal Axını" 2-yə baxsaq, burada təmsil olunan şirkətlərin çoxu Putinə dost ölkələrdəndir. Avstriya bu layihədə güclü təmsil olunur. Avstriyanın hazirki kansleri ultrasağ Vurst, Putinlə yaxın əlaqələrə malikdir. Rusiya Ukraynanı cəzalandırmaq üçün, tək Donbasla kifayətlənməyərək, Ukraynanın tranzit imkanlarına zərbə endirməyə çalışır. Bəllidir ki, Donbas Ukraynanın əsas sənaye mərkəzidir. Donbasın Mərkəzi hakimiyyətindən qoparılmasından sonra, Ukrayna sənayəsi, iqtisadiyyatı ciddi zərər görüb. Ölkəni 10 milyon adam tərk edib. Ukrayna Rusiyaya sanksiyalar tətbiq edib. Bu sanksiyalar Rusiyaya 6 milyard dollar zərər vursa da, Ukrayna iqtisadiyyatına da ciddi zərər verir. Rusiya, Boyko-Medvedçuk tandemi ilə, Ukrayna ictimaiyyətinə öz rolunu və Rusiyasız Ukraynanın gələcəyinin acınacaqlı ola biləcəyini mesaj verir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31