Humanizm prinsipinin daha bir nümunəsi
18 Mart 2019 13:39 SiyasətƏfv sərəncamı İlham Əliyevin mərhəmət və humanizm siyasətinin tərkib hissəsidir
Prezident İlham Əlliyev tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilməkdədir.Xatırladaq ki, demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hələ 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Hazırda da dövlət başçısının yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi məsələsi dayanır. Təkcə ölkə başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamına uyğun olaraq Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar məhkəmələr tərəfindən 6.000-ə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib, 4.200-dən çox şəxs cəzadan tamamilə azad olunub və ya cəza müddətləri azaldılıb. Yeri gəlmişkən xatırladaq ki, bu günə qədər ölkəmizdə 11 dəfə amnistiya aktı qəbul edilib, dövlət başçısı tərəfindən 60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub. Novruz bayramı ərəfəsində də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Məlumat üçün qeyd edək ki, sərəncam ümumilikdə 431 nəfərə şamil olunur. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naqif Həmzəyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirən Azərbacan prezidenti cənab İlham Əliyevin növbəti əfv sərəncamını imzalaması humanizm prinsiplərini daim rəhbər tutmasının bariz nümunəsidir. Millət vəkilinin dediyinə görə, Novruz bayramı ərəfəsində 431 ailəyə sevinc bəxş edən bu əfv sərəncamını yalnız alqışlamaq lazımdır: "Ölkə prezidenti bu sərəncamla növbəti dəfə minlərlə insanın, yüzlərlə ailənin sevincinə sevinc qatmış oldu. Odur ki, bu nəcib və humanist addımına görə cənab prezidentimizə seçicilərim adından minnətdarlığımızı bildirirəm". Millət vəkili Gövhər Baxşəliyeva da qeyd edib ki, əfv fərmanının xalqımızın Novruz bayramı ərəfəsində verilməsi ilk növbədə əfv olunanlara, onların ailə üzvləri və qohum-əqrəbalarına yeni böyük bir sevinc və bayram hədiyyəsidir: "Əlbəttə, bu, ölkə başçımız cənab İlham Əliyevin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, aparılan islahatların tərkib hissəsidir. Bildiyiniz kimi, hər Novruz bayramı ərəfəsində cənab İlham Əliyev tərəfindən bu addım atılır. Siyasi baxışından, əqidəsindən, dünya görüşündən asılı olmayaraq, törətdiyi cinayət əməli və ya hüquqpozma əməlindən peşman olmuş, səhvini etiraf etmiş və ya səhhəti, ailə vəziyyəti ilə əlaqəli olaraq, bir qrup insan cənab prezidentimizin humanizm və mərhəmətindən irəli gələn verdiyi fərman və sərəncamla cəza çəkməkdən azad olunur. Cənab prezident bir daha bu əfv fərmanı ilə sübut etdi ki, hər bir vətəndaşımızın prezidentidir, insan hüquq və azadlıqları prinsiplərinə ölkəmiz sadiqdir və bu sahədə işlər muxtəlif islahatlar vasitəsi ilə daim təkmilləşir. Azad olunanlar mətbuatdan da gördüyümüz kimi, bunun üçün möhtərəm prezidentimiz cənab İlham Əliyevə, eyni zamanda, bu işdə yüksək səviyyədə səylərini, zəhmətini əsirgəməyən birinci vitse-prezident, xanım Mehriban Əliyevaya dərin minnətdarligini bildirirlər. Bu gun dünyada ölkəmizi istəməyən qüvvələr və onların dəyirmanına su tökən öz içimizdən olan bəzi yaramazlar bütün bu kimi addımlara kölgə salmaq istəyirlər. Ancaq ölkəmiz, dövlətçililiyimizi qorumaq naminə xalqımız həmişə dövlətinin və prezidentinin yanında olduğunu sübut edib. Mən cənab prezidentimizin bu humanist addımını alqışlayıram". Deputat Azər Badamov da hesab edir ki, ölkə başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı xalqımıza ən böyük Novruz bayramı hədiyyəsidir. Onun sözlərinə görə, belə sərəncamları ölkə prezdent mütəmadi olaraq imzalayır: "Törətdikləri cinayət əməllərinin cəmiyyət üçün təhlükəlilik səviyyəsi nəzərə alınaraq, məhkumluq həyatını yaşayan insanların bir çoxu əfv olunur, onlar ailələrinə qovuşdurulur, gözü yolda olan ailələrin intizarına son qoyulur və bir daha cəmiyyətdə özünü doğrultmasına imkan verilir. Təbii ki, bu, cənab prezdentin siyasətinin təməlində humanizmin birinci yerdə dayandığının göstəricisidir. Martın 16-da imzalanan əfv sərəncamı da 431 nəfərə şamil olunub, o cümlədən, 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Bu, çox təqdirəlayiq haldır və xalq tərəfindən alqışlanır. Ümumiyyətlə, cənab prezdentin imzaladığı və icra olunan sosial proqramlar, əfv sərəncamlar bir daha onu göstərir ki, İlham Əliyəv hər bir vətəndaşın prezidentidir".
Digər millət vəkili Eldəniz Səlimov qeyd edib ki, hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində "hər bir azərbaycanlının prezidenti olacağam"-deyən, dövlət başçısı son 10 ay ərzində ikinci dəfə böyük və tarixi əfv sərəncamı imzalamaqla, bir daha vədinin, sözünün üstündə durduğunu nümayiş etdirdi: "Yəni, dövlət başçısı heç bir azərbaycanlıya, heç bir Azərbaycan vətəndaşına fərq qoymadığını, hətta, səhvə, xətaya, cinayətə yol vermiş insanları belə bağışlamaq, əfv etmək iradəsinə və qürdrətinə malik olduğunu əməlləri ilə sübut etdi və etməkdədir. Əfv etmək və bağışlamaq tək olan Allahımıza və onun Yer üzünə göndərdiyi xilaskar elçilərinə, müdrik dövlət adamlarına xas olan bir cəhətdir. Yalnız müdrik insanlar, müdrik dövlət rəhbərləri, güclü, ədalətli siyasi liderlər bağışlamağı və əfv etməyi bacarırlar.Ulu Öndərimizin humanizm, insanpərvərlik siyasətini 16 illik hakimiyyəti dövründə uğurla davam etdirən cənab prezident də məhz əfv etməyi və bağışlamağı bacaran uca könüllü dövlət rəhbəri, ölkə liderdir. Son addımı ilə dövlət başçımız bir daha bunu sübut etdi və nümayiş etdirdi. Ona görə ölkə rəhbərinə, hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyevə bu, son dərəcədə müdrik və humanist addımına görə minnətdarlığımı bildirir, azadlığa qovuşan insanlarımızı, onları yaxınlarını isə təbrik edirəm. Arzu edirəm və inanmaq istəyirəm ki, həmin insanlar onlara verilmiş bu tarixi şansı və fürsəti olduğu kimi və yaxşı şəkildə dəyərləndirəcək, bir daha səhvə, xətaya yol verməyəcəklər".
Nurlan