Prezidentin növbəti humanist addımı- TƏHLİL

Və 431 ailəyə bəxş edilən sevinc

Cari ilin əvvəllərindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkə vətəndaşlarına bir-birinin ardınca böyük sevinc,  qürur və məmnunluq bəxş edir. Dövlət başçısının hələ ötən ilin sonlarında 2019-cu ilin islahatlar ili olacağı barədə söylədiyi fikirlər öz əksini tapır. Hələ 3 ay tamam olmamasına baxmayaraq,  bu 3 ay ərzində 3 ilə bərabər işlərin, islahatların, ən əsası vətəndaş məmnunluğuna hesablanan addımların şahidi olmuşuq desək yanılmarıq. Çünki Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev üçün hər şeydən öndə olan vətəndaş məmnunluğu, onun problemlərinin həlli və bu istiqamətdə lazımı addımların atılmasıdır. Elə ötən həftə sonu da dövlət başçısı bu prinsiplərə sadiq qaldığını bir daha sübut etdi. Və  həm vətəndaş məmnunluğu, həm də humanizm prinsiplərini əsas tutaraq "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzaladı. Sərəncama əsasən 399 nəfər cəzasının çəkilməyən hissəsindən azad ediliblər. Bundan başqa sərəncam əsasənda  ömürlük həbs cəzasına məhkum edilmiş 1 nəfərin cəzası 25 ilə, 2 nəfərin cəzası isə 20 ilə endirilib. Həmçinin  azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş bir sıra şəxslər cəzadan azad ediliblər: Ümumilikdə. Dövlət başçısının imzaladığı əfv sərəncamı 431 nəfər şamil edilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı əfv sərəncamının icrasına martın 16-da, səhər saatlarından etibarən start verilib. Məlumat üçün qeyd edək ki, hər zaman olduğu kimi bu dəfə də dövlət başçısının imzaladığı əfv sərəncamının icrasını kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və millət vəkilləri yaxından izləyiblər. Belə ki,  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə media nümayəndələri, eləcə də millət vəkilləri və vətəndaş cəmiyyətinin təmsilçiləri  bir sıra cəzaçəkmə müəssisələrində olublar. "OLAYLAR"ın əməkdaşının da daxil olduğu jurnalistlərdən ibarət qrup əvvəlcə Bakının Qaradağ rayonundakı 13 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icra prosesi ilə yaxından tanış olub.

Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, müəssisə rəisi Azər Hacıyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev və hüquq müdafiəçisi Səadət Bənənyarlı  da iştirak ediblər.  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov çıxış edərək dövlət başçısının imzalamış olduğu əfv sərəncamını yüksək qiymətləndirib.  O, bildirib ki, Cənab Prezident hər zaman olduğu kimi bu dəfə də humanizm prinsiplərinə bir daha sadiq qaldığını nümayiş etdirib. Vüqar Abışov qeyd edib ki, ümumilikdə indiyə qədər 65 əfv sərəncamı imzalanıb və həmin sərəncamlar əsasında minlərlə insan azadlığa çıxıb. Xidmət rəsmisi diqqətə çatdırıb ki, 13 saylı cəzaçəkmə müəssisəsindən 42 nəfər azadlığa buraxılıb. Onların arasında Özbəkistan vətəndaşı Oybek Sadullayeviç Axmedov, Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Bayram Məmmədov da var. Dövlət başçısının hər zaman humanizm prinsiplərinə sadiq qaldığını deyən Vüqar Abışov əfv edilənləri təbrik edib, onlara bir daha cinayət törətməməyi tövsiyə edib. Sonra əfv olunaraq azadlığa buraxılanlara arayışlar təqdim olunub.

Daha sonra jurnalistlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində sərəncamın icrasını izləyiblər. Tədbirdə Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, hüquq müdafiəçisi Səadət Bənənyarlı də iştirak ediblər. 12 saylı müəssisədən isə 4 nəfər azadlığa buraxılıb. Onların arasında iki qardaş - Möhlət və Qeyrət Əliyevlər, həmçinin Nardaran hadisələrinə görə həbs olunmuş Ruzi İsmayılov da var.

Sonda media nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində olublar Jurnalistlər burada da sərəncamın icrası prosesini yaxından müşayət ediblər. Məlumat üçün qeyd edək ki, 8 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər azadlığa buraxılıb. Həmin şəxs Nardaran hadisələrinə görə həbs edilmiş Zülfüqar Mikayılovdur. O, 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunmuş və 17 il müddətinə azadlıqdan məhrum edilmişdi. Əfv olunaraq azadlığa buraxılan şəxsə arayış təqdim edilib.

Dövlət başçısının imzaladığı əfv sərəncamı Cənab Prezidentin atmış olduğu bu humanist addımla azadlıq əldə edən keçmiş məhbuslar tərəfindən böyük sevinclə, eyni zamanda məmnunluq ifadələri ilə qarşılanıb.  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə ittiham edilərək azadlıqdan məhrum olunan Afiq Hüseynov törətdiyi əməldən peşmançılıq keçirdiyini bildirməklə yanaşı, həmyaşıdlarını da yalnış yoldan, cinayıt törətməkdən uzaq durmağa çağırıb: "Bir cavanlıq səhvi etmişik.  Qız qaçırtmağıma görə 8 il azadlıqdan məhrum edilmişdim. Sağ olsun Cənab Prezidenti hər zamankı kimi humanist addım ataraq bizə, ailəmizə, yaxınlarımıza bayram ərəfəsində sevinc bəxş etdi. Bizlər üçün ikinci bir bayram sevinci yaşatdı. Dövlət başçısına dərindən təşəkkürümü bildirirəm, sağ olsun prezidentimiz". Afiq Hüseynov deyib ki, bundan sonra yalnız qanunların imkan verdiyi çərçivədə fəaliyyət göstərəcək və  bir daha yolunu həbsxanaya salmayacaq: "Siz özünüz də həbsxanaya daxil olanda fikir verdinizsə, əraziyə daxil olan kimi adamı vahimə basır.  Təsəvvür edin ki, illərlə eyni şeyi görürsən, eyni simalarla rastlaşırsan. Fərqli bir şey yoxdur. Həsrətlər kameranın pəncərəsindən ətrafa baxır, bir gün azad olunacağını arzulayırsan. Sağ olsun cənab prezident bizim bu arzumuzu həyata keçirdi".

Dövlət başçısının imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Şünasif Əliyev də prezidentə atmış olduğu humanist addıma görə minnətdarlığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 5 iyul tarixli hökmü ilə məhkum edildiyini deyən Şünasif Əliyev hər kəsə azadlıq arzu edib: "Mənim üçün gözlənilməz oldu. Prezidentin imzaladığı əfv sərəncamında mənim də adımın olduğunu biləndə hansı hisslər keçirdim, onu təsəvvür etmək çətindir. Hələ də adam inana bilmir ki, azadlığa çıxıram. Bir daha dövlət başçısına təşəkkür edirəm. Çox sağ olsun ki. bu bayram ərəfəsində bizləri sevindirdi".

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 28 iyul tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş 1988-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Cavid Süleymanov da dövlət başçısının imzaladığı sərəncam əsasında əfv edilənlər sırasındadır. Buna görə prezidentə dərin təşəkkürünü bildirən Cavid Süleymanov bundan sonra sağlam həyata qədəm qoyacağını, cinayət əməllərindən uzaq olacağını bildirib. O, qeyd edib ki, dövlət başçısı onunla bərabər yüzlərlə insanı əfv etməklə böyük bir humanist addım atmış oldu.

Qeyd edək ki, kütləvi informasiya vasitələrinin təmsilçiləri, millət vəkilləri və vətəndaş cəmiyyətinin nümayəndələri digər cəzaçəkmə müəssisələrində də dövlət başçısının imzaladığı əfv sərəncamının icrasını yaxından müşayət ediblər.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31