Əfv sərəncamının icrası başa çatıb
17 Mart 2019 19:17 SiyasətMedia nümayəndələri sərəncamın icrası prosesində yaxından iştirak ediblər
Məlum olduğu kimi martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Martın 17-si səhər saatlarından etibarən sərəncamın icrasına başlanılıb.
"Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın icrasını yaxından izləmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə media nümayəndələri bir sıra cəzaçəkmə müəssisələrində olublar. "OLAYLAR"ın əməkdaşının da daxil olduğu jurnalistlərdən ibarət qrup əvvəlcə Bakının Qaradağ rayonundakı 13 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icra prosesi ilə yaxından tanış olub.
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, müəssisə rəisi Azər Hacıyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev də iştirak ediblər. Vüqar Abışov çıxış edərək bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsindən 42 nəfər azadlığa buraxılıb. Onların arasında Özbəkistan vətəndaşı Oybek Sadullayeviç Axmedov, Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Bayram Məmmədov da var. Dövlət başçısının hər zaman humanizm prinsiplərinə sadiq qaldığını deyən Vüqar Abışov əfv edilənləri təbrik edib, onlara bir daha cinayət törətməməyi tövsiyə edib. Sonra əfv olunaraq azadlığa buraxılanlara arayışlar təqdim olunub.
Daha sonra jurnalistlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində sərəncamın icrasını izləyiblər. Tədbirdə Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, hüquq müdafiəçisi Səadət Bənənyarlı də iştirak ediblər. 12 saylı müəssisədən isə 4 nəfər azadlığa buraxılıb. Onların arasında iki qardaş - Möhlət və Qeyrət Əliyevlər, həmçinin Nardaran hadisələrinə görə həbs olunmuş Ruzi İsmayılov da var.
Sonda media nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində olublar Jurnalistlər burada da sərəncamın icrası prosesini yaxından müşayət ediblər. Məlumat üçün qeyd edək ki, 8 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər azadlığa buraxılıb. Həmin şəxs Nardaran hadisələrinə görə həbs edilmiş Zülfüqar Mikayılovdur. O, 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunmuş və 17 il müddətinə azadlıqdan məhrum edilmişdi. Əfv olunaraq azadlığa buraxılan şəxsə arayış təqdim edilib.
Məlumat üçün qeyd edək ki, dövlət başçısının imzaladığı əfv sərəncamı ümumilikdə, 431 nəfərə şamil edilib.