Azərbaycandan Ermənistana keçən Elvin ruhi xəstə imiş - Rəsmi


Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barəsində məlumat yayılıb. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından  daxil olmuş məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari ilin mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanmışdır. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildirib.

Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olmuşdur ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31