İranla Qərbin münasibətləri gərgin atmosferə qədəm qoyur- TƏHLİL
13 Mart 2019 16:00 Siyasətİrana qarşı artan sanksiyalar bu ölkədə daxili siyasi gərginliyi getdikcə artırır. Sanksiyalar səbəbindən cənub qonşumuzda iqtisadi və sosial sahədə yaranan bir sıra problemlər hakimiyyətə qarşı etirazların artmasına səbəb olur. Hər nə qədər Tehran hakimiyyəti problemi həll etməyə çalışsa da, lakin Birləşmiş Ştatların sanksiyalarına əksər Qərb, Avropa dövlətlərinin də qoşulması Tehran üçün əməllicə başağrısına çevrilir. Vəziyyət o həddə çatıb ki, mərkəzi hakimiyyət daxilində belə parçalanmalar müşahidə edilir ki, bu da cənub qonşumuzun siyasi aqibətinin heç də ürəkaçan olmayacağından xəbər verir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, İranda hakim rejim arasında ciddi parçalanma davam edir. Politoloqun sözlərinə görə, Birləşmiş Ştatlar sanksiyalarının genişlənməsi, Avropa İttifaqıın İranla INSTEX adlanan xüsusi ticarət mexanizmini qurmasına baxmayaraq, bir çox şirkətlər Tehranla iqtisadi əməkdaşlıqdan çəkinir: "Qeyd edim ki, 2015-ci il də İranla "Altılıq ölkələri" arasında bağlanmış nüvə sazişi praktiki olaraq fəaliyyətini dayandırıb. Ötən ilin may ayında Birləşmiş Ştatların sazişdən çıxması və sanksiyaların tətbiq edilməsi Qərblə İran arasında siyasi münasibətləri gərginləşdirdi. Bu da İran siyasi elitasında mühafizəkarların hakmiyyətdə olan mötədillərə qarşı sərt çıxışlarına və təzyiqlərinə gətirmiş oldu". Məhəmməd Əsədullazadə deyib ki. mötədil prezident Həsən Ruhani və onun komandası hazırda ciddi təzyiqlərlə üzləşib: "Mühafizəkarlar dini lider Xomneyinin ətrafında birləşərək hakimiyyəti yenidən ələ almağa çalışır. Qeyd edim ki, bu prosesdə SEPAH öz siyasi imkanlarını genişləndirərək, öz namizədini prezident kürsüsünə hazırlayır. İranda SEPAH-ın siyasi elitada mövqeyi güclənərək, Ali dini liderin dəstəyi ilə öz namizədini prezident seçkilərində irəli sürə bilər. Növbəti seçkilərdə İran prezidentliyinə namizəd Yaxın Şərq əməliyyatlarını həyata keçirən SEPAH Qüds Briqadasının komandanı, dini liderin yaxın adamı və Birləşmiş Ştatlarla siyasi- hərbi müstəvidə çarpışmağa hazır olan Qasim Süleymanin üzərində dayanılması mümkündü. Qeyd edim ki, Bəşər Əsədin Tehran səfərini reallaşdıran SEPAH artıq hakimiyyətin siyasi qanadına iddianı ortaya qoydu. General Qasim Süleymani İranın Yaxın Şərqdə hərbi əməliyyatlarını uğurla davam etdirir və əsas söz sahiblərindən biridir. Kifayət qədər nüfuzu, qətiyyətli siyasi iradəsi onun İranın növbəti seçkilərdə prezidentliyə namizədliyi Xomneyi tərəfindən irəli sürülə bilər. İranda mühafizəkarlar hakmiyyətə gələrsə, Azərbaycanla siyasi münasibətləri korlayacaqlar, problemləri süni surətdə qabardacaqlar".
Mərkəz rəhbəri hesab edir ki, bir tərəfdən də Birləşmiş Ştatlar İranın neft ixracına embarqoları sərtləşdirir: "Bu da İranın daxilində islahatçılar arasında parçalanmaya, iqtisadi böhrana, etirazlara yol açacaq. İranda kimlərin hakmiyyətdə yiyılənməsinə baxmayaraq, xalq İranda dəyişikliklərə gedəcək".
Politoloq onu da istisna etməyib ki. İran İslam Respublikasında baş verəcək hər hansı bir prosesə regiona də təsir ötüşməyəcək: "Nəzər alsaq ki, İran bizim cənub qonşumuzdur, o zaman qonşu ölkədə cərəyan edən istənilən proseslərin Azərbaycana da təsiri olacaq. Ən azından İranda baş verəcək hər hansı zoşagəlməz hadisə bu ölkədə yaşayan milyonlarla soydaşımızın həyatına təsirsiz ötüşməyəcək. İranla Birləşmiş Ştatların. Qərbin münasibətlərinin hərbi əməliyyatlar müstəvisinə qədəm qoyması isə bu ölkədən çoxsaylı qaçqın ordusunun region ölkələrinə, o cümlədən Azərbaycana keçməsinə gətirib çıxara bilər. Heç şübhəsiz ki. bu da Azərbaycan üçün əlavə problemlərin meydana gəlməsi demək olacaq".
Ancaq indiki halda hələ ki, İranla hərbi əməliyyatları mümkünsüz hesab edən politoloq deyir ki, Birləşmiş Ştatlar və Qərb mümkün qədər İranı daxildən çökdürmək istəyir: "Adı çəkilən güc mərkəzlərinin başlıca istəyi ondan ibarətdir ki, İranda sadə xalq ayağa qalxsın və xalq kütlələrinin əli ilə rejim devrilməsi reallaşsın. Bununla da Qərbin, Birləşmiş Ştatların maraqlarına xidmət edən qüvvələr hakimiyyətə gəlsin".
Füzuli