“Birmənalı şəkildə münaqişənin formatı dəyişə bilməz”
12 Mart 2019 15:57 Siyasət"Məlum məsələ idi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri belə bir bəyanatla çıxış edəcəklər. Çünki bundan əvvəl Avropa İttifaqının da bir neçə yüksək rəsmiləri, Donald Tusk, Federika Mogerini Paşinyana bildiriblər ki, münaqişə ilə bağlı yenilik aparmaq və münaqişənin formatını dəyişmək lazım deyil. Ermənistan lideri tam şəkildə danışıqlar prosesi ilə məşğul olmalıdır".
Bu fikirləri politoloq Zaur Məmmədov ATƏT-in Minsk Qrupunun Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı bəyanatını şərh edərkən deyib.
O bildirib ki, birmənalı şəkildə münaqişənin formatı dəyişə bilməz: "Əgər Paşinyan münaqişə ilə məşğul olmaq istəmirsə onu açıq şəkildə deməlidir ki, mən münaqişə ilə məşğul olmaq istəmirəm. O zaman Azərbaycan öz torpağında anti-terror əməliyyatı keçirə, terrorçuları, işğalçıları ərazisindən çıxarmağı qarşısına məqsəd qoyar. Bu o deməkdir ki, məşğul olmasa münaqişə də bitəcək. Qarşıda Prezident İlham Əliyev və Paşinyan arasında görüş olacaq. Hesab edirəm ki, bu görüşdən sonra artıq daha konkret münaqişənin gələcəyi ilə bağlı hər hansı bir fikir söyləmək mümkün olacaq".
Qeyd edək ki, Avropa İttifaqının yüksək rəsmi nümayəndələrinin ardınca ATƏT-in Minsk qrupunun həmsədrləri də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşü ilə bağlı bəyanatında elan ediblər ki, Qarabağ məsələsi ilə bağlı danışıqların formatı dəyişdirilə bilməz.
azadinform