"Məqsəd ölkəmizin nüfuzuna zərbə vurmaqdır"

"Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr və qəbul olunmuş "qətnamə" qeyri-obyektiv və qərəzlidir. Bu tədbiri təşkil edənlər və onların arxasında dayananların anti-Azərbaycan qüvvələr olduğu da açıq şəkildə görünməkdədir". Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, millət vəkili Sevinc Fətəliyeva deyib.

Bəzi qüvvələrin Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışdığını deyən komitənin sədr müavini vurğulayıb ki, sənədin müəlliflərindən biri olan Avropa Parlamentinin üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harmsın məsələ ilə bağlı guya azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışması ilə bağlı yalan iddialar buna sübutdur: "Bütövlükdə, həmin dinləmələrə diqqət yetirdikdə bəlli olur ki, bu, erməni lobbisi və anti-Azərbaycan dairələrin sinxron fəaliyyətinin məhsuludur. Bu cür təxribatçı cəhdlər və manipulyasiya xarakterli səylər dəfələrlə qeydə alınıb və uğursuzluğa düçar olub. Məqsəd ölkəmizin nüfuzuna zərbə vurmaq, eləcə də Avropa İttifaqı ilə genişlənən münasibətlərə xələl gətirməkdir".

Azərbaycan müstəqil siyasət həyata keçirdiyini dilə gətirən S.Fətəliyeva qeyd edib ki, əgər həmin dairələr saxta iddialarla müstəqil siyasətimizə təsir edəcəklərini düşünürlərsə, tamamilə yanılırlar: "Əgər həqiqətən də Avropa Parlamentinin dinləmələrdə iştirak edən üzvləri üçün insan haqları amili önəmlidirsə, niyə onlar Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət yetirmirlər. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox insan doğma torpaqlarından didərgin düşüb. Avropa Parlamentində insan hüquqlarından danışanlar bu insanların haqlarının bərpa olunması istiqamətində addım atmalıdırlar".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31