Zimbabve prezidentinin Azərbaycan səfəri təsadüfi xarakter daşımır
Ceyhun Əhmədli: “Zimbabve prezidentinin ölkəmizə səfəri Azərbaycanın həm korrupsiyaya qarşı mübarizə təcrübəsindən, həm də iqtisadi inkişaf konsepsiyasından faydalanmaq məqsədi daşıyır”. Zeynal Əmrəliyev: “Zimbabve kimi uzaq ölkələrlə əməkdaşlığın qurulması Qarabağ məsələsinin həlli istiqamətində əhəmiyyətli məsələdir”
21 Yanvar 2019 14:03 SiyasətCeyhun Əhmədli: "Zimbabve prezidentinin ölkəmizə səfəri Azərbaycanın həm korrupsiyaya qarşı mübarizə təcrübəsindən, həm də iqtisadi inkişaf konsepsiyasından faydalanmaq məqsədi daşıyır".
Zeynal Əmrəliyev: "Zimbabve kimi uzaq ölkələrlə əməkdaşlığın qurulması Qarabağ məsələsinin həlli istiqamətində əhəmiyyətli məsələdir"
Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatıb. Olaylar.az səfərin ölkəmiz üçün əhəmiyyəti ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Siyasi ekspert Ceyhun Əhmədli bildirib ki, tarixdə ilk dəfədir Zimbabve prezidenti Azərbaycana səfər edir. Hətta mən bildiyim qədərilə, bu, Zimbave rəhbərləri tərəfindən regiona ilk səfər kimi tarixə düşüb: "Azərbaycan MDB məkanında iqtisadi inkişaf baxımından lider ölkələr sırasında yer alır. Zimbave isə əksinə daxildə sosial-iqtisadi böhranla üz-üzədir. Korrupsiya halları ölkədə idarəçiliyi mümkünsüz hala gətirib. Belə bir vəziyyətdə Zimbave prezidentinin ölkəmizə səfəri bir növ Azərbaycanın həm korrupsiyaya qarşı mübarizə təcrübəsindən, həm də iqtisadi inkişaf konsepsiyasından faydalanmaq məqsədi daşıyır.

Təsadüfi deyil ki, Zimbabve prezidenti "ASAN Xidmət" mərkəzinə baş çəkərək sistemin işləmə mexanizmi ilə şəxsən tanış olub. Bilirsiniz ki, hələ bir neçə il bundan əvvəl Afrika İttifaqının mərkəzi qərargahında "ASAN Xidmət" modelinin təqdimatı olub. Görünür, Zimbave rəhbərliyi bu modeli öz ölkələrində tətbiq etməkdə maraqlıdır. Bu, onu göstərir ki, Azərbaycan brendi olan "ASAN Xidmət" bütün dünyada böyük təqdir toplayıb".
Ekspert qeyd edib ki, Azərbaycan özünün karbohidrogen ehtiyatlarını səmərəli şəkildə istifadə etmək təcrübəsinə sahib ölkədir: "Bu gün həyata keçirdiyimiz geoiqtisadi layihələr vasitəsilə regionun enerji xəritəsini müəyyən edirik. Həmçinin, bu sahədən əldə etdiyimiz gəlirlər ölkəmizdə qeyri-neft sektorunun inkişafına şərait yaradıb. Son nəticədə isə siyasi iqtisadi sabitlik təmin edilməklə vətəndaşlarımızın rifahı yaxşılaşıb. Zimbave prezidentinin ölkəmizə səfərinin önəmli məqamlarından biri də budur. Zimbave dövləti hər zaman Azərbaycanın ərazi bötüvlüyü və suverenliyini dəstəkləmişdir. Bu amil Qoşulmama Hərəkatı çərçivəsindədaha çox hiss olunub".
Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev bildirib ki, son zamanlar Azərbaycanın dünya ölkələrində həyata keçirdiyi böyük investisya lahiyələri, yatırdığı sərmayələr beynalxalq aləmdə ölkəmizi diqqət mərkəzində saxlayır: "Bu isə digər dövlətlərin Azərbaycanla geniş iqtisadi və siyasi əməkdaşlıq qurmaq istəyini artırır. Bu minvalla Zimbabve prezidenti Emmerson Mnaqaqvanın səfəri xüsusi əhəmiyyət daşıyır. Son zamanlar dünya miqyasında apardığımız siyasətə nəzər yetirdikdə aydın sezmək olar ki, Azərbaycan artıq dünyanın istənilən uzaqlıqda yerləşən dövlətlərləri ilə də sıx münasibət qurur. Bu isə həmin ölkələrin respublikamızla olan münasibətlərə marağının artmasında mühüm rol oynayır".

Ekspert qeyd edib ki, Zimbabvenin dünyaya baxış bucağı uzun müddət fərqli olub, daima böyük dövlərlər olan ABŞ, İngiltərə və Fransa kimi ölkələrlə əməkdaşlığa məcbur olmuşdur: "Bu əməkdaşlıq isə onları çox zaman heç də ədalətli olmayan müqavilələr imzalamağa məcbur etmişdir. Ancaq bu ölkələrin bir çoxu şərqə baxış istiqamətini qəbul etdilər. Zimbabve 2006-cı ildə "Şərqə baxış" adlı dövlət proqramı qəbul edərək öz istiqamətini şərqə doğru apardı. Son zamanlar bu ölkənin İran,Çin və Türkiyə kimi şərqin böyük dövlətləri ilə əməkaşlığı güclənib. Əgər belə bir dövlət bizlə münasibətlərə maraq göstərirsə onunla əməkdaşlıqdan boyun qaçırmaq üçün heç bir səbəb yoxdur. Zimbabveni dərindən araşdırsaq görərik ki, adi bir ölkə deyil.Afrikanın strateji əhəmiyyətə malik olan cənubunda yerləşir,"Qoşulmama hərakatı"nın fəal üzvüdür, BMT-nin sülhməramlı missiyasının çox fəal iştirakçısı və ölkə ərazisi almaz yataqları ilə zəngin olan bir ölkədir.Təəssüflər olsun ki,ölkənin əvvəlki rəhbərliyinin də səfləri səbəbi ilə təbii sərvətlərindən yaxşı istifadə olunmamışdır".
Z.Əmrəliyev vurğulayıb ki, təsadüfi deyil ki, Ermənistanın əvvəlki rəhbərliyinin adı bir zamanlar Afrikada "briliant qaçaqmalçılığı"da hallanırdı.Ancaq Zimbabvedə hakimiyyət dəyişdi: "Yeni dövlət başçısı ikitərəfli və bərabər hüquqlu müqavilələrə çox önəm verir.Bu baxımdan bu səfər iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün olduqca əhəmiyyətlidir.Bu həm də Afrikanın digər ölkələrinin də ölkəmizlə münasibətlərə olan marağını artıracaq. Belə düşünürəm ki, Zimbabve kimi ölkələrlə əməkdaşlığın qurulması Qarabağ məsələsinin həlli istiqamətində əhəmiyyətli məsələdir".
Nigar Orucova