Avropa Parlamentinin erməni maraqlarına xidmət edən kağız parçası
Və ya Azərbaycana qarşı qərəz, böhtan üzərində hazırlanmış qətnamə
18 Yanvar 2019 15:42 SiyasətVə ya Azərbaycana qarşı qərəz, böhtan üzərində hazırlanmış qətnamə
Azərbaycan günümüzdə beynəlxalq birliyin tərkib hissəsi olaraq dünyada fəaliyyət göstərən təşkilat və qurumlarla qarşılıqlı faydalı şəkildə əməkdaşlığa xüsusi önəm verir, bu əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi iradə ortaya qoyur. Beynəlxalq təşkilat və qurumlara üzv olarkən dövlət olaraq üzərimizə götürdüyümüz öhdəliklərə yüksək səviyyədə əməl edilməsi, qanunvericlik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar yeni-yeni perspektivlər, imkanlar açır. Bu gün Azərbaycan Birləşmiş Millət Təşkilatları, Avropa Birliyi, Avropa Şurası və digər bu kimi beynəlxalq təşkilat və qurumlarla normal şəkildə əməkdaşlıq edir və bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazımı addımlar atır ki, rəsmi Bakının bu mövqeyi elə həmin təşkilat və qurumlar tərəfindən də dəstəklənir, təqdir olunur. Ancaq bəzi hallarda Azərbaycanın normal, qarşılıqlı faydalı əməkdaşlıq üçün ortaya qoyduğu siyasi iradənin əksinə olan yanaşmalar, münasibətlər müşahidə edirik ki, bu da dövlət olaraq bizdə ciddi narahatçılıq yaradır. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, beynəlxalq təşkilat və qurumlarla rəsmi Bakının yüksələn xətlə inkişaf edən əməkdaşlığı daha çox erməni lobbisini ciddi şəkildə narahat edir və erməni lobbisi bütün maliyyə mənbələrini səfərbər edərək Bakı ilə beynəlxalq təşkilat və qurumlar arasında ziddiyyətlər yaratmağa çalışır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir sıra hallarda erməni lobbisinin Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətinə Avropadakı bəzi siyasilər də dəstək verir, erməni maliyyəsi hesabına ölkəmiz əleyhinə kampaniya həyata keçirirlər. Bir qayda olaraq bu kimi siyasilər Avropa Parlamenti və Avropa Şurasında yer alırlar ki, onların da fəaliyyəti əsasən erməni lobbisinin maliyyə dəstəyi ilə antiAzərbaycan kampaniyası aparmaqdan ibarət olur. Necə ki, bu günlərdə Avropa Parlamentində Azərbaycanla bağlı aparılmış müzakirələr və Mehman Hüseynovla bağlı qəbul olunmuş qəttnamədə bunu aydın şəkildə görmək mümkündür. Tamamilə obyektivlikdən kənar və antiAzərbaycan mahiyyəti daşıyan həmin qətnamənin həmmüəlliflərinin fəaliyyət tarixçəsi də belə deməyə əsas verir ki, sözügedən sənəd sırf Azərbaycanın nüfuzuna xələl gəirmək, onu gözdən salmaq mahiyyəti daşıyır. Çünki qətnamənin həmmüəlliflərindən olan Rebekka Harms SOROS-un təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Sosial şəbəkədə SOROS-la çoxsaylı şəkilləri olan Rebekka Harms hər zaman özünün antiAzərbaycan mpvqeyi və münasibəti ilə seçilib. Azərbaycana qarşı nifrəti xroniki xarakter daşıyan Rebekka Harmsın həmmüəllifi olduğu qətnamədə yer alan fikirlərdən də aydın olur ki, bu şəxs qətnaməni hazırlayarkən ölkəmizdə olan mövcud vəziyyətlə bağlı tanış olmağa nəinki maraq göstərib, əksinə bütün məlumatları Azərbaycandan ona donos ötürən şəxslərdən əldə edib. Məsələn Rebekka Harms iddia edib ki, qətnamə hazırlanmadan əvvəl rəsmi Bakı ilə təmas yaratmağa çalışıb, ancaq onun bu cəhdinə reaksiya verilməyib. Ancaq reallıq ondan ibarətdir ki, Avropa Parlamentində keçirilən təcili dinləmələr ilə bağlı adıçəkilən qurum tərəfindən nə Milli Məclisə, nə Azərbaycanın Xarici İşlər Nazirliyinə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciət daxil olmayıb.
Yaxud qətnamədə yer alan başqa bir məqama diqqət çəkək. Müzakirələrdə çıxış edən Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstrom öz nitqində Avropa İttifaqının məsələni yaxından izlədiyini və Azərbaycan Hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb. O, qeyd edib ki, Avropa İttifaqının diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o guya Mehman Hüseynov aclıq aksiyasını dayandırıb. Halbuki Mehman Hüseynovun aclıq aksiyası keçirməsi barədə qətnamədə yer alan fikirlər kökündən yalnışdır və Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyi Pentensiar Xidmnət tərəfindən açıqlanıb. Eyni zamanda Mehman Hüseynov özü də aclıq aksiyası keçirmədiyini KİV-ə ünvanladığı müraciətdə bildirib. Təkcə elə bu faktdan bəlli olur ki, Avropa Parılamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamə nə dərəcədə "obyektivdir". Bu fikirlər qətnamənin Azərbaycana qarşı düşmənçilik və qərəz üzərində hazırlandığını söyləməyə əsas verir. Əgər Avropa Parlamenti, xüsusilə orada təmsil olunan antiAzərbaycan qüvvələr Azərbaycana qarşı düşmən mövqedə olmasaydılar, onların hazırladıqları bu və ya digər hesabatlarda heç olmasa bir dəfə də olsun erməni təcavüzü nəticəsində öz ev-eşiklərindən didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkündən bəhs edilərdi.
Avropa Parlamentində qəbul edilən antiAzərbaycan qətnamənin ilk olaraq erməni mediasında işıqlandırılması da onu deməyə əsas verir ki, qətnamə məhz erməni lobbisinin sifarişi əsasında hazırlanıb. Əslində bunun bir gerçəklik olduğu hər kəsə bəllidir. Təsadüfi deyil ki, hələ 4 il əvvəl, 2015-ci il, sentyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşündə və keçirdiyi birgə mətbuat konfransında AP-dəki antiAzərbaycan qüvvələri düzgün şəkildə xarakterizə etmişdi. Həmin ərəfədə də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməni dövlət başçısı belə şərh etmişdi: "Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan ilə bağlı qətnamə qəbul edib. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər, bizi şantaj ediblər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz". Dövlət başçısı o zaman haqlı olaraq bildirmişdi ki, Avropa Parlamentinin qətnaməsi kağız parçasından başqa bir şey deyil: "Əfsuslar olsun ki, bu gün Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıbdır. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin. Bizim üçün, bir Prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Əlbəttə ki, bunu pisləyirəm, ancaq bu qətnamə bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz".
S.İsmayılbəyli