Əli Kərimlinin “lider prinsipiallığı”- Gənclər həbsə, doğmalar Londona

Yaxşıdırsa, bəs öz övladları niyə aclıq aksiyasına qoşulmur?

"Yurd" sədri Əli Kərimli növbəti mitinqə hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi aksiya yenə "Məhsul" stadionunda keçiriləcək. Aksiyanın əsas tələbi "Siyasi məhbuslara azadlıq"dır. Əli Kərimlini aksiya keçirməyə ürəkləndirən bloqqer Mehman Hüseynov ətrafında yaradılan ajiotaj oldu. Qeyd edək ki, həbsxanada baş vermiş insidentə görə Mehman Hüseynovun  həbs müddətinin yenidən uzadılma ehtimalı və istintaq aparılması xəbərləri var. Bloqqer də buna etiraz olaraq aclığa başlamış, yayılan, amma rəsmi şəkildə təkzib olunan məlumatlara görə, digər məhbuslar da bu aksiyaya qoşulmuşdu. Yeni müxalifət təşkilatlarının, Qarabağ Komitəsinin siyasi aktivliyi fonunda küncə sıxışdırılmış Əli Kərimlinin rəhbərlik etdiyi qurumlar ("Yurd", Milli Şura) üçün bu aksiya bir "xilas balonu", nəfəslik oldu. 

Ölkənin tanınmış hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti təmsilçiləri Sahib Məmmədov, Səadət Bənəniyarlı,  Əliməmməd Nuriyev və Rauf Zeyni həbsxanaya gedərək bloqqerlə görüşdü. Bu görüşdə Mehman Hüseynov aksiyanı dayandırdığını bildirdi. Buna baxmayaraq, onun bayırdakı  "ideya babaları" Əli Kərimli və Xədicə İsmayıl "aclıq aksiyası" ajiotajını davam etdirdilər. Məqsəd beynəlxalq təşkilatların diqqətini çəkmək, 19 yanvar mitinqinin daha izdihamlı keçməsini təmin etmək idi. Mitinqdə çox adamın iştirakını təmin etmək üçün Əli Kərimli "arayış biznesi" ilə bağlı piar kampaniyasını da işə saldı. 

Qənimət Zahidin "Turan" internet televiziyasının "Sözarası" proqramında çıxışında da "Yurd" lideri bunu açıqca qeyd etdi. Əli Kərimlinin "Son 10 ildə müxalifət adına ən izdihamlı aksiyanı Milli Şura keçirib", "Beynəlxalq təşkilatlar yalnız Milli Şuranın keçirdiyi aksiyalarda təzyiqə məruz qalanların adlarını siyahıya daxil edib" fikirləri yalnız buna hesablanıb. "Yurd" lideri demək istəyirdi ki, 19 yanvar Avropaya getmək istəyən saxta mühacirlər üçün sezonun açılışı, bir fürsətdir. Başqa sözlə,  Avropaya getmək istəyən 19 yanvarda "Məhsul" stadionuna gedərək, orada şəkil çəkdirsin. 

Əli Kərimli bu aksiyanı "demokratik mübarizə" adlandırır. Ancaq bu adamın keçmişinə nəzər salaraq demokratiyanın heç bir hərfindən də xəbərdar olmadığını hamımız bilirik. Əli Kərimli zamanında AXCP-də yaratdığı "Yurd" şəbəkəsinin köməyi ilə hətta Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi, demokratik hərəkatın öndə gedən insanlarını qaralayır, onları cəmiyyətin gözündən salmağa çalışırdı. "Yurd" qrupunun AXCP daxilində çıxardığı hoqqaları 90-ların nə hərəkatçıları, nə jurnalistlər unudub. O zaman bütün mitinqlərin önündə Elçibəyin sadiq silahdaşları gedir, Əli Kərimlinin adamları saat 18.00-ə qədər "müxalifətçi" olur, axşam saatlarında pullu deputatların, məmurların eyş-işrət məclislərinə qatılır, onlardan təlimat alırdılar. O zaman da həbsxanaya yalnız Elçibəyin tərəfdarları düşür, Əli Kərimli və dostları isə mandatla mükafatlandırılırdı. Əli Kərimlinin xisləti bu gün də dəyişməyib. Adam utanmadan gənclərin arxasında gizlənir, onları qızışdırıb oda atır. "Aksiya həbsxanada aclıq keçirən Qiyas, Bayram, Orxan Baxış, Fikrət Fərəməzoğlu, Rəşad Ramazanov üçündür", "Elnur Fərəcov bizim üçün savaşır", "Bu fədakar gəncləri mübarizəyə heç kim vadar etmir", "Bu gənclər həbsxayana sevərək gedirlər", "Onlar mübarizə adamıdır, həbslər bizi qorxutmur",- deyir Əli Kərimli. Ancaq bütün bu müddət  ərzində özü və  ailə üzvlərini bircə dəfə də aclıq aksiyasında, həbsdə görmədik.  "Yurd" liderinin övladları İngiltərənin ən bahalı universitetlərində təhsil alır. Ona sədaqətli qohumları xaricdə məskunlaşıb. "Heç yerdə işləməyən Əli Kərimli onların təhsil haqqını necə ödəyir?",- deyə soruşmuruq. Bir dəfə soruşdular, çox gülünc bir cavab verdi: "2 otaqlı evimizi satdıq, təhsil haqqını verdik". Əli Kərimlinin 2 otaqlı sovetlərdən qalan evi 80 min manatdır. Oğlunun Londonda təhsil haqqı isə ilə 100 min manatdan çoxdur. 

Yeri gəlmişkən, "free Mehman" aksiyasına Avropada yaşayan bəzi soydaşlarımız da qoşulub. Əli Kərimli səmimi lider olsaydı, onun övladları da cavan canını "Yurd" liderinin yolunda çürüdən gənclərə qoşulardılar. Əli Kərimli bəzən özünü Mixail Saakaşviliyə, Nikol Paşinyana və digər Soros inqilablarının rəhbərlərinə bənzədir. Bir şeyi unudur ki, bütün inqilab liderləri daşıdıqları ideyalara candan bağlıdır, ailə üzvlərini, övladlarını belə bu yola qurban verməyə hazır olublar. 

İran-İraq müharibəsi zamanı Təbrizin imam-cümələrindən biri cümə namazında gənclərə müraciət edib: "Ay camaat, vətən dardadır, gəlin yığışaq, GEDİN müharibəyə". Əli Kərimlinin indiki mövqeyi həmin imam-cümənin yanaşmasından seçilmir. "Mehman"Görünür bu dəfə qurban mənəm. Qoy, mən qurban gedim, amma mübarizəmiz qalib gəlsin",- deməklə xalqın qəhrəmanına çevrildi"- bunu da Əli Kərimli deyir. Gəncləri ehtizaza gətirib oda atmağın başqa adı ola bilməz. Yaxşı, həbsə girməyə ürək etmir, bəs aclığa niyə başlamır? Hər halda Əli Kərimli sadə müxalifətçilərdən fərqli olaraq kalorili, keyfiyyətli qidalar yeyir, içkilər içir. Onun orqanizmi  3 gün aclıq etməyə imkan verər. Niyə etmir? Çünki buna ehtiyac duymur. Ona qurbanlar lazımdır. 

Siyasi hazırlıqsız, təcrübəsiz gənclərin timsalında  bu qurbanları tapıb. "Yurd" gənclərin heysiyyatı, emosiyaları ilə oynayıb  onları qarşıdurmaya sürükləyir. Çünki onların taleyini düşünmür. Fəal gənclərin həbsə düşməsi "Yurd" liderinin işinə gəlir, qrant bazarını, "mühacir biznesi"ni çiçəkləndirir. Tutdurduğu gəncləri Əli Kərimli sona qədər müdafiə də etmir. Çünki onlar Əli Kərimliyə donor təşkilatlarına göndərdiyi hesabatlar üçün lazımdır. 

Elman
Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31