Növbə Rusiyanındır, Azərbaycanın təşəbbüsü inkişaf etdirilir
17 Yanvar 2019 13:46 SiyasətÜçtərəfli əməkdaşlıq formatı bölgədə təhlükəsizliyin təmin olunmasına töhvə verə bilər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və İranla üçtərəfli sammitin hazırlıq işlərinə başladığını bəyan edib. Məlumata görə, 2018-ci ilin nəticələrinə həsr olunmuş mətbuat konfransında Sergey Lavrov bildirib ki, artıq bu prosesə başlanılıb."Üçtərəfli sammitin keçirilməsi növbəsi bizdədir. Biz, belə bir sammiti hazırlayırıq və mən sizi inandırıram ki, bu baş tutacaq". Xatırladaq ki, hazırda dünyada ayrı-ayrı dövlətlər üçün kifayət qədər risk təhlükəsi mövcuddur. Paralel olaraq müxtəlif dövlətlərə qarşı qərəzli şəkildə təhdidlər edilir. Sirr deyil ki, kifayət qədər mürəkkəb siyasi düzənə malik şəraitdə dövlətlər bu kimi sınaqlardan təkbaşına çıxmaqda çətinlik çəkirlər. Hətta bəzi hallarda bir dövlət kimi məhv olmaq təhlükəsilə üzləşirlər. Məhz bu baxımdan Azərbaycan hesab edir ki, yalnız birlik, sıx əməkdaşlıq, qarşılıqlı etimad şəraitində müasir dövrün çağırışlarına, mövcud olan risk və təhdidlərə qarşı effektli siyasət yürütmək olar. Məhz bu kimi amilləri nəzərə alan Azərbaycan qonşu dövlətlərlə yeni əməkdaşlıq formatının yaradılması təşəbbüsü ilə çıxış edib. Buna misal olaraq Azərbaycan-İran-Rusiya formatı, hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatlarını qeyd etmək olar. Azərbaycan, İran və Rusiya prezidentlərinin 2016-ci il avqustun 8-də baş tutan Zirvə görüşü və Bakı bəyənnaməsinin imzalanması yeni əməkdaşlıq formatının əsasını qoyan hadisə kimi tarixə düşüb.
O da faktdır ki, yeni əməkdaşlıq formatının təşəbbüskarı və təşkilatçısı Azərbaycan Respublikasıdır. Məhz Azərbaycan prezidenti İlham Əliyevin ciddi səyi nəticəsində Bakı daha bir Zirvə görüşünə ev sahibliyi etdi. Etiraf edilməlidir ki, Rusiya və İran prezidentləri də Azərbaycanın bu təşəbbüsünü yüksək qiymətləndiriblər. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin üçtərəfli görüş zamanı həmkarı İlham Əliyevə xitabən qeyd etmişdi ki, "üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var". Artıq qətiyyətlə demək olar ki, Azərbaycan yeni formatın əsas təşəbbüskarı və mərkəzi fiqurudur. Məlumat üçün qeyd edək ki, Azərbaycan ilk dəfə deyil ki, yeni bir formatın yaradılması təşəbbüsü ilə çıxış edir. İlk baxışda ölkəmizi belə təşəbbüsdə bulunmaqda qınayanlar olsa da, sonradan təşəbbüsün qiymətləndirilməsi zamanı Azərbaycanın haqlı olduğu təsdiqlənib. Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq bir neçə üçtərəfli formatın təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın təklif etdiyi formatlar hərbi birlik statusuna malik deyil, heç bir dövlətə qarşı yönəlməyib. Əksinə, yeni yaradılan Azərbaycan-İran-Rusiya formatı, hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir. Onu da qeyd edək ki, Azərbaycan sözügedən formatların yaradılması təşəbbüsünü təsadüfən irəli sürməyib.Yaradılacaq formatların gələcək fəaliyyəti, imkanları, əhəmiyyəti və sair kimi amilləri ölçülüb-biçildikdən sonra təşəbbüs halına gətirilib. Bu baxımdan demək mümkündür ki, Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir.
Birmənalı şəkildə qeyd etmək olar ki, yeni format regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Qeyd edək ki, üç region dövləti arasında yeni əməkdaşlıq formatının yaradılması üçün kifayət qədər zəmin var. Bu əsaslar millətlər və xalqlar arasındakı tarixi dostluq və mehribançılıq telləri, ölkələr arasında isə qarşılıqlı anlaşma və etimad mühitinin mövcudluğunu əhatə edir. Ölkələrin siyasi və iqtisadi baxışları, eləcə də coğrafi mövqeləri də belə bir formatın yaradılmasını zəruri edib. Hazırda hər üç ölkə bir-biri ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Azərbaycanın həm İran, həm də Rusiya ilə dostluq əlaqələri son illərdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bundan başqa, İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər. Daha dəqiq, bu gün sözügedən dövlətlər regional və beynəlxalq əməkdalıq şəraitində yaşayırlar. Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Azərbaycan dəfələrlə region dövlətlərlə beynəlxalq sahədə əməkdaşlığını öz əməli fəaliyyəti ilə təsdiqləyib. Xatırladaq ki, Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib. Bununla Azərbaycan bir daha göstərmişdir ki, beynəlxalq hüquq normalarına, ədalətə və ölkənin milli maraqlarına əsaslanan müstəqil siyasət aparır.
Ümumilkidə qeyd etmək olar ki, Ermənistan istisna olmaqla qonşularla yaxın əlaqələr Azərbaycanın milli maraqlarına tam cavab verir. Azərbaycanın mövqeyinin qarşılığı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşdıqlarını dəfəlrlə rəsmi şəkildə ifadə ediblər. Hər iki ölkə Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan edib. Ekspertlər hesab edirlər ki, sözügedən üztərəfli format Daqlıq Qarabağ probleminin ədalətli həllinə müsbət töhvə verməklə yanaşı, ölkələr arasında və regionda iqtisadi əməkdaşlığı daha da gücləndirəcək, ticarət dövriyyəsinin artmasına, qarşılıqlı sərmayə qoyuluşuna, ixrac imkanlarının genişləndirilməsinə, maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın güclənməsinə müsbət təsir göstərəcək, bu istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Bu format həm də humanitar əlaqələrin inkişafına pozitiv təsirini göstərəcək, xalqlar arasında mədəni əlaqələrin inkişafına, multikulturalizmin təşviqinə yeni imkanlar açacaqdır. Sadalanan faktlar deməyə əsas verir ki, günü-gündən inkişaf edən və beynəlxalq nüfuzu artan Azərbaycan regionda sabitləşdirici rol oynayır. Öz təşəbbüsləri ilə beynəlxalq sülhə və təhlükəsiliyə misli görünməmiş töhvələr verir. Bütün bunlar Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, qətiyyətli və prinsipial siyasətin təntənəsi kimi qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, siyasi analitiklər hesab edirlər ki, bu format geniş miqyas almış və dünya dövlətləri üçün təhlükəyə çevrilmiş bir sıra problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər.
Nurlan