İslam Avropanı necə yaratdı və bu gün necə dəyişir?

İslam Avropanı necə yaratdı?

Robert D. Kaplan "Avropanın Kölgəsində: İki Soyuq Müharibə və Rumıniyanın Daxilinə və Xaricinə 30 İllik Səyahət" kitabının müəllifi və "Atlantik" jurnalının redaktorudur.

Antik dövrün sonlarında din Aralıq dənizi dünyasını iki hissəyə böldü. İndi isə o, qitəni təzədən dəyişdirir.

Avropa əsasən İslamla təyin olunurdu. Və indi İslam onu yenidən təyin edir.

Erkən və orta antik dövrdə əsrlər boyunca Avropa deyiləndə Aralıq dənizini və yaxud romalıların "Mare Nostrum" ("Bizim Dəniz") adlandırdıqları dənizi əhatə edən ərazilər ağla gəlirdi. Buraya Şimali Afrika da daxil idi. Əslində 4-cü əsrdə Müqəddəs Avqustinin yaşadığı Afrikanın şimalı, indiki Əlcəzair, İtaliya və Yunanıstan qədər Xristianlığın mərkəzi idi. Lakin yeddinci və səkkizinci əsrlərdə İslamın Şimali Afrikada təşəbbüsü sürətlə ələ keçirməsi, faktiki olaraq bölgədə Xristianlığın kökünün kəsilməsiylə nəticələndi. Beləliklə, Aralıq bölgəsi iki sivilizasiyaya parçalandı. İndi "Orta dəniz" birləşdirici güc olmaq əvəzinə, iki sivilizasiya arasında qalın sərhəd idi. O zamandan bəri ispan filosof Xose Orteqa Qassetin müşahidə elədiyi kimi, "Avropa tarixi bütünlükdə şimal istiqamətinə köç kimi yadda qaldı".

Roma imperiyasının süqutundan sonra, həmin şimala doğru miqrasiya Alman xaqlarıyla - qotlar, vandallar, franklar və lombardlarla üz-üzə gəldi. Bu həmin xalqlar idi ki, çox sonralar yenidən kəşf ediləcək Yunan və Romanın klassik irsi əsasında Qərb sivilizasiyasının təməl prinsiplərini şəkilləndirəcəkdilər. Müasir Avropa dövlət sisteminin təşəkkül tapmasına isə hələ bundan sonra da bir çox əsrlər lazım olacaqdı. Feodalizmin mütləqiyyətdən uzaqlaşması çox astagəl proses idi, amma onun fərdiyyətçilik istiqamətində qarşılıqlı razılıq əsasında işləyən alver prinsipi nəhayətdə erkən müasir imperiyaları, sonra da zamanla millətçiliyi və demokratiyanı meydana gətirdi. Bu yol boyunca ortaya çıxan yeni azadlıqlar isə Maarifçiliyin təşnə tapmasına imkan verdi. Bütün bunları xülasə edərkən, demək mümkündür ki, "Qərb" İslamın Aralıq dünyasını ikiyə bölməsindən sonra, Şimali Avropada hər nə qədər astagəl və əziyyətli proses olsa da ortaya çıxan bir sistem idi.

İslam dünyasına sərt senzura necə gəldi - Əl-Fərabi

Bununla belə, İslam Avropanı coğrafi baxımdan təyin etməkdən daha artığını etdi. Britaniyalı tarixçi Denis Hey 1957-ci ildə çap etdirdiyi dolaşıq, amma möhtəşəm "Avropa: İdeyanın meydana gəlməsi" kitabında göstərir ki, Avropa həmrəyliyi İslama qarşı "labüd müxalifət" olan Xristian evi konseptiylə (nümunə kimi "Roland haqqında nəğmə" göstərilir) başlamış və sonda Xaç yürüşləri ilə məntiqi sonluğuna çatmışdı. Elm adamı Edvard Said bu fikri biraz da uzağa apardı, o, 1978-ci ildə nəşr edilən "Oriyentalizm" kitabında yazırdı ki, İslam Avropaya nəyə qarşı olduğunu göstərməklə, Avropanı mədəni cəhətdən təyin edirdi. Başqa sözlə, Avropanın həmin o kimliyi əsas etibarilə onun periferiyasındakı Müsəlman Ərəb dünyasından özünü üstün hesab etməsinin üzərində qurulmuşdu. İmperializm bu təkamülün yekun ifadəsi oldu: Napaleondan başlayaraq erkən modern Avropa, Yaxın Şərqi fəth etdi, sonra nəsə gözəl, heyratamiz, ən əsası isə geridəqalmış kimi səciyyələndirdiyi İslam sivilizasiyasını öyrənməkdən ötrü elm adamlarını və diplomatları oraya göndərdi.

Müstəmləkə sonrası dövrdə Avropanın özünü mədəni cəhətdən üstün hiss etməsi Şimali Afrikadakı və Levantdakı (Aralıq dənizinin qərbindəki regionlar) yeni polis dövlətləri ilə öz əksini tapırdı. Öz xalqlarını təhlükəsiz sərhədlər daxilində - bu sərhədlər elə avropalı müstəmləkəçilər tərəfindən cızılmışdı - əsir saxlayan bu diktaturalara istinad etməklə, avropalılar ərəblərə insan haqları barədə dastanlar danışır, bir qram da narahat olmurdular ki, özlərinin yaratdıqları bu diktatura eksperimentləri böyük miqrasiyaya səbəb ola bilər. Ərəblərdə xüsusilə insan haqları olmadığına görə, avropalılar özlərini onlardan üstün bilir və onlardan qorunmalı olduqlarını düşünürdülər.

Avropa necə belə zəngin oldu?

Və indi İslam bir zamanlar yaradılmasına vadar etdiyi şeyi indi dağılmağa vadar edir. Klassik coğrafiya bunu təbii surətdə yenidən təsdiq edir, belə ki, terrorçuluq və insan köçü Şimali Afrika və Levant daxil olmaqla, yenidən Aralıq dənizi hövzəsində Avropa ilə birləşir. Qitə əlbəttə ki, əvvəllər başqa qrupları da özünə hopdurub. Faktiki olaraq Avropa şərqdən gələn demoqrafik püskürmələrdən hədsiz təsirlənib: orta əsrlərdə çox sayda slavyanlar və maqyarlar Avrasiyanın daxili dərinliklərindən mərkəzi və şərqi Avropaya köç ediblər. Amma bu xalqlar xristianlığı qəbul eləmiş və sonralar (şimaldakı Polşadan tutmuş cənubdakı Bolqarıstana qədər) təkamül edən Avropanın daxilində nə qədər qanlı olsa da, uzlaşan bir siyasət qura bilmişdilər. Fransaya köç edən əlcəzairli işçi miqrantlar kimi Soyuq Müharibə dövründə Almaniyaya köç edən türk və kürd işçi miqrantlar da hazırkı köçdən fərqli olaraq, nəzarət edilməsi mümkün dalğa kimi özünü göstərib.

Bu gün xristian olmaq arzusunda olmayan yüzminlərlə müsəlman isə iqtisadi cəhətdən dayanıqlı Avropa dövlətlərinə axın edir, kövrək ictimai sabitliyi pozmaqla təhdid edirlər. Avropanın yuxarı zümrələri onillər boyunca dini və etnik təsir qüvvələrini inkar edən idealist ritorikadan istifadə ediblər, amma bunlar elə məhz həmin təsir qüvvələridir ki, Avropa dövlətlərinin daxildə həmrəylik yaratmışdı.

Bununla belə, müharibə və dövlətin çöküşüylə tətiklənən yeni köç dalğası imperiya mərkəzləri və onların keçmiş müstəmləkələri arasındakı fərqləri aradan qaldırır. Bir mədəniyyətin digər mədəniyyəti ələ keçirərək ağalıq etməsindən keçən oriyentalizm, Səidin əvvəlcədən intiusiya ilə duyduğu kimi kosmopolit qarşılıqlı münasibətlər və qarşılaşdırmalı araşdırmalar dünyasında yavaş-yavaş buxarlanır. Avropa bir vaxtlar hökmranlıq etdiyi sivilizasiyadan gələn təhdidlərə süni ifrat sağ və sol milli-mədəni kimlikləri rekonstruksiya etməklə cavab verir.

Amma tarixin sonu ideyasının (bütün etnik və ərazi disputları ilə birgə) sadəcə bir fantaziya olduğu üzə çıxsa da, bu, milliyətçiliyə sığınmaq üçün bəhanə olmamalıdır. Çünki artıq insanlar arasında qarşılıqlı əlaqələrin gücləndiyi bir dünyada müsəlman-qaçqın axınıyla üzləşən Avropanın can atdığı mədəni saflıq sadəcə olaraq mümkün deyil.

Əsl Vyana döyüşü - Nə üçün İslam və Xristianlıq arasında döyüş deyildi?

"Qərb"in coğrafiyasının hüdudlarından kənarda bir mənası varsa, bu, daha geniş bir liberalizm ruhunu özündə ehtiva etməlidir. Necə ki, 19-cu əsrdə feodalizmə qayıtmaq imkanı yoxuydu, indiki dövrdə də artıq millətçiliyə qayıtmaq üçün imkan yoxdur, əks təqdirdə fəlakət qaçılmaz olacaq. Görkəmli rus intellektual Aleksandr Gerstsenin dediyi kimi: "Tarix geriyə qayıtmır... Bütün yenidənqurmalar, yenidənbərpalar həmişə maskaraddan başqa bir şey olmayıb".

Ortaya çıxan sual budur: "Sivilizasiya mənasında Romanı nə əvəz edə bilər?" Səidin göstərdiyi kimi, bu imperiyanın əlbəttə, şeytani xüsusiyyətləri vardı, amma onun nəhəng multi-etnik ərazilərdəki idarəçilik qabiliyyəti Aralıq ətrafında elə bir həll yolu tapmışdı ki, indi bu həll yolu artıq mövcud deyil.

Avropa isə indi İslam dünyası ilə dinamik şəkildə bütünləşmək üçün Avropanın şimalında formalaşan hüququn aliliyinə əsaslanan sistemə (burada fərdi hüquqlar və nümayəndəlilik ehtiyaclar iyerarxiyasında hər şeydən əvvəl gəlirlər) sədaqətini pozmadan başqa bir yol tapmaq məcburiyyətindədir. Əgər o, universal dəyərlər istiqamətində təkamül edə bilməsə, ortaya ancaq kəmağıl ideologiyalar çıxacaq, lənətli millətçilik isə yaranan boşluğu dolduracaq. Bu da nəticə etibarilə, Avropada "Qərb"in sonunun bir əlaməti olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31