İBRAHİM XANIN QATİLİ LİSANEVİÇİN ÖLDÜRÜLMƏSİ

Nazir Əhmədli

İbrahim xanın qatili Lisaneviçin öldürülməsi haqqında mətbuatda yayılan səhv məlumatları nəzərə alaraq, məsələyə aydınlıq gətirmək məqsədilə. hazırda çapda olan "Cavad xanın qəbri haradadır?" adlı məqaləmdən uyğun hissəni bölüşmək qərarına gəldim.

1806-cı il iyun ayının 12-də İbrahim xanı ailəsi ilə gülləbaran edən mayor Lianeviç 1825-ci ildə Şimali Qavqazda general-leytenant rütbəsində qulluq edirdi. Həmin illər Şimali Qafqazda müridizm hərəkatının vüsət aldığı illər idi. 1825-ci ildə Çeçenistanda Bəybulatın rəhbərliyi ilə üsyan baş verdi. Üsyançılar Əmirhacıyurddakı rus qarnizonunu ‒ 43-cü yeqer polkunu məhv etdilər. Aksay şəhərinin kumık sakinləri oz rəisləri Musa Xasayevə itaətsizlik göstərib Bəybulata qarşı vuruşmaqdan imtina etdilər və onların çoxu Bəybulatın tərəfinə keçdilər. Üsyançılar Gerzel aulundakı rus qarnizonunu mühasirəyə aldılar və burada 5 gün şiddətli döyüşlər getdi. Qarnizonun mühasirədə olduğu haqqında xəbər alan general Lisaneviç və general Qrekov ona köməyə gəldi və qarnizonu xilas etdilər. Hər iki tərəfdən böyük itkilər verilmişdi.
Bütün qulluğu dövründə həddindən artıq qəddarlığı və qaniçənliyi ilə seçilən general Lisaneviç dağlılara dərs vermək və gözlərinin odunu almaq üçün iyulun 18-də Gerzel aulunun və ətraf kənlərin əli silah tutan bütün kumık əhalisini, 318 adamı meydana toplayıb üsyançıların verilməsini onlardan tələb etdi. Burada üsyançılara rəğbəti olanlardan başqa, neytral mövqeli adamlar, hətta Rusiya tərəfdarları da var idi. O, meydana toplaşanları ağır sözlərlə söyüb hədələyirdi. Türk dilində sərbəst danışdığına görə qumıklarla tərcüməçinin köməyi olmadan davranırdı. Sonra cibindən çıxartdığı siyahıda adları göstərilənlərin irəli çıxmasını əmr etdi. Lisaneviç onları həbs etmək və cəzalandırmaq istəyirdi. Adı çağrılanlardan 2 nəfər hətta irəli çıxmışdı. Lakin ağ çalmalı, yaşıl əbalı, kəmərinə xəncər taxan məğrur baxışlı Molla Uçar irəli çıxmadı. Lisaneviç onun adını təkrar oxusa da Molla Uçar yenə irəli çıxmadı. Hadisəni təsvir edən tarixçi V.Potto yazır ki, hadisə tərcüməçi Sokolov onun qolundan yapışıb irəli çıxartmaq üçün cəhd edəndə baş verdi, lakin başqa mənbələrə görə quduz Lisaneviç Molla Uçarı şillə ilə vurduqda Molla Uçar xəncərini çəkib onun sinəsinə soxdu. Uçar Lisaneviçə kömək üçün irəli atılan general Qrekova da 2 xəncər zərbəsi yetirib öldürdü. Satqın Musa Xasayevi də öldürmək istərkən, Uçarı qılınc zərbəsi ilə yaralayıb güllə ilə öldürdülər. Hələ sağ olan Lisaneviç əsgərlərə hamının öldürülməsini əmr etdi. Əsgərlər qapıları bağlayıb hamını, silahsız və heç bir günahı olmayan bu insanları, gözlərinə görünənləri, o cümlədən 3 gürcünü və bir neçə kazakı da öldürdülər. Heç kim sağ qurtarmadı.
Yaralanmış Lisaneviçi Qroznıya qospitala apardılar, amma bir neçə gündən sonra öldü. Uçarın xəncəri onun ağ ciyərini deşib keçmişdi.
Lisaneviç 1804-cü ildə Gəncə qalasının alınmasının fəal iştirakçısı olmuş və orada da günahsız və silahsız insanların qanını axıtmışdı. 1815-ci ildə Qafqazı tərk edən Lisaneviç 1825-ci ilin martında yenidən Qafqaza göndərilmiş, amma burada Ali baş komandan olan başqa bir qəddar general ‒ Yermolov tərəfindən soyuq qarşılanmışdı. Lisaneviç ölümqabağı polkovnik Soroçanla Yermolova bir ismarış göndərmişdi: "Yermolova deyin ki, mən kasıb adamam, hökmdarıma 30 il qulluq etdim, amma sərvət toplamadım, yetim qalan uşaqlarımı və arvadımı taleyin ümidinə buraxmasın, onda rahat ölə bilərəm". 
Lisaneviç Molla Uçarın xəncərindən 1825-ci il iyul ayının 18-də aldığı ölümcül yaradan 6 gün əzablar içərisində qovrularaq öldü. Bu zaman 48 yaşında idi.
(Mənbə: 1.В.А.Потто. Кавкаская война В очерках, эпизодах, легендах и биографиях. Ермоловское время. Т.2. Изд.2-ое, С.Пб, 1887, стр.154-165.; 2.Дж.Баддели.Завоевание Кавказа рускими. 1720-1860. Москва:2013, стр.123-124)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31