İdarəetmənin daha çevik üsullarla həyata keçirilməsi zərurəti yaranıb
Bu, idarəetmə sistemindəki paralelliyi və təkrarçılığı aradan qaldıracaq
16 Yanvar 2019 13:53 SiyasətBu, idarəetmə sistemindəki paralelliyi və təkrarçılığı aradan qaldıracaq
Müasir dünyada dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların tərkib hissəsi kimi qəbul olunur. Çünki idarəetmə sahəsində islahatların qaçılmaz, eyni zamanda həssas cəhəti optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir. Paralel olaraq inzibati-ərazi idarəetmə formalarının tətbiq edilməsi günün aktual məsələsinə çevrilib. Azərbaycanda da idarəetmə strukturlarında təkmilləşdirmənin aparılması zərurətə çevrilib. Məhz bu məqsədlə dövlət başçısının müvafiq sərəncamları ilə bir sıra dövlət qurumları ləğv edilərək daha çevik strukturlarla əvəzlənib. Əslində bu ölkədə ardıcıl olaraq həyata keçirilən islahatların tərkibi kimi qəbul edilməlidir. Prezident İlham Əliyev dəfələrlə bu islahatların aparılmasının zəruriliyini qeyd edib. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev yeni islahat istiqamətləri barədə danışarkən qeyd edib ki, ölkədə struktur islahatı gözlənilir: "Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər."
Qeyd edək ki, bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur. Belə halda idarəetmənin daha çevik üsullarla həyata keçirilməsi zərurəti yaranır. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən struktur islahatları da idarəetmə sisteminin təkmilləşməsinə xidmət edir. Bu islahatlar nəticəsində idarəetmə sistemindəki paralelliyin və təkrarçılığın aradan qaldırılması, dinamikli, mobilli, daha çevik, operativ idarəçilik mexanizminin formalaşması həyata keçirilir. Nəzərə almaq lazımdır ki, bəzi qurumlar bir çox halda bir-birinin fəaliyyətini təkrarlayır ki, bu da həm mürəkkəb strukturun formalaşmasına, həm də bürokratiyaya səbəb olur. Xatırladaq ki, 2016-cı ilin 26 sentyabr tarixində keçirilən referendumdan sonra bu əngəllərin aradan qaldırılması, daha təkmil struktur mexanizminin yaradılması istiqamətində mühüm addımlar atıldı. Belə addımlardan biri kimi Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsini göstərmək olar. O da sirr deyil ki, daim inkişaf və tərəqqi yolunu tutan ölkədə müxtəlif sahələrdə islahatlar aparılmasa, yeniliklərin əldə edilməsi prosesi zəifləyər və nəticədə qarşıya qoyulmuş məqsədlər reallaşdırılmamış qalar. Məhz bu məqsədlə, dövlətimizin başçısı tərəfindən yanvarın 14-də struktur islahatları ilə bağlı verdiyi mühüm qərarı bütövlükdə xalqın və dövlətin daha yüksək, dinamik inkişaf xətti tutmasına stimul verəcək. Onu da qeyd etmək yerinə düşərdi ki, bənzər islahatlar daha öncələr də həyata keçirilib və əbəs deyil ki, Azərbaycan dövləti beynəlxalq arenada dünyanın ən islahatçı ölkəsi olaraq dəyərləndirilməkdədir. O cümlədən, bunun nəticəsidir ki, reallaşdırılmış islahatlar nəticəsində Azərbaycanın sosial-iqtisadi və s. sahələrdə əldə etdiyi nailiyyətlərin hər biri sözügedən amilə əsaslanmaqdadır. Xatırladaq ki, əhalisi təxminən 10 milyon ətrafında olan kiçik bir dövlət olmasına baxmayaraq Azərbaycanda onlarla nazirlik və təqribən bir o qədər də komitə, xidmət və sair baş idarələr var.Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən dövlət idarəçiliyi sahəsində çalışanların say göstəriciləri normal hesab oluna biləcək ölkələrlə müqayisədə yüksəkdir. Belə vəziyyət, xüsusən indiki mərhələdə həm idarəetmə sisteminin səmərəli fəaliyyətinə mane olur, həm inhisarçılıq, korrupsiya, kölgə iqtisadiyatı və s. mənbələrindən biri kimi çıxış edir, həm də maliyyə baxımından büdcə üçün çox ağır bir yükdür.
Siyasi ekspertlərin qənaətinə görə, struktur və kadr islhatlarının real nəticələri dövlət idarəetmə sisiteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına,ölkənin sosial-iqtisadi inkiafının sürətlənmsinə və əhalinin güzəranını yaxşılaşdırılmasına verilən töhfəyə yönəlik meyarlarla ölçülməlidir. Hazırda Azərbaycannın qarşısında duran ən mühüm vəzifələrdən biri neft-qaz sahəsinin üstün inkişafına əsaslanan iqtisadi inkişaf modelindən insan inkişafının prioritet təşkil etdiyi və tədricən dominantlığına əsaslanan innovasiyalı inkişaf madelinə keçid prosesesini maksimum sürətləndirməkdən ibarətdir. Bu baxımdan Prezidentin imzaladığı fərman çox əhəmiyyətli addımdır. Ona görə ki, struktur islahatları həyata keçirilməklə daha çevik hökumət qurulur ki, bu da Azərbaycanda iqtisadi islahatları aparmaq üçün normal şərait yaratmağa xidmət edir. Digər tərəfdən, dövlət idarəetmə və tənzimlmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən "çevik və kiçik hökumət"modelinə keçilməsinə ehtiyac var. Sadalanan amillər ölkədə struktur islahatlarının davamlı olacağını deməyə əsas verir.
Nurlan