İlham Əliyev: “Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur: danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında aparılmalıdır və aparılır”
Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırdı.
15 Yanvar 2019 12:33 SiyasətPrezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı, həmçinin xarici siyasətdə, beynəlxalq müstəvidə əldə edilən uğurlardan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın qətiyyətli mövqeyindən, prinsipial siyasətindən bəhs etdi. Dövlətimizin başçısı keçən il Ermənistanda böyük dəyişikliklərin baş verdiyini, iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqut etdiyini də vurğuladı: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur".
Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, Azərbaycan hakimiyyəti ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində öz prinsipial siyasətini ardıcıl olaraq davam etdirir və bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna bilər. Deputat bildirib ki, dövlət başçısının çıxışında qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu: "Bütün dünya bildi ki, Ermənistanda Sarkisyan, Koçaryan kimiləri Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş bir cinayətkar qruplaşmadır. Nəhayət, Ermənistan cəmiyyəti də dözməyərək onları tarixin arxivinə atdı və əminəm ki, məhkəmələr də qurulacaq və onlar Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verəcəklər". B.Əliyev vurğulayıb ki, Azərbaycanın apardığı uğurlu siyasət Ermənistanı təcrid vəziyyətinə salıb: "Ermənistanın iqtisadiyyatı da, siyasəti də çöküb və onların yeganə çıxış yolu ondan ibarətdir ki, erməni işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxsın. Yalnız bundan sonra bəlkə Ermənistanın bir şansı, çıxış yolu ola bilər. Onların gələcək taleyi Azərbaycan dövlətindən asılıdır. Ermənistan bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşıdır". Millət vəkili qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sürətlə inkişaf edir, dayanıqlı iqtisadiyyata malikdir, bütün ölkələrlə faydalı münasibətlər qurub: "Azərbaycan erməni işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlar üçün öz vəsaiti hesabına gözəl mənzillər tikir, onların sosial vəziyyəti yaxşılaşdırılır, iş yerləri ilə təmin olunur. Dövlətimizin başçısı da çıxışında bildirdi ki, 2019-cu ildə də məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görüləcək və bunun üçün vəsait ayrılıb. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işləri məcburi köçkünlər daim alqışlayırlar, öz minnətdarlıqlarını bildirirlər". Millət vəkili, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Ermənistanı 20 il ərzində idarə etmiş kriminal, hərbi xunta rejiminin çökməsi bir sıra məqamlara yenidən aydınlıq gətirmiş oldu: "Əvvəla, bu, Azərbaycanın Ermənistanı regionda bütün geostrateji layihələrdən təcrid etmək siyasətinin nəticəsi və Ermənistanın işğalçılıq siyasətinin iflası idi. Ermənistan regionun lider dövləti olan, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən bütün layihələrdən kənarda qalıb. Bütün diplomatik cəbhələrdə uduzmaqda davam edən bu ölkənin bölgədə təcrid vəziyyəti getdikcə dərinləşir. Ona görə də Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Digər məqam ondan ibarətdir ki, işğalçı ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Sarkisyan rejiminin tərəfdarları seçki baryerini belə aşa bilmədilər. Bu, vaxtilə Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu, Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəldiyini bir daha göstərdi, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların ikili standartlar siyasətini ifşa etmiş oldu. Avropa Parlamenti, Avropa Şurası kimi demokratik dəyərlərdən, ədalətdən danışan qurumlar isə ikili standartlara söykənərək obyektiv münasibət ortaya qoymamışdılar. Həmin qurumlarda təmsil olunan azərbaycanlı deputatlar dəfələrlə bu barədə məsələ qaldırmışdılar, lakin sözügedən təşkilatlar Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmirdilər. Bu, ikili standartlara əsaslanan qeyri-obyektiv yanaşmanın bariz ifadəsi idi. Eyni zamanda, bu, sözügedən təsisatların erməni lobbisindən çirkli maliyyə almasının, Sarkisyan rejiminin yürütdüyü "konyak diplomatiyası" vasitəsilə müşahidə missiyalarının, müvafiq institutların ələ alınmasının nəticəsi idi. Yəni, işğalçı Ermənistana rəhbərlik edən kriminal rejim rüşvət vasitəsilə bir sıra siyasətçiləri satın alaraq seçki saxtakarlıqlarına, digər antidemokratik proseslərə görə tənqid və qınaq obyektinə çevrilməkdən xilas olmuşdular. Bu, qeyri-leqal və korrupsioner fəaliyyətin, işbirliyinin göstəricisidir. O səbəbdən bu məsələ müvafiq beynəlxalq təsisatlar tərəfindən ciddi şəkildə araşdırılmalı, kriminal rejimə öz dəstəyini vermiş "siyasətçi"lər məsuliyyətə cəlb edilməlidirlər".
Nurlan