"ABŞ və region dövlətləri ilə əlaqələrimizi genişləndiririk" - Millət vəkili
14 Yanvar 2019 17:40 Siyasət"Azərbaycanın xarici siyasət strategiyası qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir".
Bunu millət vəkili Asim Mollazadə deyib.
Parlament üzvü bildirib ki, rəsmi Bakı dünyanın bütün ölkələri, o cümlədən Qərbin nüfuzlu birlikləri ilə yaxın münasibətlər qurur, hərtərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir:
"Azərbaycanın digər dövlətlərlə münasibətləri qarşılıqlı maraqlara söykənir və bu istiqamətdə daim öz siyasətimizi formalaşdırırıq. O cümlədən, Avropa Birliyi ölkələri ilə enerji və humanitar sahədə əlaqələr genişlənir. Bugün Avropa ölkələri Azərbaycanın ticarət dövriyyəsində ən əsas tərəfdaşlar sayılır.
Ona görə də çalışırıq ki, Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığı daha da inkişaf etsin. Bununla yanaşı, həm ABŞ, həm də region dövlətləri ilə əlaqələrimizi genişləndiririk və bu sayədə mühüm strateji layihələrimizi həyata keçiririk. Məhz əksər dövlətlərin bu layihələrdə maraqlı olması həm layihələrin uğurlu alınmasına əsas yaradır, həm də qarşılıqlı əlaqələri inkişaf etdirir".
Qeyd edək ki, yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı keçən il xarici siyasət sahəsində mühüm uğurların olduğunu vurğulayıb. Bəyan edib ki, keçən il xarici ölkələrə 16 səfər edib və Azərbaycana 16 dövlət və hökumət başçısı gəlib: "Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir".
sherg.az