"Zaxarovanın "ifa etdiyi mahnının sözləri və musiqisi" Lavrova məxsusdur" - Deputat
14 Yanvar 2019 17:58 Siyasət"Rusiya və Azərbaycanın, o cümlədən iki dövlət liderlərinin münasibətlərinin yaxşı olması təkcə Ermənistanda deyil, həmçinin Rusiya daxilində də bəzi rəsmilər və qeyri-rəsmilər tərəfindən narahatlıqla qarşılanır".
Bunu millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, Rusiyadakı həmin dairələr yenidən su bulandırma əməliyyatına əl atıblar:
"Təbii ki, belə kiçik olaylar Moskva-Bakı əlaqələrində heç bir problem və gərginlik yaratmayacaq. Ancaq bir məqamı xüsusilə vurğulamaq istəyirəm və sözümə görə məsuliyyəti özüm daşıyıram. Xanım Zaxarova ancaq mətni oxuyandır. Səsləndirdiyi fikirlər və bəyanatların müəllifi o deyil. İfa etdiyi mahnının sözləri və musiqisi Rusiyanın xarici işlər naziri Sergey Lavrov-Kələntərova məxsusdur. Lavrov özü də fəxrlə etiraf edir ki, onun damarında erməni qanı axır.
Göründüyü kimi bu məsələdə açıq erməni təəssübkeşliyi var. Rusiyada yüz minlərlə erməni yaşayır. Reallıq odur ki, Ermənistanla Azərbaycan müharibə vəziyyətindədir. Torpaqlarımız erməni quldurları tərəfindən işğal olunub.

Təbii olaraq öz dövlətimizin və xalqımızın təhlükəsizliyini təmin etməliyik. Sərhədimizi keçən hər kəsin kimliyinə baxmalıyıq. Başqa necə davranmalıyıq ki?! Sərhədlərimizi açıq tutaraq Rusiyadan, Fransadan, ABŞ-dan və dünyanın başqa dövlətlərindən gələn ermənilərin Azərbaycana toplaşmasını gözləməliyik?".
Parlament üzvü bəyan edib ki, ermənilərin bütün tarixi terrorla, soyqırımlarla cinayətlərlə bağlıdır. İşğalçı bir xalqın nümayəndələri hər yerdə çaxnaşma yaradır, qətllər törədirlər:
"Ermənilərin ölkəmizə sərbəst giriş-çıxışını təmin edə bilmərik. Azərbaycan suveren və müstəqil dövlətdir, eyni zamanda Ermənistanla müharibə vəziyyətindədir. Hansı ölkənin vətəndaşı olur-olsun, sərhədlərimizi keçməyə çalışan bütün şəxslərin kimliyi dəqiqliklə müəyyən olunmalıdır. Buna görə heç kim rəsmi Bakının qarşısında şərt qoya bilməz. Avropa Oyunlarında, NATO-nun tədbirlərində, Qara Dəniz Əməkdaşlıq Təşkilatının toplantılarında dəfələrlə Ermənistan vətəndaşı olan ermənilər Azərbaycana səfər ediblər. Onlara burada nəsə deyən olubmu? Lavrov da, Zaxarova da bunun şahididir. Lakin bu o anlama gəlmir ki, istənilən erməni istənilən vaxt ölkəmizə ayaq basa, ağlına gələni edə bilər. Bu, dövlətimizin, vətəndaşlarımızın təhlükəsizliyinə ciddi problem yaradar".
E.Məmmədov xüsusi olaraq bir məqamı da diqqətə çatdırıb:
"Əgər Rusiya öz vətəndaşı olan ermənilərin qeydinə qalırsa, o zaman digər bir vətəndaşı, Qarabağda girov saxlanılan Dilqəm Əsgərov barəsində niyə etirazını, narahatlığını ifadə etmir?! Halbuki Dilqəm hansısa dövlətin sərhədini də pozmayıb, öz Vətəninin torpaqlarında ermənilər tərəfindən girov götürülüb. Rusiya rəsmiləri zəhmət çəkib Dilqəmlə də maraqlansınlar. Təəssüflər olsun ki, bu məsələdə də ikili standartlar özünü göstərir".
sherg.az