Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Bu əməkdaşlığı xarici siyasət orqanları deyil, ölkə prezidentləri müəyyən edir
14 Yanvar 2019 14:05 SiyasətBu əməkdaşlığı xarici siyasət orqanları deyil, ölkə prezidentləri müəyyən edir
Azərbaycanla Rusiya arasında münasibətlər uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə yaxınlaşdırır. İki dövlət arasındakı əlaqələr həm də dostluq və əməkdaşlığa əsaslanır. Çox təəssüf ki, Rusiyada bəzi qüvvələr iki ölkə arasındakı əlaqələrin inkişafında maraqlı deyil, üstəlik mövcud əməkdaşlığa zərbə vurmaq yolu tutub. Təəssüf hissi doğuran amil ondan ibarətdir ki, bu niyyətdə olanlara Rusiyanın xarici siyasətini müəyyən edən dövlət orqanında da rəst gəlinir. Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. Belə şəxslərdən biri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadır ki, dəfələrlə "xanım" siyasətçi iki ölkə arasındakı münasibətlərə xələlə gətirən bəyənatların müəllifi kimi tanınır. M.Zaxarova Rusiya-Azərbaycan münasibətlərinə kölgə sala biləcək açıqlamaları ilə kifayətlənməyərək açıq-aşkar şəkildə Ermənistanın maraqlarından çıxış etməkdən belə çəkinmir. Bu dəfə də Rusiya XİN-in sözçüsü heç bir siyasi əhəmiyyət kəsb etməyən "ürək bulandıran" açıqlaması ilə gündəmə gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirilən ənənəvi brifinqdə Azərbaycanın ünvanına əsassız fikirlər səsləndirib. Bildirib ki, erməni mənşəli Rusiya vətəndaşları Azərbaycana buraxılmır və xanım diplomat bunu Rusiya vətəndaşlarının hüquqlarının pozulması kimi qiymətləndirib.
Əvvala onu qeyd edək ki, xanım siyasətçinin bu açıqlamasının heç bir əsası yoxdur. Çünki bu fikirlər heç bir konkret fakta əsaslanmır. Azərbaycan nəinki Avropa ölkələri, eləcə də Rusiya Federasiyasının vətəndaşları üçün hər zaman açıq ölkə olub. Nəzərə almaq lazımdır ki, bu məsələ Azrbaycanın marağındadır. Ona görə ki, ölkəmizə gələn istənilən əcnəbi vətəndaşı Azərbaycanda gedən inkişafın şahidi olur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri mənimsəyir, millətin qonaqpərvərliyini öz gözləri ilə gördükdə ermənilərin beynəlxalq aləmdə xalqımız barədə yaratdıqları "vəhşilik" sindroma sınmış olur. Odur ki, xanım siyasətçi fikir söyləməzdən əvvəl statistik məlumatları nəzərdən keçirsəydi daha yaxşı olardı. Xatırladaq ki, təkcə 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun göstərilən məsələlər ilə bağlı şikayət olunmayıb. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Qeyd etmək istərdik ki, səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb. Bu arada, xanım siyasətçiyə xatırladaq ki, Azərbaycan müstəqil dövlət kimi hansı ölkənin vətəndaşını respublika ərazisinə daxil olmağa icazə verməkdə sərbəstdir. Bu kimi qərarlar ölkənin milli qanunvericiliyi və beynəlxalq sənədlərlə tənzimlənir, Mariya Zaxarovanın istəyi ilə yox. Ortaya maraqlı bir sual çıxır: nədən Rusiya vətəndaşları Azərbaycanın işğal altında ölan ərazisinə qanunsuz səfər edəndə M.Zaxarova öz vətəndaşlarını qanunlarımıza hörmət etməyə dəvət etmirdi, indi ermənilərin təəssübkeşi kimi çıxış edir? Halbuku Zaxarova bilməmiş deyil ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi BMT Təhlükəsizlik Şurasının 1993-cu il tarixli məlum 4 qətnaməsində (822, 853, 874 və 884) işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunan qətnamələrə səs verib. Görünür, bu kimi məsələlərdə Zaxarovanın şəxsi ambissiyaları dövlət maraqlarını üstələyir.
Onu da xatırladaq ki, Azərbaycan beynəlxalq aləmdə multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir. Digər tərəfdən, Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisi fəaliyyət göstərir. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar. Dövlətlər arasındakı bu fərqli görməyən, yaxud görmək istəməyən siyasətçinin açılqması təbii ki, reallıqdan uzaq, şəxsi təxayülünün məhsulindan başqa bir şey deyil.
Bütün sadalananlara baxmayaraq nə M.Zaxarovanın, nə də ki, digər anti-Azərbaycan qüvvələrinin bu kimi açıqlamaları Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz. Çünki, Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir. Xatırladaq ki, təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər. Həmin görüşlər çərçivəsində beynəlxalq və regionlararası əməkdaşlıq və təhlükəsizlik mövzuları ətrafdında fikir mübariləsi aparılıb. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunu xatırlatmaq kifayətdir ki, hər dəfə iclaslarda siyasi, iqtisadi, humanitar sahələri əhatə edən çoxsaylı məsələlər müzakirə edilir. Dövlət başçılarının səyi nəticəsində ölkələr arasında iqtisadi əlaqələr də ən yüksək səviyyəyə çatıb. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Bu isə onu göstərir ki, dövlət başçıları arasında müntəzəm əlaqələr çox möhkəm siyasi-iqtisadi bazaya əsaslanır. Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu baxımdan demək olar ki, Mariya Zaxarova əsassız bəyanatı iki ölkə arasındakı strateji münasibətləri zədələyə bilər.
Zəka