Kremlin Paşinyana siyasi təzyiqləri nəyə hesablanıb?

Köçəryan Nikol üçün problemə çevrilir

Köçəryan Nikol üçün problemə çevrilir

Bir ilə yaxındır ki, Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan nəinki daxili və xarici siyasət sahəsində heç bir uğura imza ata bilməyib. əksinə sələfləri dövründə İrəvanın müttəfiqləri ilə olan normal münasibətlərini də korlaylb. Vəziyyət o həddə çatıb ki. hətta Ermənistanın ağası hesab edilən Rusiya da tədricən ondan üz döndərir. Təbii ki. bütün bunlar inqilabçı baş nazir Nikol Paşinyanın uğursuz xarici siyasət kursu yürütməsi ilə əlaqədardır. Ölkəsinin ayaqda qalmasının əsas səbəbkarı olan Rusiyaya dirəniş göstərmək, Kremlin adamı kimi tanınan erməni siyasilərin təqib olunması, bununla paralel olaraq Qərbə meyillənən siyasətin yürüdülməsi artıq qarşı tərəfi də İrəvana qarşı adekvat addımlar atmaq məcburiyyətində qoyub. Belə ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryana son vaxtlar Rusiyadan göstərilən dəstək, rusiyalı siyasilərin Ermənistana səfərləri zamanı Köçəryanla da görüşlər keçirməsi belə deməyə əsas verir. Erməni ekspertlər isə hesab edirlər ki, bütün bu proseslər Kremldən Paşinyana yönəlik siyasi təzyiq formasıdır. Əgər Paşinyan Kremlin təzyiqlərindən nəticə çıxarmasa, o zaman Ermənistan yeni bir inqilabla baş-başa qalacaq və bu dəfə hakimiyyətə sabiq prezident Robert Köçəryan gətirələcək. Təsadüfi deyil ki, azərbaycanlı ekspertlər də bunu istisna etmirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Nikol Paşinyan Ermənistanda inqilab yolu ilə hakimiyyətə gəldi. Onun sözlərinə görə, Moskvanın isə inqilablardan xoşu gəlmir: "Kremlin bölgədə, istər Gürcüstan, istərsə də Ukraynada baş verən bütün "rəngli inqilablara" münasibəti mənfidir. Ona görə də Kreml ilk gündən Nikol Paşinyana şübhə ilə yanaşdı. Doğrudur, Nikol Paşinyan il ərzində bir neçə dəfə Rusiyaya səfər etdi və bu ölkənin prezidenti Vladimir Putinlə görüşdü. Buna baxmayaraq, iki ölkə arasındakı münasibətlərdə problemlər qalır".

Poltoloq bildirib ki, Nikol Paşinyan Ermənistanda "Qarabağ klanı"nın 20 illik hakimiyyətinə son qoydu: "Dekabrda Ermənistanda parlament seçkisinin nəticələrinə görə "Qarabağ klanı" hətta parlamentdən kənarda qaldı. Bu faktor da Kremlin xoşuna gəlmədi. Bundan başqa, Ermənistanın eks-prezidenti Robert Köçəryan həbsxanadadır və məhkəməsi olacaq. Bu da Kremli narahat edən faktordur. Çünki Robert Köçəryan Putinin ən yaxın dostlarından biridir. Vladimir Putin düşünürdü ki, Nikol Paşinyan Robert Köçəryanı həbsdən azad edəcək. Ancaq Nikol Paşinyan belə bir addım atmadı. Bu, Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyana münasibətini daha da sərtləşdirdi. Belə bir təsəvvür yarandı ki, Paşinyan Vladimir Putini saymır. Vladimir Putin isə onunla hesablaşmayanda qəzəbli olur. Nikol Paşinyan Robert Köçəryan məsələsində geri addım atmağı düşünmür. Çünki Nikol Paşinyan hesab edir ki, Rpbert Köçəryan azadlıqda olsa, Ermənistan hakimiyyətinə qarşı qiyam qaldıracaq. Yəni Paşinyan Putinə görə Köçəryanı həbsdən azad etməyi düşünmür".

Mərkəz rəhbərinin sözlərinə görə, Robert Köçəryan keçmiş prezident Serj Sərkisyandan güclü fiqurdur: "Robert Köçəryanın həm Dağlıq Qarabağda, həm də Ermənistan ordusunda tərəfdarları var. Ona görə də Robert Köçəryanı həbsdə saxlamaq Nikol Paşinyan üçün daha məqbuldur. Azadlıqda olan Robert Köçəryan Ermənistanı qarışdıra bilər". Bəs bu halda Vladimir Putin niyə Robert  Köçrəyanı dəstəkləyir? Elxan Şahinoğlu deyir ki. ən vacib suallardan biri budur: "Çünki həm Robert Köçəryan, həm də Vladimir Putin eyni düşüncəli insanlardır. Köçəryan separatçıdır, Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımının planlaşdırılmasında iştirak edib. Vladimir Putinin isə separatçılara simpatiyası var. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlamasının əsas təşəbbüskarı Vladimir Putin idi. Müharibənin nəticəsi olaraq Rusiya Abxaziya və Cənubi Osetiya separatçılarının "müstəqilliklərini" tanıdı. Vladimir Putin daha sonra Krımı ilhaq etdi, Donbas separatçılarına dəstək verdi. Ona görə də Vladimir Putinin Robert Köçəryanla dostluğu anlaşılandır. İkisi də eyni siyasətə üstünlük verir.

Putin-Köçəryan dostuluğu bir çox mətləblərdən xəbər verir: Birincisi, Putin Köçəryanla dostluq edərkən Rusiya prezidenti "Qarabağ klanı"nın Azərbaycan torpaqlarını işğal siyasətinə dəstək verir. İkincisi, Putinin Paşinyanla münasibətləri normal olmasa da, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllində maraqlı deyil. Çünki Putinin Ermənistandakı dostları işğalın davamını istəyirlər. Putin düşünür ki, bir gün Ermənistandakı dostları yenidən hakimiyyətə gələcəklər.

Üçüncüsü, Köçəryanın dostu olan şəxs Azərbaycanla dostluqda səmimi ola bilməz. İşğalçı və azərbaycanlıların soyqırımını törədən erməninin dostu eyni zamanda Azərbaycanın dostu ola bilməz. Bu deyilənlər Rusiya xarici işlər naziri Sergey Lavrova və XİN mətbuat katibi Mariya Zaxarovaya da aiddir. Onlar nə qədər Bakıya gəlib Azərbaycan haqqında xoş sözlər desələr də, Putin kimi qəlbən ermənilərin dostudurlar. Moskvanın erməni separatçılarına tarixi rəğbəti bununla bağlıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31