Deputat: "Ermənistanın dəyişkən siyasəti Rusiyanı qəzəbləndirib"
10 Yanvar 2019 18:21 Siyasət"Ermənistan iqtisadiyyatı boş quyu kimidir, su tökülsə də, dolmur".
Bunu Ermənistandaki vəziyyəti dəyərləndirərkən millət vəkili Rüfət Quliyev bildirib.
Onun sözlərinə görə, işğalçı ölkədəki siyasi vəziyyət inkişafda olan bir ölkə üçün tamam yaddır:
"Ermənistanın baş naziri Nikol Paşinyanın fikri Serj Sarkisiyan və onun klanı tərəfindən qazanılan, korrupsiya yolu ilə əldə edilən pulları geri qaytarmaqdır. Burada da söhbət milyardlarla vəsaitdən gedir. Elə onların arasında gərginliyi yaradan amillərdən biri də budur. İqtisadi nöqteyi nəzərdən N. Paşinyan və onun kamandasında olan insanlar həmin vəsaiti mənimsəmək istəyirlər.
Təbii ki, bu da Ermənistanı iqtisadi çətinlik məngənəsindən xilas etməyəcək. Eyni zamanda Ermənistanı idarə edən qüvvələr Rusiyadan ayrılaraq onlara iqtisadi cəhətdən daha yaxşı şərtlər təklif edən Qərblə yaxınlaşmaq istəyir. İşğalçı ölkənin bütün bu maraqları məhz əhaliyə verilən və edilməyən vədlərin bir qismini gerçələşdirməkdir. Amma bunun da effekt verəcəyinə inanmıram.
Çünki hazırda xaricdən Ermənistana dəstək göstərən erməni diasporası yardımlarını 4-5 dəfə azaldıb. İşğalçı ölkə əhalisinin əksəriyyətinin maddi vəziyyəti pisdir. Buna görə də hakimiyyət nümayəndəsi Qərbə yaxınlaşamaqla kasıb insanların vəziyyətinin düzəlməyinə ümid edir. Lakin artıq Ermənistana inam azalıb. Çünki bilirlərki, separatçı ölkəyə göndərilən milyardlarla pul hakimiyyət nümayəndələri tərəfindən mənimsənilir. Digər tərəfdən hər hansısa bir dövlətin rəhbər şəxsi yeniləndikdə gözlənilir ki, həmin ölkədə bəzi məsələlər həll olunacaq, mövcud mühit yenilənəcən. Hazırda bu fikirlər Ermənistana da aid edilir. Amma inanmıram ki, işğalçı ölkədə vəziyyət düzəlsin".
Parlamentarinin fikrincə, Ermənistanı bu acınacaqlı vəziyyətə salan əsas amil türk dövlətlərinin ərazisini işğal etməyi, onlarla sərhəd zonasında gərginliyi artırmağıdır:
"Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə heç bir şəkildə münasibətdə deyil. Çünki separatçı ölkə Azərbaycanın ərazisini işğal altında saxlayır. Bu məqamda Azərbaycanın atdığı addım da tam normaldır. Bundan əlavə hazırda Ermənistanın heç bir resursu yoxdur. Olanları da Sarkisiyan və onun "klan"ı yeyib. Son vaxtlar Ermənistanın xarici borcları artıb. Lakin yenə də ölkə borc almaq üçün ora -bura qaçır. Bütün bunların ağırlığını erməni xalqı, gəncləri çəkəcək. Çünki götürülən borclar qaytarılmalıdır. İndiki Ermənistan iqtisadiyyatı bu borcu qaytaracaq gücdə deyil. Ermənistan siyasəti Qərblə Rusiya arasında qərarlaşır. N.Paşinyan gah deyir Rusiyanın yanındayıq, gah da Qərbə əl atmaq istəyir. Bütün bunlar da rus politoloqların narazılıqlarına səbəb olur. Onlar hesab edirlər ki, Ermənistan Rusiya üçün sona qadər müttəfiq ola bilməz. Fikrimcə, bu məsələlərdən dolayı gələcəkdə Ermənistanla Rusiyanın münasibətləri gərginləşəcək".
R.Quliyev onu da bəyan edib ki, bəzən N.Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə etdiyini, nə dediyini heç özü də bilmir:
"Onun qondarma rejimin rəhbəri Bako Saakyana təzyiqlərini və münaqişənin həlli üçün danışıqlar prosesini ləngitməsini absurd hesab edirəm. Xatırladım ki, bir neçə il bundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyənlərdən biri də N.Paşinyan idi. Amma indi tamam başqa məzmunda çıxış edir. Artıq N.Paşinyanın sərsəm bəyanatları, əhaliyə verdiyi saxta vədləri ifşa olunur. Hazırda hər kəs ondan söz, vəd yox, əməl, hərəkət gözləyir. Ermənistanın baş naziri əhaliyə verdiyi vədləri yerinə yetirməsə, bundan sonrakı inqilab daha da dəhşətli olacaq. Həmçinin son vaxtlar Ermənistanın dəyişkən siyasətinin Rusiyanın qəzəbinə səbəb olacağı gözlənilən idi.
Belə də oldu. Rusiya Ermənistana ixrac etdiyi qazın qiymətini qaldırdı. Təbii ki, bu qiymət artımının arxasındakı əsas faktor iqtisadi yox, siyasi amildir. Sparatçı ölkə son vaxtlar İranla birlikdə müəyyən oyunlar qurmağa çalışır. Lakin gözləmirəm ki, İran siyasi və iqtisadi çətinliklərindən dolayı Ermənistanın istəklərini dəstəkləsin. N.Paşinyan və ətrafındakılar ölkədən müəyyən qədər kapital müsadirə edəndən sonra sakitçə siyasi arenadan uzaqlaşmaq istəyəcəklər. Amma inanmıram ki, erməni xalqı buna imkan versin".
sherg.az